Lənkəranda şok olay: Qadınla dalaşan kişiyə irad tutdu, qardaşı ona dəhşət yaşatdı — Təfərrüat

KRİMİNAL 29 apr 2020, 11:01

Lənkəran şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Umid Əzimzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Umid Əzimzadə Lənkəran şəhəri, Nizami küçəsində, Lənkəran şəhər mərkəzi bazarının yaxınlığında tanışı Sehran Bəyəliyevə bir-neçə gün əvvəl onun qardaşı Əliağa Əzimov ilə mübahisə edərkən ünvanına nalayiq sözlər işlətməsinin səbəbini soruşub.


Umid Əzimzadə Sehran Bəyəliyevin bunu açıqlamaması və üstəlik onun da ünvanına nalayiq sözlər işlətməsindən əsəbiləşib.


Ətrafda olanlara məhəl qoymayaraq Seyran Bəyəliyevin ünvanına nalayiq sözlər işlədib, onunla əlbəyaxa olub.


Umid Əzimzadə Sehran Bəyəliyevi yumruq və təpiklə vuruaraq yerə yıxıb, eləcə də özündəki bıçaqla onun sol çiyin nahiyəsinə zərbələr vurub.


İstintaq orqanı tərəfindən Umid Əzimzadənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə), 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Umid Əzimzadə bildirib ki, Lənkəran şəhərində yaşadığı evin yaxınlığında yerləşən mərkəzi bazarın qarşısında saxlanılan avtomobillərə nəzarət edib və bunun müqabilindəsürücülər tərəfindən ona verilən 20-30 qəpik pulla dolanışığını təmin edib: “Sehran Bəyəliyevi Lənkəran şəhər sakini kimi tanımışam. Lakin aramızda başqa münasibət olmayıb. 2018-ci il fevralın 4-də, saat 13 radələrində evdən küçəyə çıxarkən bir qədr əkənarda Sehran Bəyəliyevin qardaşım Əliağa ilə mübahisə etdiyini gördüm. Bu səbəbdən onlara tərəf gəldim. Lakin onların yanına çatmamış Sehran qardaşımın ünvanına nalayiq ifadələr işlədərək oradan uzaqlaşdı. Qardaşıma yaxınlaşdım və ondan nə baş verdiyini soruşdum. Əliağa bildirfi ki, bir gün əvvəl, yəni fevralın 3-də bankomatdan bir nəfər qadına pul çıxarmaqda kömək edərkən yoldan keçən Sehran ona qadınla yüksəkdən danışdığıma görə narazılığını bildirib və bu səbədən aralarında mübahisə yaranıb, Sehran onu söyüb”.


Təqsirləndirilən şəxs daha sonra ifadəsində deyib: “Qardaşımın söylədiklərindən sonra Sehranla görüşüb, bu hərəkətinə görə onu cəzalandırmaq istədim. Bu məqsədlə arxasınca getdim. Lakin artıq axırıncı oradan uzaqlaşaraq getdiyi üçün onu tapa bilmədim. Sehran bir gün sonra Əliağa ilə rastlaşarkən onu bu məsələyə görə yenidən söyüb. Bu hadisədən 2 gün keçmişdi. Fevralın 6-da, saat 14 radələrində hər gün olduğu kimi avtomobillərə nəzarət edərkən Sehranın yaxınlıqdakı telefon mağazasına girdiyini gördüm. Sehrandan qardaşımı söyməsinə görə “söhbət” etmək, yəni münasibətlərini aydınlaşdırmaq üçün onun mağazadan çıxmasını gözlədim. Sehran mağazadan çıxaraq bir qədər aralanandan sonra ona yaxınlaşdım. Ona 2 gün əvvəl qardaşımı söyüb və sonra qaçıb getməsinin səbəbini soruşdum. Sehran bunu öz qardaşımdan soruşmağımı dedi. Mən də qardaşıçdan soruşduğumu, indi də səndən soruşmaq istədiyimi bildirdim.  Sonuncu cavabında ünvanıma nalayiq ifadələr işlətdi. Mənim “var-yoxum” söydü. Bundan əsəbiləşərəkl Sehrana yaxınlaşaraq onu vurmaq istədim. Lakin axırıncı məni yumruq və təpiklə vurdu. Bu səbəbdən ona özümdə olan bıçaqla xəsarət yetirdim”.


Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Seyran Bəyəliyev qeyd edib ki, Lənkəran şəhər sakinidir, heç bir yerdə işləmir və 3-cü qrup əlildir: “Umidi və onun qardaşı Əliağanı Lənkəran şəhər sakinləri kimi tanıyıram, əvvəllər aramızda heç bir münasibət olmayıb. Fevralın 3-də, saat 16 radələrində Lənkəran şəhəri, Nizami küçəsi ilə piyada gedərkən Əliağanın bankomatın yanında bir qadınla mübahisə etdiyini və üstünə qışqırdığını gördüm. Bu səbəbdən ona irad tutdum. Əliağa isə cavabında mənə “yaxşı edirəm, sənlik deyil”, - deyə cavab verdi. Bu səbəbdən aramızda mübahisə yarandı və mübahisə zamanı biri-birimizi ünvanına söyüş söydük. Həmin vaxt tanımadığım şəxslər bizi sakitləşdirdi və ayırdılar”.


Zərərçəkmişin sözlərinə görə, fevralın 6-da, saat 14 radələrində Lənkəran şəhəri, Nizami küçəsində yerləşən telefon mağazasına getdib: “Mağazadan çıxarkən Əliağanın qardaşı Umid mənə yaxınlaşdı və məni yolun kənarına tərəf çağırdı. Umidə əhəmiyyət vermədim və yoluma davam etdim. Lakin Umid yenidən mənə yaxınlaşaraq bir neçə gün əvvəl qardaşı ilə mübahisəsimizin səbəbini soruşdu. Umidə bunu gedib qardaşından soruşmasını dedim. Bu sözüm Umidə xoş gəlmədiyindən cibindən bıçaq çıxararaq qarın nahiyəmə, qoluma və sol böyür nahiyəmə zərbə vurdu. Umid sonra boyun nahiyəmə zərbə vurmaq istədi.


Lakin bıçağı əlim ilə tutdum və bu zaman bıçaq əlimin üst nahiyəsini kəsdi. Həmin vaxt Əliağa arxadan gələrək qollarımı sıxdı və Umid yenidən bıçaqla sağ böyrümə, kürəyimə zərbələr vurdu. Bunu görən Umidin anası Saray bizə yaxınlaşdı və yaxadan tutaraq soruşdu ki, neynədin. Lakin halımın pisləşdiyini görərək, məni buraxdılar. Məni tanımadığım bir nəfər şəxs xəstəxanaya apardı, orada əməliyyat olundum. Xəstəxanaya yanıma gələn anama hadisə barəsində məlumat verdim”.


Zərərçəkmiş ifadəsində qeyd edib ki, Umidlə aralarında baş verən münaqişə zamanı ətrafdan ora çoxlu tanımadığı şəxslər toplaşıb: “Həmin münaqişə zamanı Umidə heç bir xəsarət yetirməmişəm, Umidin sol çiyin nahiyəsindəki kəsilmiş yaranı necə almasını bilməmişəm. Xəstəxanada müalicə olunarkən Umidin qohumları yanına gəlməyib, müalicəsi ilə bağlı mənə heç bir maddi köməklik göstərməyiblər. Müalicəmə 5000 manat pul xərləmişəm. Ümidin qohumları tərəfindən mənə barışıq üçün müraciət edilib və vurulmuş ziyana görə 2000 manat pul təklif olunub. Lakin onların təklif etdikləri pul çəkdiyim xərcdən çox az olduğundan həmin pulu almaqdan imtina etmişəm. Ümid Əzimzadə mənə ağır bədən xəsarəti yetirdiyinə görə onunla barışmamışam. Onu bağışlamadığımı bildirmişəm”.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Umid Əzimzadə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Umid Əzimzadə apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın daha yüngül cəza ilə əvəz olunmasını istəyib.


Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.


Umid Əzimzadənin apelyasiya şikayəti təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top