Azərbaycandan İrana gedən gənc oğlan narkotacirlərin tələsinə düşdü — TƏFƏRRÜAT

KRİMİNAL 27 apr 2020, 10:16

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan 1983-cü il təvəllüdlü Camal Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Camal Məmmədov satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasında külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin yanvar ayının sonlarında İran İslam Respublikasının Biləsuvar şəhərində şəxsiyyətləri müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub.


O, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 3 fevral 2019-cu il tarixdə Təbriz şəhərində cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş üzvündən tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq 2 bükümdə, külli miqdarda 32,666 qram heroin narkotik vasitəsini və 1 bükümdə, külli miqdarda 4,612 qram metamfetamin psixotrop maddəsini əldə edib.


Daha sonra Camal Məmmədov narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək 300 manat pul müqabilində cinayətkar qrupun Bakı şəhərindəki üzvünə çatdırmaq üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sərnişini olduğu “Shahab” markalı, 79E219-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun salonunda, heroin narkotik vasitəsini 13-14 nömrəli sərnişin oturacaqlarının hər birinin altında 1 büküm olmaqla metal lövhə ilə oturacağın parça üzlüyünün arasında, metamfetamin psixotrop maddəsini isə 15 nömrəli sərnişin oturacağının altında, metal lövhə ilə oturacağın parça üzlüyünün arasında yerləşdirib gömrük nəzarətindən gizlədib.


Daha sonra o, fevralın 4-də, saat 06 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib.


İstintaq orqanı tərəfindən Camal Məmmədovun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal Məmmədov özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O, bildirib ki, tez-tez Təbriz  əhərindən sellofan paket almaq məqsədilə İran İslam Respublikasına gedib: “Orada Əziz adlı şəxslə tanış oldum. Bir-birimizə mobil telefon nömrələrimizi verdik. Fevralın 3-də, günorta saatlarında İran İslam Respublikasının Biləsuvar şəhərinə getdim. Orada Əzizə zəng edərək saat 21 radələrində onunla avtovağzalda görüşdük. Əziz mənə 3 ədəd paket verərək, içərisində narkotik vasitə “şişə” və “kakos” olduğunu, Bakıda həmin paketləri təhvil versəm, əvəzində 300 manat pul alacağımı bildirdi. Mən də Əzizin təklifi ilə razılaşdım. Bakı şəhərinə gedərək orada 8-ci kilometr bazarının yanında olan yeraltı piyada keçidində həmin içərisində narkotik vasitələr olan paketləri zibil qutusunun yanına qoymağımı və ya ona zəng vurub hara qoyacağımı ondan öyrənməyimi bildirdi. Əziz özü mənə avtobusa bilet aldı və məni avtobusa qədər müşayiət etdi”.


Təqsirləndiririlən şəxsin sözlərinə görə, hətta 22 manat yol pulunu da avtobus sürücüsünə Əziz verib: “Sonra Əziz avtobus sürücüsünün başının qarışıq olmasından istifadə edərək fürsət tapıb özü avtobusa mindi və 3 ədəd narkotik dolu selofan bağlamaları avtobusda olan oturacaqların altında gizlətdi. Sonra mənə hər şeyin hazır olduğunu bildirdi və Azərbaycana keçəndən sonra bağlamaları gizlətdiyi yerdən götürməyimi tapşırdı. Əziz həmin narkotiklərdən “şişə” deyilən maddəni mənim oturduğum 15 nömrəli oturacağın və “kakos” deyilən maddəni isə qarşımda olan 13-14 nömrəli oturacaqların altında, oturacaqların parça üzlüyünün altında gizlətdi. Həmin gün avtobusla Təbrizdən Bakı şəhərinə yola düşdüm. Fevralın 4-də, səhər saat 05.30-da gəldiyim avtobus İran gömrüyünü keçdi və Azərbaycanın Biləsuvar gömrük postuna daxil oldu. Orda digər sərnişinlərlə birlikdə avtobusdan düşdük, gömrük nəzarətindən keçmək üçün piyada xəttinə daxil olduq. Gətirdiyim, içərisində narkotik vasitə olan bükümlər isə avtobusun içərisində Əzizin gizlətdiyi yerdə qaldı. Gömrük nəzarətindən keçərək avtobusun yoxlamadan çıxaraq gəlməyini gözlədiyim vaxt gəldiyim avtobusun sürücüsü və bir-neçə gömrük əməkdaşı məni, avtobusda qarşımdakı oturacaqlarda əyləşmiş sərnişinlərə yaxınlaşdı. Bizi xidməti otağa dəvət etdilər. Narkotik vasitələrin aşkar edildiyini başa düşərək 1 ədəd paketdə 6 qarm olan “şişə” adlı maddə, 2 ədəd paketdə 35 qram olan “kakos” adlı narkotik vasitənin mənə məxsus olduğunu etiraf etdim”.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Camal Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Camal Məmmədov apelyasiya şikayəti verib. O, təqsirli sübuta yetirilmədiyi üçün barəsində bəraət hökmünün çıxarılmasını istəyib.


Camal Məmmədovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, Camal Məmmədovun şikayəti təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top