Azərbaycan Premyer Liqasının bərpa vaxtı məlum oldu

İDMAN 24 apr 2020, 16:44

Koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətədək təxirə salınmış futbol üzrə Azərbaycan Premyer Liqasının oyunları mayın sonlarında bərpa oluna bilər.


Bu barədə Demokrat.az-a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.


Qurum rəsmisi bildirib ki, hər şey karantin rejiminin müddətindən asılıdır: "Mayın 4-nü gözləyirik. Karantin götürülsə, bizim üçün heç bir problem qalmayacaq. Hətta hər turun oyunlarını eyni gündə deyil, 2 gündə keçirsək belə, vaxt kifayət edəcək. Hazırlıq müddəti ilə bağlı klublara sorğu göndərmişik. Yəqin ki, qalan bölüm öncəsi təlim-məşq toplanışı üçün komandalara 2-3 həftə vaxt veriləcək".


A.Şahgəldiyevin sözlərinə görə, yeni təqvimə oyunların azarkeşsiz keçirilib-keçirilməyəcəyinin də təsiri olacaq: "Azarkeşlərə icazə verilsə, matçları həftəsonuna salmağa çalışacağıq. Azarkeşsiz olsa, oyunları həftəiçi də keçirə bilərik".


Mətbuat katibi əlavə edib ki, AFFA və PFL-in məqsədi mövsümü başa çatdırmaqdır: "Rəhbərlik səviyyəsində bütün məsələləri müzakirə edirik. Klubların razılığı olmadan heç bir qərar qəbul etmək fikrində deyilik. Məqsədimiz çempionatı başa çatdırmaqdır".


Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I Divizionda mövsüm martın 13-dən dayandırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top