Azərbaycanda xanım müəllimdən şok cinayət: Qadınları dələduzluq toruna belə saldı — Cinayət işi

KRİMİNAL 16 apr 2020, 12:37

Sumqayıt şəhərində dələduzluq etməkdə təqsirli bilinən 1980-cı il təvəllüdlü Sevinc İbrahimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sevinc İbrahimova tanışı Nüşabə Əşrəfovanın etibarından sui-istifadə edib, onu yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə direktor təyin ediləcəyi Sumqayıt şəhəri ərazisində yerləşən orta məktəbdə direktor müavini vəzifəsinə təyin edilməsinə nail olacağını yalan vəd verib.


O, aldatma yolu ilə 9 may 2017-ci il tarixdə Sumqayıt şəhəri “Qurd Dərəsi” bağlar massivi ərazisində yerləşən yaşadığı evdə Nüşabə Əşrəfovanın 12000 manat pulunu alıb ələ keçirib.


Bundan başqa, o, tanışı Gülgəz Əşrəfovaya məxsus qızıl-zinət əşyalarını dəyərindən yüksək qiymətə qiymətləndirərək aldığı qızıl-zinət əşyalarını eyni dəyərdə, ancaq başqa və daha müasir formada olan qızıl-zinət əşyaları ilə dəyişdirib, geri qaytaracağını vəd verib.


Sevinc İbrahimova 2017-ci ilin iyun ayının ortalarında Sumqayıt şəhəri 29-cu məhəllə ərazisində yerləşən 1 saylı orta məktəbdə Nüşabə Əşrəfovaya məxsus iki ədəd brilyant qaşlarla bəzədilmiş boyunbağıdan, iki ədəd brilyant qaşlarla bəzədilmiş qolbaqdan, iki cüt brilyant qaşlarla bəzədilmiş sırğadan, iki ədəd brilyant qaşlarla bəzədilmiş üzükdən ibarət cəmi 12000 manat dəyərində, Gülgəz Əşrəfovaya məxsus brilyant qaşlarla bəzədilmiş bir cüt qızıl sırğadan, bir ədəd brilyant qaşlarla bəzədilmiş qızıl üzükdən, iki cüt sadə qaşlı qızıl sırğa və üç ədəd qızıl üzükdən ibarət cəmi 3.000 manat dəyərində, ümumilikdə 15.000 manat dəyərində qızıl-zinət əşyalarını alıb.


Sevinc İbrahimova həmin qızıl əşyalarını ələ keçirərək, Nüşabə Əşrəfova və Gülgəz Əşrəfovaya xeyli miqdarda ziyan vuraraq dələduzluq edib.


Daha sonra Sevinc İbrahimova tanışı Günel Alməmmədovanın etibarından sui istifadə edib, ona məxsus ümumilikdə 6.000 manat dəyərində iki ədəd kondisionerdən, iki ədəd paltaryuyan maşından, bir ədəd qaz sobasından, bir ədəd divan kreslo dəstindən və yeddi ədəd billur qablar dəstindən ibarət məişət əşyalarını satıb. O, pulunu sonradan ödəyəcəyini yalan vəd verərək Günel Alməmmədovanı aldadıb.


İstintaq orqanı tərəfindən Sevinc İbrahimovanın barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəlləri ilə ittiham elan edilib.


Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Sevinc İbrahimova 1 il 9 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən təyin edilmiş 1 il 9 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin Sevinc İbrahimovanın 23 iyun 2017-ci il təvəllüdlü qızı on dörd yaşına çatanadək təxirə salınıb.


Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilib. O, məhkəmə iclas zalından həbsdən azad edilib.


Hökmdən narazı qalan zərərçəkmişlər apelyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmsını, ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyiblər.


Bir müddət əvvəl Sumqayıt Apelyasiya Məhkəməsində bu iş üzrə araşdırma aparılıb, zərərçəkmişlərin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.


Bu qərardan narazı qalan zərərçəkmişlər kasasiya şikayəti veriblər. Ali Məhkəmədə şikayəti araşdıran hakim heyəti Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv ediblər, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər.


Cinayət işi yenidən araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada zərərçəkmişlərin apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.


Qərara görə, zərərçəkmişlərin apelyasiya şikayətləri qismən təmin olunub, Sumqayıt şəhər Məhkəməsinin hökmü dəyişdirilib.


Hökmdən Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə dair muddəalar xaric edilib.  Sevinc İbrahimovaya 1 il 9 ay 25 gün müddətinə cəza təyin edilib.


Onun cəzasının əvvəli 2020-ci il yanvarın 22-dən hesablanması müəyyən edilib. Sevinc İbrahimovanın barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.


Sevinc İbrahimovanın cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi müəyyən olunub.


Qeyd edək ki, Sevinc İbrahimova Bakıda 135 saylı orta məktəbdə müəllimə işləyib.


O, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə mühakimə olunub. 


Həmin dövrdə istintaq və məhkəmə dövründə barəsində həbs qətimkan tədbiri seçilməyib. Sevinc  İbrahimova zərərçəkmişlərə həmin cinayət işi üzrə dəymiş ziyanı ödəyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 31 oktayrb tarixli hökmü ilə Sevinc  İbrahimova 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, təyin edilmiş cəza şərti hesab edilib.


Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top