Vəkillər Kollegiyasının üzvünün şok cinayət işi: Zorlama, Qayınata, ər-arvad davası — TƏFƏRRÜAT

KRİMİNAL 14 apr 2020, 13:55

Sumqayıt şəhər hüquq məsləhətxanasının vəkili Qəhrəman Pirməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qəhrəman Pirməmmədov Sumqayıt şəhər Hüquq Məsləhətxanasının vəkili vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmək istəyib.


Bu məqsədlə o, Simarə İbrahimovaya məhkəmədə olan mülki işdə hüquqi yardım göstərdikdən sonra sonuncunun etibarından sui-istifadə edib, yenidən hüquqi yardım göstərəcəyinə yalan vəd verib.


Qəhrəman Pirməmmədov aldatma yolu ilə 2016-cı ilin sentyabr ayında Sumqayıt şəhər Hüquq məsləhətxanasının qarşısında Simarə İbrahimovadan 1000 manat, 2016-cı ilin oktyabr ayında Sumqayıt şəhər Asan xidmətin qarşısında küçədə 1900 manat, 2016-cı ilin dekabr ayında Sumqayıt şəhər avtovağzalın yaxınlığında 2500 manat, 2017-ci ilin fevral ayında Sumqayıt şəhər Hüquq məsləhətxanasının qarşısında 250 manat, 2017-ci ilin oktyabr ayında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “Ağdam” kafesinin qarşısında 700 manat, yenə 2017-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “Ağdam” kafesinin qarşısında 500 manat, 2018-ci ilin fevral ayında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “Ağdam” kafesinin qarşısında 680 manat alıb.


Qəhrəman Pirməmmədov həmin pullardan 100 manatı Sumqayıt şəhər Hüquq Məsləhətxanasının kassasına, qalan pulları ələ keçirərək ümumilikdə zərərçəkmiş şəxsə 7680 manat ziyan vurub.


Vəkilin dələduzluq əməlləri


Bundan başqa o, təkrarən Sumqayıt şəhər Hüquq Məsləhətxanasının vəkili vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədi ilə Müseyif Vəliyevin etibarından sui-istifadə edib, işin Ali Məhkəmədə baxılacağını və buna görə hüquqi yardım göstərəcəyini yalan vəd verib.


O, aldatma yolu ilə Müseyif Vəliyevdən 28 iyul 2018-ci il tarixdə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən “Ağdam” kafesinin qarşısında 1500 manat, 30 iyul 2018-ci il tarixdə Sumayıt şəhər Apelyasiya Məhkəməsinin yaxınlığında 300 manat, 2 avqust 2018-ci il tarixdə Sumqayıt şəhər 11-ci mikrorayon ərazisində yerləşən “Ağdam” kafesinin qarşısında 600 manat alıb.


Qəhrəman Pirməmmədov bu hərəkətləri ilə Müseyif Vəliyevə ümumilikdə 2400 manat maddi ziyan vurmaqla dələduzluq edib.


“Zorlanması barədə polisə müraciət edib”


İstintaq orqanı tərəfindən Qəhrəman Pirməmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dəldəzluq törətmək) maddələri ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qəhrəman Pirməmmədov bildirib ki, Simarə İbrahimovanı tanıyır, uzaq qohumluq əlaqələri var: “Uzun illər Sumqayıt şəhər Hüquq Məsləhətxanasının vəkili işləmişən. 25 iyun 2018-ci il tarixdən vəkillik səlahiyyətim 1 il müddətinə məhdudlaşdırıldı. 2016-cı ildə Simarə İbrahimova mənə yaxınlaşaraq bildirdi ki, oğlu Nicat 2015-ci ildə Fatma adlı bir qıza nişanlanıb, nişanlı olduqları müddətdə münasibətləri pozulub. Sonra Nicat Fatmadan ayrılmaq, nişanı qaytarmaq qərarına gəlib. Onlar arasında münasibətlər pozulandan sonra Fatma Nicat tərəfindən zorlanması ilə əlaqədar Suraxanı rayon Polis İdarəsinə müracət edib. 2016-cı ilin noyabr ayında Nicatın barəsində Suraxanı rayon Polis İdarəsində aparılan araşırma ilə əlaqədar ona köməklik etməyimi xahiş etdi. Nicatın anası və özü ilə görüşdüm. Nicatın adından 26 noyabr 2016-cı ildə onu təmsil etmək məqsədi ilə notariat qaydasında etibarnamə aldım. Əvvəl Suraxanı rayon Polis İdarəsində material üzrə araşdırma aparıldı, sonra material aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinə göndərildi. Zorlama faktı sübuta yetmədiyindən 28 aprel 2017-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildi. 5 ay həmin işlə əlaqədar Suraxanı və Abşeron rayon hüquq mühafizə orqanlarında Nicat İbrahimovu təmsil etmişəm. Bunun müqabilində Nicatın anası Simarə mənə təxminən 600-700 manat verib. Həmin pulla 5 ay müddətində Nicatın işi ilə məşğul olmuşam”.


“Uşağın oğlundan olduğunu iddia etdi”


Təqsirləndirilən şəxsin sözlərinə görə, 2017-ci ilin əvvəlində Simarə zəng edib və onunla görüşüb: “Fatmanın anası Nicata Fatmanın doğduğu uşaq sənindir deyərək Suraxanı rayon Məhkəməsində uşağın atalığının müəyyən edilməsi məqsədi ilə iddia qaldırdığını, həmin iddia ilə əlaqədar onlara köməklik etməyimi xahiş etdi. Mən də əvvəl müqavilə bağlamadan Suraxanı rayon Məhkəməsinə getdim, iddia ərizəsi ilə maraqlandım. 2018-ci ilin fevral ayının 13-də Nicatla müqavilə bağladım, 100 manat kassaya pul köçürərək Suraxanı rayon məhkəməsində onu təmsil etdim. 2018-ci ilin may ayının 8-də Suraxanı rayon məhkəməsi Nicatın uşağın atası olması barədə qətnamə çıxartdı. Həmin ilin mayın 10-da yenə Nicat yanıma gələrək, onu Bakı Apelyasiya Məhkəməsində təmsil etmyimi xahiş etdi. Mən də Bakı Apelyasiya Məhkəməsinə şikayət hazırladım, Nicata imza etdirərək Suraxanı rayon Məhkəməsinə təqdim etdim. İş Bakı Apelyasiya Məhkəməsinə göndərildi. Mən də Nicatı orada da təmsil edərək dəfələrlə məhkəmədə iştirak etdim”.


Qəhrəman Pirməmmədovun ifadəsinə görə, Bakı Apelyasiya Məhkəməsi Nicatın uşağın atası olması barədə Suraxanı rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb: “Simarə İbrahimovadan 7780 manat deyil, 4000 manata yaxın pul aldığımı və həmin pulları yollarda taksilərə, yemək- içməyə, məhkəmə təcrübələri öyrənmək üçün məhkəmələrə gedərkən, ekspertizalarda iştirak etmək üçün gedərkən və sair xərclədiyimi göstərmişəm”.


“Ev mübahisəsi olduğunu dedi”


Təqsirləndirilən şəxs qeyd edib ki, Müseyif Vəliyev oğlu Zaurla onun iş yerinə gəlib: “Zaurun həyat yoldaşının ondan ayrılmaq məqsədi ilə onu məhkəməyə verdiyini, 2 övladları və aralarında ev mübahisəsi olduğunu dedi. Məhkəmədə Müseyifin və Zaurun adından çıxış etmək üçün onlardan etibarnamə aldım, müqavilə bağladım. Sumqayıt şəhər Məhkəməsində bu işlə əlaqədar dəfələrlə iştirak etdim. Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə Müseyifin evlə bağlı iddiası təmin edildi. Sonradan qarşı tərəf apelyasiya şikayəti verdi. Sumqayıt Apelyasiya Məhkəməsində də yenə Müseyifin hüquqlarını müdafiə etdim, məhkəmə posesslərində iştirak etdim. Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə iş yenidən Müseyifin xeyrinə həll olundu. Həmin qətnamədən qarşı tərəf Ali Məhkəməyə şikayət vermədi”.


Qəhrəman Pirməmmədov ifadəsində 2400 manat pulu Müseyifin Sumqayıt şəhər Məhkəməsi və Sumqayıt Apelyasiya Məhkəməsində prosesslərdə iştirak etmək, müqavilə bağlamaq, yollarda taksi ilə gedib-gəlmək, yemək-içmək və sair xərclərə xərclədiyini göstərib. Özünü təqsirli bilmədiyi üçün barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.


“Müdafiəçi tutmaq qərarına gəldim”


Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Simarə İbrahimova bildirib ki, oğlu Nicat Fatma adlı  qızla nişanlanıb, bir müddət sonra isə Nicat ilə Fatma arasında münasibətlər pozulduğundan, oğlu nişanı qaytarıb: “Aralarında münasibət pozulandan sonra Fatma Nicat tərəfindən zorlanması barədə Suraxanı rayon Polis İdarəsinə şikayət etdi. Həmin şikayət ərazi aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinə göndərildi. Fatmanın göstərdiyi faktlar təsdiqini tapmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi barədə qərar qəbul edildi. Sonra Nicatın hüquqlarının qorunması məqsədi ilə müdafiəçi tutmaq qərarına gəldim. Sumqayıt şəhər hüquiq məsləhətxanasının vəkili Qəhrəman Pirməmmədov ilə görüşdüm, məsələni ona izah etdikdən sonra bütün posseslərdə işitirak etmək üçün Nicatın səlahiyyətlərini notariat qaydasında ona verdik. Qəhrəman Pirməmmədov Fatmanın doğduğu uşağın atalığının müəyyən edilməsi məqsədi ilə məsələ qaldıracağını, atalığın müəyyən edilməsi ilə əlaqədar prossesin uzun çəkdiyindən məndən 5000 manat istədi. Hissə-hissə həmin pulu düzəldərək verəcəyimlə razılaşdım”.


Simarə İbrahimova ifadəsində Qəhrəman Pirməmmədova hansı ünvanlarda, nə qədər pul verməsi barədə geniş izah verib.  O, Qəhrəman Pirməmmədov oğlu tərəfindən ziyan ödənilmədiyindən ona ağır cəza təyin olunmasını ifadəsinin sonunda qeyd edib.


“Xeyrimizə qətnamə çıxarıldı”


Digər zərərçəkmiş Müseyif Vəliyev ifadəsində qeyd edib ki, 2017-ci ilin yanvar ayında oğlu Zaur həyat yoldaşı Şəlalədən ayrılmaq məqsədi ilə məhkəməyə müraciət edib: “Məhkəmədə işlərdə Zaurun adından çıxış etmək üçün Sumqayıt şəhər Hüquq Məsləhətxanasının vəkili Qəhrəman Pirməmmədov ilə müqavilə bağladıq. Zaur Qəhrəman Pirməmmədova notariat qaydasında etibarnamə verdi. Həmin məsələnin həll edilməsi ilə əlaqədar Qəhrəmana müqavilə haqqı olaraq Sumqayıt şəhər Hüquq Məsləhətxanasında 1000 manat verdik. Qəhrəman Pirməmmədov məhkəmədə olan mülki işlərimizi həll etdi, Sumqayıt şəhər Məhkəməsi tərəfindən xeyrimizə qətnamə çıxarıldı. Qarşı tərəf apelyasiya şikayəti versə də, Sumqayıt Apelyasiya Məhkəməsi şəhər məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Biz də Qəhrəman Pirməmmədovdan raz qaldıq”.


“Məlum oldu ki, şikayət olunmayıb”


Zərərçəkmişin sözlərinə görə, 2018-ci ilin iyul ayında Qəhrəman ona zəng edib və qarşı tərəfin onları Ali Məhkəməyə verdiyini deyib: “Qəhrəman məsələnin həlli üçün 2000 manat istədi. Oğlum Zaurla birlikdə Qəhrəman Pirməmmədovla 28 iyul 2018-ci il tarixdə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində “Ağdam” çay evinin yanında görüşərək ona 1500 manat verdim. Təxminən 1-2 gün sonra Qəhrəman yenə mənə zəng etdi, 300 manat istədi. Biz iyulun 30-da Sumqayıt Apelyasiya Məhkəməsinin yanında görüşdük, ona 300 manat verdim. Daha sonra yenə avqustun 2-də Qəhrəman mənə zəng etdi, işi tam qurtarmaq üçün 600 manat da istədi. Mən də işin xatirinə 600 manat da “Ağdam” çay evinin yanında ona verdim. Ümumilikdə Qəhrəman Pirməmmədova 2400 manat vermişəm. İşə nə vaxt baxılacağını soruşanda, Qəhrəman Pirməmmədov ona hakimin qardaşı rəhmətə gedib, məhkəmə başqa vaxt olacaq deyərək aldadıb. Sonradan mənə məlum oldu ki, həmin işdən şikayət verilməyib və iş Ali Məhkəməyə göndərilməyib”.


Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Qəhrəman Pirməmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum olub.


Hökmdən narazı qalan Qəhrəman Pirməmmədov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.


Həmçinin zərərçəkmişlərdə təqsirləndirlən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya şikayəti veriblər


Qəhrəman Pirməmmədov və zərərçəkmişlərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.


Qəhrəman Pirməmmədovun da, zərərçəkmişlərin də şikayətləri təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top