UEFA: “Azərbaycan futbol azarkeşlərinin üzünə təbəssüm gətirdi...” — FOTO

İDMAN 11 apr 2020, 14:47

Bu gün koronavirus pandemiyası (COVID-19) dünyanın demək olar, bütün ölkələrində yayılıb. Məhz bu səbəbdən Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində əhalinin sağlamlığı, həmçinin sözügedən virusun yayılmasının qarşısının alınması məqsədi ilə sosial özünütəcrid qaydaları tətbiq edilir. COVID-19 insan sağlamlığı üçün real təhlükə olmaqla yanaşı, gətirdiyi məhdudiyyətlərlə başda iqtisadiyyat olmaqla dünyada bir çox sahəyə ciddi ziyan vurub. 


Demokrat.az xəbər verir ki, koronovirus pandemiyasının ziyan vurduğu sahələr arasında idman da yer alır. Artıq 2020-ci ildə təşkilinə milyonlarla pul xərclənmiş bir çox nüfuzlu idman turnirləri ya təxirə salınıb, ya da ümumiyyətlə ləğv olunub. Hər il bir mərhələsi Bakıda təşkil olunan “Formula 1”, həmçinin, dörd oyunu paytaxtımızda keçirilməsi nəzərdə tutulan AÇ-2020 təxirə salınan yarışlar sırasındadır.


Futbol idman növləri arasında ən çox ziyan görən sahələrdəndir, desək, yəqin ki, yanılmarıq. Yuxarıda qeyd etdiyimiz kimi dörd oyununun paytaxtımızda keçirilməsi nəzərdə tutulan futbol üzrə Avropa çempionatı gələn ilə keçirilib. Hər il milyonlarla futbol azarkeşinin yaxından izlədiyi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqası, həmçinin, Avropa Liqası kimi yarışlar da qeyri-müəyyən tarixə ertələnib.


Dünya futbolsevərlərinin sevimli idman növündən ayrı qaldığı bir zamanda, UEFA rəsmi veb-səhifəsində üzvü olan ölkələrdə koronavirus pandemiyası ilə mübarizə ilə bağlı yazı paylaşıb. “Avropa futbolu COVID-19 virusuna qarşı birləşdi” başlıqlı yazıda ölkəmizə də yer verilib.

 

Belə ki, Avropanın ali futbol qurumu yazının Azərbaycana həsr olunmuş hissəsində Peşəkar Futbol Liqasının rəsmi “Instaqram” səhifəsindəki paylaşımdan, həmçinin Azərbaycan Premyer Liqa təmsilçisi “Sabah” Futbol Klubunun Koronavirusla Mübarizə Fonduna yardımı və çəkdiyi dəstək videosundan http://shorturl.at/bgp39 bəhs edib:


“Azərbaycan Peşəkar Futbol Liqası evdə qalan futbolsevərlərin və onların ailələrinin əhval-ruhiyyəsini qaldırmaq üçün “Instagram” səhifəsində yerli çempionatın oyunlarından əyləncəli fotolar paylaşıb.


“Sabah” FK-nın oyunçuları, məşqçilər heyəti və işçiləri isə Koronavirusla Mübarizə Milli Fonduna dəstək üçün öz aralarında 25 min avrodan çox pul yığıblar. Sözügedən klub COVID-19 xəstələrini müalicə etmək üçün gecə-gündüz çalışan həkim və tibb bacılarına dəstək xarakterli video da hazırlayıblar”.


Bu gün bütün dünya koronavirus pandemiyasına qarşı birləşib. Ölkəmizdə də bu virusla mübarizə ən yüksək səviyyədə davam edir. Bu cür məqamda futbol klubunun Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat dəyərində yardım etməsi təqdirəlayiq haldır. Bu hadisənin UEFA-nın rəsmi səhifəsində yer alması isə ölkə futbolu adına qürurvericidir.    


UEFA-nın rəsmi veb-səhifəsindəki yazının linki: https://www.uefa.com/insideuefa/news/newsid=2641342.html?fbclid=IwAR2yZkZ6Bw4Qv21YASypCvspo6hgqccy_HDAKuPvZPqmLUb_o46U4PmXU18 (oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top