Bizi nə gözləyir? — Ceyhun Osmanlı YAZIR

GÜNDƏM 09 apr 2020, 20:54

Tarixən viruslar bizimlə hər zaman olub. Lakin bu dəfəki virus fərqlidir, yenidir, vaksini yoxdur və hələ ki, nəzarət altına alınmayıb. Gələcəklə bağlı pessimistik və optimistik proqnozlar verilərkən hər kəsi düşündürən sual bundan sonrakı həyatımızın necə olacağıdır.

Hər bir halda "sadəcə oturub gözləmək" çıxış yolu deyildir. Tədricən ölkələr bir reallığı anlayacaq ki, biz gələcəkdə bu və bənzəri viruslarla yaşamağa məhkumuq. Artıq bir çox bizneslər özünü böhran dövrünə adaptasiya edir.


Virus dünyada sürətlə yayılır, lakin əsasən yaşlı nəsil arasında. Əmək qabiliyyətli insanlar arasında yoluxma 1%-i keçmir. Hər ölkədə fərqli ölüm statistikası var. Yaşlı insanların çox olduğu ölkələrdə ölüm faizi də çoxdur. 


ABŞ Etika və İctimai Siyasi mərkəzindən Henry Olsen qeyd edir ki, "Post virus dövründə iqtisadi-siyasi vəziyyəti düzəltmək komada olan xəstənin həyata qaytarılmasına bənzəyəcək".


İFO İnstitutunun isə 23 Mart 2020-də bildirdiyinə görə "Avropa Birliyinin əsas iqtisadi lokomotivi olan Alman iqtisadiyyatının zərəri yüz milyardlarla avro olacaqdır. Bununla bağlı virus dövrü Almaniyada işsizliyə və büdcə defisitinə səbəb olacaqdır". 


Özü də Covid 19-a yoluxan B.Britaniya baş naziri Boris Conson isə virusu gizli qatil adlandırdı və bu prosesi İngiltərənin onillər boyu üzləşdiyi ən böyük təhdid olaraq səciyyələndirdi.


Avropa və ABŞ-ın nəhəng korporasiyaları dəyərini itirir vəya iflas edir. Qısa bir dönəmdə Daimler öz dəyərini 42%, BMW 36%, Shell 41%, Halliburton 73%, American Airlines 46%, Lufthansa 41% itirmişdir. 


Avropa və Amerika şirkətləri həyəcan təbili çalır. Təsadüfi deyil ki, Goldman Sachs 12 Mart 2020 tarixli görüşündə qeyd edilmişdir ki, "Viruslar bizimlə hər zaman olacaqdır, lakin birjaları ilin ikinci yarısı tam bərpa etməliyik"


Dünya ÜDM-nin 10%-dən çox azalacağı proqnozları vardır.


Bizneslərin batışı insanlarda psixoloji gərginliyin sürətlə çoxalmasına hətta intiharlara gətirib çıxaracaqdır. Ona görə bir çox hallarda İqtisadiyyat Nazirləri ilə Səhiyyə nazirlərinin mövqeləri eyni olmur. Həm də çökən iqtisadiyyatlar fonunda səhiyyə xərclərini də öncəki kimi qarşılamaq mümkün olmayacaqdır.


Hal-hazırda Avropa dilemma qarşısındadır:


Məhdudiyyətlər tam aradan qaldırılsın, yoxsa qismən aradan qaldırılsın?


Anlaşılan odur ki, Pasxa Bayramından sonra-yəni 21 Apreldən etibarən Almanya, Fransa, İtaliya, İspaniyada vəziyyətin sabitləşməsi barədə məlumatlar yayılacaq.


Çünki hal-hazırki gündəm mövzusu May üçün iş yerlərinin açılmasıdır.


Turizmdən ciddi gəlir qazanan ölkələr üçün bu yay itirilmişdir. Çünki erkən rezervasiyalar olunmayıb və hava yolları da çalışmır. Proqnozlar belədir ki, ölkələr normal həyata dönəndən hələ də bir müddət ərzində virus riskinə qarşı turistlər üçün qapalı olacaqdır.


Lakin payızın yazla müqayisədə daha ümidverici görsənməsi istehsalı proqnozlaşdırılan vaksinlərlə bağlıdır.


Hələlik isə virusla necə yaşamağın yollarını araşdırmaq lazım olacaq. Bu Azərbaycan üçün də aktual olduğundan aşağıdakı təkliflərdən faydalanmaq mümkündür:


1. Covid 19-u müəyyən edən testlər bütün apteklərdə əlçatan olmalıdır


2. Şirkətlər öz təhlükəsizlik qaydalarına (Safety rules) COVID-19 əleyhinə tədbirləri əlavə etmək zəruridir. İş yerlərində Maska və dezinfeksiya məhsullarından istifadə məcburi hala gətirilməlidir. Sevindirici haldır ki, 6 Aprel 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında çıxışında qeyd etmişdir ki, Azərbaycanda maska və dezinfeksiya vasitələri istehsalı başlamışdır və Azərbaycan bununla bağlı öz ehtiyaclarını ödəyə biləcəkdir.


3. Hər hansı müəssisələrdə çalışan işçilər test nəticələrini nümayiş etdirərək sağlam olduğunu sübut etməlidir.


4. Virus simptomları olan insanların karantinə alınması davam etməlidir.


5. Risk qrupunda olan yaşlı insanlar payıza qədər özlərini qorumağa sövq edilməlidir


6. Səyahətlər bərpa edildikdən sonra virus simptomlu vətəndaşların ölkəyə və ölkədən səfər etməsi qadağan edilməlidir


7. Səyahət edənlər bilet qeydiyyat edərkən virus daşıyıcısı olmamaqla bağlı test nəticələrini təqdim etməlidir.


8. İl sonuna, xüsusilə də vaksinlər satışa çıxdıqdan sonra risk qrupuna daxil olan vətəndaşlara həkim kontrolu altında və maskadan istifadə etmək şərti ilə kütləvi yerlərə getmələrinə icazə verilə bilər.


9. Həyatımızı sanki növbəti pandemiyaya hazırlaşırmış kimi planlaşdırmalıyıq. Maska, dezinfeksiya avadanlığı, testlər, xəstəxanada yataq sayları, nəfəs aparatları, preventiv tədbirlər, qanunvericiliyin təkmilləşməsi ilə hazır vəziyyətdə olmalıyıq.


10. Prezident İlham Əliyev və 1-ci Vitse-Prezident Mehriban Əliyevanın virusun erkən yayılma dövrü və sonrakı bütün mərhələlərdə qəbul etdiyi qərarlar, etdikləri çağırışlar olmasaydı bu gün böyük fəlakətlərlə qarşılaşa bilərdik. Virusla mübarizə tədbirləri ilə yanaşı işini qısa müddətlik itirən insanlara və  bu prosesdən mənfi təsirlənən bizneslərə dəstək məqsədilə ayrılan 2.5 milyard vəsait də hökümətin prosesləri nizamlamağa müsbət müdaxiləsinin göstəricisidir. 


Unutmaq lazım deyil ki, dünyada həyat öz axarına yaxşı halda ilin sonuna düşəcəkdir.


Azərbaycanda iqtisadiyyat necə stimullaşdırılacaq?


1. Azərbaycanda turizm, otel və restoran sektoru zərər görən sahələr arasındadır. Əgər yay aylarında vəziyyət stabilləşərsə Azərbaycanda daxili turizmi stimullaşdırmağa ehtiyac yaranacaqdır. Hava yolları bağlı qalacaqsa Azərbaycan vətəndaşları istirahət üçün yerli turizm obyektlərini seçəcəkdir. Həmkarlar İttifaqları yolu ilə də işçilərin istirahətinin təmini Azərbaycanın bütün turist obyektlərinin işləməsinə və bu sahədə işsizliyin aradan qaldırılmasına səbəb olardı. İstirahət həm də vətəndaşların psixoloji reabilitasiyası baxımından da çox önəmlidir.


2. Təcrübə göstərdi ki, böhran şəraitində sərhədlər qapanır və hər ölkənin öz ayaqları üstə dayanmaq zərurəti ortaya çıxır. Belə olan halda Qida təhlükəsizliyi ilk prioritet olur. Azərbaybaycanın 100% qida təhlükəsizliyinə nail olması həyati əhəmiyyət kəsb edir. Qida istehsalçılarına güzəştli kreditlərin həcmini artırmaq faydalı olardı. Xüsusilə hər bir istehsalçının onlayn xidmətlərini qura bilməsi üçün qrantların verilməsi faydalı olardı. Xüsusilə orqanik məhsullar istehsal edən rayon və kənd tədarükçülərinin öz məhsullarını şəhər əhalisinə çatdıra bilməsi önəmlidir. İmmunitet gücəndirən qidalar da prioritet olmalıdır. Zəncəfilin qiymətinin bu günlərdə 8 manatdan 60 manata qalxması faktı ilə bir daha üzləşməmək lazımdır.


3. Aqrar sektor qida sektoru ilə birbaşa bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev örüş torpaqlarının uyğun yerlərdə daha çok əkinçilik, bitkiçilik və meyvəçilik üçün istifadə olunmasının daha səmərəli olacağını qeyd etsə də hələ də buna tam əməl edilmir. Yüz minlərlə hektar torpaq sahəsi hələ də örüş təyinatlı olduğu üçün və təyinatı əkinçilik üçün dəyişmədiyindən rentabelli istifadə edilmir. Heyvandarlıqla məşğul olanlar isə tədricən yemçilikdən istifadə etməklə fəaliyyətlərini ferma şəraitinə adaptasiya etmələri daha faydalı olardı.


4. İnşaat sektoru krizis şəraitində adətən durğunluq nümayiş etdirir. Əmlak sahəsində təkliflər azalanda qiymətlər yuxarı qalxır. Qiymət yüksələndə alıcılar mənzil və biznes əmlakları almaqda tərəddüd edirlər bu isə satışların azalmasına və inşaat şirkətlərinin iflasına səbəb ola bilir. İnşaat sektorunun çöküşü  metal sektorundan mebel sektoruna, ev əşyaları sektorundan xidmət sektoruna qədər bir çox sahələri risk altında qoya bilər. Ona görə də böhran şəraitində sosial mənzil inşaatı sektorunu genişləndirmək faydalı olardı. Eyni zamanda ipoteka kreditləşməsinin və banklarda mənzil əmlak kreditləşməsinin həcminin artırılması faydalı olardı. 


5. Səhiyyə sektoru və Əczaçılıq sektoruna tələb çox olacaq. Çünki bir çox xəstəxanalar boşaldılaraq öz cari cərrahiyyə əməliyyatlarını təxirə salıblar. Post virus dönəmində də Səhiyyə və Əczaçılıqda problemin olmayacağı proqnozlaşdırılır.


6. Yüksək texnologiyalar və internet üzərində qurulan bizneslərin reytinqi və bazar dəyəri sürətlə yüksəlməkdədir. Son 3 ayda Zoom səhmlərinin qiyməti 105%, Amazon 3%, Citrix 23%, Netflix 10%, Gilead 13%, Sartorius 15% yüksəlmişdir. Dünyada aparıcı yüksək texnologiya şirkətlərində çalışan Azərbaycanlılar vardır. Onların Azərbaycana dəvət edilərək ideyalarından bəhrələnmək, onların məsləhət bildikləri sektorlara yatırım etmək, onlarla birgə şirkətlər qurmaq çox faydalı olardı. 


7. Dünyada Yaşıl İqtisadiyyatların önəmi və əhəmiyyəti artır. Avropa Birliyi 2050-ci ilə qədər karbon qazından azad olan bir iqtisadiyyata keçməyə hədəfləyən "Yaşıl Saziş"i qəbul etmişdir. Azərbaycanda da karbon qazından azad olan iqtisadiyyatın qurulması qanunvericilik səviyyəsində qəbul edilməlidir. Virus dönəmi ortaya çıxardı ki, dünyadakı tarazlıq qorunmayanda nəticəsi hər kəs üçün fəlakət ola bilir.


8. Qlobal maliyyə bazarlarında da ən az 1 il durğunluq olacaqdır. Ona görə də riskli əməliyyatlardan çəkinmək lazımdır. Azərbaycanın öz valyuta ehtiyatlarından bankların ucuz kreditləşməsi, dolayısıyla həm yerli bank sektoru, həm də yerli biznesin çiçəklənməsinə yönəltməsi faydalı olardı. Azərbaycan vətəndaşlarına dollarla deyil, Azərbaycan manatı ilə sərfəli kreditlər təklif etmək lazımdır.


9. Bəzi şirkətlərin maraqlı biznes təşəbbüsləri olsa da təminat problemi ucbatından bank kreditlərindən faydalana bilmirlər. Bu biznesin bütün sahələrində müşahidə edilir. Ona görə də Təminat Fondunun vəsaitləri artırılmalıdır ki, səmərəli biznes ideyaların gerçəkləşməsi məhdudiyyətlə qarşılaşmasın.


10. Bir fərdin təşəbbüsü bütün dünyanı xilas edə bilər prinsipi ilə yanaşsaq hər bir fərdin təşəbbüsünün önəmli olduğu qənaətinə gələrik. Fərdlərin biznes təşəbbüslərinə qucaq açmaq məqsədi ilə bütün iri şirkətlər, banklar nəzdində Start-Up Fondların yaradılması səmərəli olardı. 


Çin əvvəllər iqtisadiyyatını tamamən ixrac üzərində qururdu. Lakin 2008 böhranından sonra həyat səviyyəsinin yüksəlməsini ön plana çıxardı. Bununla da daxili bazarı stimullaşdırdı və daxili alıcılıq qabiliyyətinin yüksəlməsi ilə istehsal tək ixracdan asılı vəziyyətdə qalmadı. 


Hər böhranın gətirdiyi çətinliklərlə yanaşı, imkanlar da olur.  Bu böhran bir çox ölkələri post virus dönəminin start nöqtəsində eyni sıraya düzəcək. Azərbaycanın ehtiyatları imkan verir ki, sıfır nöqtəsində böhranı şansa çevirə bilsin. Bunun üçün kadr ehtiyatlarından düzgün istifadə də valyuta ehtiyatlarından istifadə qədər strateji əhəmiyyət kəsb edəcək.


Ceyhun Osmanlı

Azərbaycan Yaşıllar Hərəkatının (Partiyası) təsisçisi, İqtisadiyyat üzrə fəlsəfə doktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top