"İnsan kasıbla, yetimlə, kimsəsizlə özünü reklam edər?!" — Kamil Zeynallı

SOSİAL 08 apr 2020, 15:07

Koronavirus pandemoyasının yayılmasıyla əlaqədar Azərbaycanda bəzi ailələr çətin duruma düşüblər. İdmançı Kamil Zeynallı onlarla belə ailəyə yardım edərək ətrafındakıları da bu işə həvəsləndirməkdə davam edir.


Yenisabah.az-a danışan tanınmış fitness ustası yardımları bundan sonra da davam etdirəcəyini deyib: "Bundan sonra da yardımlara davam edəcəyəm. Bu gün Sumqayıtda yaşayan, günəmuzd işləyən Aygün adlı xanım üçün soyuducu, televizor alıb aparmalıyıq. Evində televizoru, soyuducusu yox idi, təsəvvür edə bilirsiniz? Bir kişi də paylaşmışdım zibillik kimi yerdə yaşayan, bu gün onlara torpaq danışmaq üçün gedəcəyəm. Torpaq alıb ev tikdirmək istəyirik. Artıq bir-iki nəfər könüllü şəxs çıxıb, onlara ev tikdirmək istədiyini deyir. Bundan başqa bu gün Tağıyev qəsəbəsinə gedəcəyəm, orada 10 ailəyə kömək edəcəyəm. Həmçinim Dərnəgüldə ehtiyacı olan ailələr var onlara yardım aparacağam. Bunlar özümün etdiklərimdir deyirəm, bundan başqa komandamda 8-9 oğlan var. Onlar da dostlarımdır, bu gün 50-60 ailəyə yardım aparacaqlar". 


K.Zeynallı tanınmışlardan da ona qoşulanların olduğunu bildirib: "Şəbnəm Tovuzlu da bizimlədir. Bu gün Tağıyev qəsəbəsinə müğənni Nazənin xanımla gedəcəyəm. Srağagün ATV telekanalının aparıcısı Sevillə bir neçə ailəyə kömək etdik. Qoşulmaq istəyənlər var, yavaş-yavaş çoxalacaq. Mənim də bunları çəkib göstərməkdə məqsədim odur ki, həvəsə gəlsinlər.Çox adam görüb qoşulur, mənə yazırlar, yardımlar edirlər, ərzaq göndərirlər. Deyirlər sizə baxırıq, həvəsə gəlirik, istəyirik bizim də payımız olsun". 


İdmançı ona tənqid yazan izləyicilərinə sərt reaksiya göstərib: "Tənqidi fikirlər yazanlar çoxdur. Onlar düşüncəsiz adamlardır, Allaha and olsun. Çox geridəqalmış insandırlar. Mən həmişə hara getmişəmsə, çəkib göstərmişəm. Bax, bugünkü günə görə ki, hamı mən getdiyim yerə məndən sonra da gedə bilsin. Tək mən getməklə qalmayım. Mən tək heç nə edə bilmərəm, camaatdan dəstək görüm deyə çəkib göstərirəm. Bir də görürsən yazırlar ki, "özünü reklam edir". İnsan kasıbla, yetimlə, kimsəsizlə özünü reklam edər?! İnsan özünü getdiyi yaxşı yerlərlə, retoranlarla, otellərlə, gəzdiyi məkanlarla reklam edər. Tutalım, mən özümü yetimlə yaxşı göstərdim, tanıdılar, hə nə olsun? İnsanın əsl üzü gec-tez onsuz da açılır. Əgər kimsə reklamla özünü yaxşı göstərirsə axır-əvvəl bilinəcək". 


O, karantin müddətində çox yerə getsə də, ehtiyatı əldən vermədiyini, özünü mütləq qoruduğunu da deyib: "Özümü mütləq qoruyuram. Hara gedirəmsə, əlimdə əlcək, üzümdə də maska olur. Cibimdə də həmişə spirt olur. Bütün ehtiyyat tədbirlərimi görürəm, tez-tez spirt istifadə edirəm. Hətta əlavə maskalar da alıb qoymuşam maşına, istifadə edirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top