Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

HADİSƏ 08 apr 2020, 14:53

Abşeron rayonu Qobu bələdiyyəsinin sabiq sədri Ənvər Əmiraslanova qarşı daha bir cinayət işi açılıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə ittiham elan edilib.


Ənvər Əmiraslanovun barəsində olan cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Şövkət Nəcəfovanın icraatına verilib.


Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunmayıb.


Cinayət işi üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb.


Qeyd edək ki, Ənvər Əmiraslnaov 2017-ci ildə həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.


Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Ənvər Əmiraslanovun barəsində 1 il 6 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.


Ə.Əmiraslanov vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək, ona etibar edilən özgə əmlakı xeyli miqdarda ziyan vurmaqla talayıb, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirib, hüquq verən rəsmi sənədi saxtalaşdırıb. O, 2010-2015-ci illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, özgə əmlakını talamaq məqsədi ilə Qobu bələdiyyəsinin hesabına ayrı-ayrı daxilolmalar üzrə xəzinəyə mədaxil edilmiş mövcud pul vəsaitindən 4000 manat məbləği mal-material alınması adi ilə məxaric edib, lakin həmin məbləğ üzrə heç bir mal-material almadan qanunsuz olaraq özünə götürüb.


Bundan əlavə, o, həmin vəzifədə işləyərkən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə 2013-cü ildə bələdiyyəyə müraciət etmiş Bakı şəhər sakini Nuriyev Rəhman Saleh oğluna Qobu qəsəbəsində 0,08 ha torpaq sahəsini 2000 manata, Sumqayıt şəhər sakini Qəribov Samir Nəcməddin oğluna 0.08 ha torpaq sahəsini 2000 manata satmaqla onların adına rəsmiləşdirəcəyinə yalandan vəd verib.


O, zərərçəkmişlər Namiq Abdullayev, Samir Qəribov və Rəhman Nuriyevdən bələdiyyənin inzibati binasındakı xidməti otağında ümumilikdə 10000 manat pul alaraq, dələduzluq edib. Eyni dələduzluq əməlləri ayrı-ayrı adamlara qarşı təkrarən törədilib.


Ə.Əmiraslanovun başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə) 320.1-ci (saxta sənəd düzəltmə) maddələri ilə ittiham edilib.

 

Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top