“Moyka”da mübahisə etdilər, qəsdən qəza törətdi və sonra öldürüldü — Xızıda dəhşətli cinayət

KRİMİNAL 07 apr 2020, 13:40

Xızı rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Qabil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın xəbərinə görə, Qabil Məmmədov 16 yanvar 2018-ci ildə, saat 17 radələrində Xızı-Giləzi yolunun Bakı-Quba şosse yoluna birləşən hissəsinin sağ tərəfində - Giləzi qəsəbəsində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında etibarnamə əsasında idarə etdiyi “VAZ-21063“ markalı avtomobili iş yoldaşı Vamiq Cəfərovun yuyulmaqda olan “Niva Chevrolet GLS“ markalı avtomobilinin arxa hissəsində saxlanmasına əsassız irad bildirib.


Bu səbəbdən Vamiq Cəfərovla aralarında sözlü mübahisə başlayıb. Qabil Məmmədov avtomobilini saxladığı yeri dəyişdirərək həmin yerin yaxınlığında kənara çəkib. O, avtomobilinin içərisində gözləyib.


Buna baxmayaraq, sakitləşmək və mübahisəyə son qoymaq əvəzinə Vamiq Cəfərov öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə idarə etdiyi avtomobili Qabil Məmmədovun həmin avtoyuma məntəqəsinin yaxınlığında dayanmış vəziyyətdə olan avtomobilinin sağ arxa tərəfinə toqquşdurub, avtomobilinin pəncərəsindən onun və ailəsininünvanına nalayiq söyüşlər söyüb.


Daha sonra Vamiq Cəfərov Giləzi qəsəbəsi istiqamətində hərəkət edib. Bundan əsəbləşən Qabil Məmmədov Vamiq Cəfərovdan qisas alıb onu öldürmək qərarına gəlib.


Bu məqsədlə avtomobilini Vamiq Cəfərovun arxasınca sürüb, sonuncunun avtomobilinin qarşısını kəsmək istəsə də, sonuncu yenidən öz avtomobilini onun hərəkətdə olan avtomobilinə vurub. Toqquşma nəticəsində idarə etdiyi avtomaşın Giləzi-Xızı şosse yolunun 2-ci kilometrliyində yolun kənarındakı səkiyə çırpılaraq nasaz vəziyyətə düşdüyündən dayanıb.


Qabil Məmmədov avtomobili yenidən hərəkət etdirə bilmədiyindən yerə düşüb. Bu vaxt Vamiq Cəfərov isə bir az irəlidən geriyə dönüb və sürətlə həmin yerə qayıdaraq idarə etdiyi avtomobillə yenidən Qabil Məmmədovun avtomobilinin ön hissəsinə toqquşdurub.


Avtomobilin dayanmasından istifadə edərək Vamiq Cəfərovu qəsdən öldürmək məqsədi ilə sonuncunun idarə etdiyi “Niva Chevrolet“ markalı avtomobilinin sağ ön qapısını sol əli ilə açmaqla salona daxil olub. Qabil Məmmədov əli ilə Vamiq Cəfərovun paltarının boyun nahiyəsindən tutmaqla sağ əlində olan bıçağıqla Vamiq Cəfərovun sinə nahiyəsinə bir dəfə qəsdən zərbə endirib. Vamiq Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb.


İstintaq orqanı tərəfindən Qabil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qabil Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Qabil Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, barəsində ədalətli hökm çıxarılmasını istəyib.


Qabil Məmmədovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, Qabil Məmmədovun şikayəti qismən təmin olunub və onun cəzası 11 ilə qədər endirilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top