"Ünvanıma səslənən söyüşü, təhqiri çox ağır keçirirəm" — Aslan İsmayılov

SİYASƏT 07 apr 2020, 00:07

"Milyonlar belə üstümə gəlsə geri çəkilən, kimlərinsə diqtəsi ilə hərəkət edən deyiləm. Səhv olduğum məqamlara görə də üzr istəməkdən çəkinməmişəm və çəkinməyəcəm. Əminəm ki, bu məni izləyənlər ara sakitləşəndə, hər şey aydınlaşanda kimin kim olduğunu görəcəklər. Həmişəki kimi məqsədim heç bir şəxsi maraq güdmədən ancaq və ancaq dövlətimə xidmət etmək, Azərbaycan xalqına fayda verəcəyini hesab etdiyim fikirləri Sizinlə bölüşmək olub və olacaq".

 

Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

“Buradan troll dəstələri vasitəsilə təhqir etmək, söyüş söyməklə məni qorxutmaq istəyən, öz ailə əxlaqını nümayiş etdirən murdaralara deyirəm ki, sizləri yaxşı tanıyıram, özünüzü yormayın, meydanı sizi kimilərə buraxan deyiləm. Keçdiyim həyat yolu mənə mübarizliyi öyrədib. Uzun illərdir bu xalqın etibarından öz şəxsi ambisiyaları üçün əxlaqsızcasına istifadə edib xalqı bu günə salan dəstələrin başında duranları da tanıyıram. Onlar bir dəstə yox, bir neçə dəstədirlər və hər birinin öz dəsti-xətti var. Ancaq murdarlıqları eynidir - onların murdar niyyətlərinə mane olanları söydürməklə ictimai səhnədən uzaqlaşdırmaq. Bəli, öz əxlaqıma görə bu murdarlar kimi söyüşdən, təhqirdən "reklamımdır" deyə məmnun olmuram, ünvanıma səslənən söyüşü, təhqiri çox ağır keçirirəm. Ancaq geri çəkilən də deyiləm, son nəfəsimə qədər bu tipləri xalqa tanıtmışam, tanıdacam. Özü də söyüşləri nə qədər çox olacaq, ictimai fəaliyyətimə az diqqət ayırsam da, onları ifşa etməyə daha çox vaxt ayıracam. Cilddən cildə girib, mayası haramla yoğrulan murdarlardan fərqli olaraq dürüstlüyün, mərdliyin, kişiliyin ləzzətini və zamana ehtiyacı olduğunu bilirəm.

 

Bunlar o qədər murdardırlar ki, açıq-aşkar faktları da istədikləri kimi utanmadan cəmiyyətə sırımaq istəyirlər. Bunun çoxlu nümunələri var və hər dəfə təkzib edəndə də susurlar, kişilikləri çatmır ki, bircə dəfə də böhtan atdıqlarını etiraf etsinlər. Elə dünən AXCP sədri Əli Kərimlinin müşaviri Məmməd İbrahim (onun funksiyası liderinin tapşırığına əsasən məni söydürməkdir) məni söydürmək, təhqir etdirmək üçün yalandan yazıbdır ki, "Aslan Ismayılova xidmətinin əvəzi verilir. Aslanı vəkillər kollegiyasına üzv edirlər". Axı az-çox savadı olan hamı bilir ki, məni Vəkillər Kollegiyasına üzv qəbul etməyiblər. Sadəcə, Avropa İnsan Haqları məhkəməsi bu ilin 12 martında vəkilliyə bərpa edilməyimlə bağlı Azərbaycan məhkəmələrinin iddialarımı rədd etmələri barədə qərarlarını ləğv edib və işimə yenidən baxılmasını tələb edib. Baxın, bu onların əxlaqıdır. Mənə yaşatdıqlarınızı da sizə bağışlayan deyiləm. Bu hakimiyyət Ramiz Mehdiyev komandası ilə mənim iradəmə qalib gəlmədiyi, uduzduğu kimi eyni aqibəti siz də yaşayacaqsınız. Bu murdarların əllərində maşa olanlara da səslənirəm. Yadınızda saxlayın, həyat çox ədalətlidir və hər kəsin əməllərinə görə verir! Bəzi izləyicilərə bildirirəm ki, onların düşündüyün kimi bu səhifələrdən, sosial şəbəkə fəaliyyətimdən heç nə qazanmıram, əksinə buna görə daim təqib olunmuşam, hətta bəzi məqamlarda ölkə üçün çox aktual olan məsələlərə öz vəsaitim hesabına reklam da verirəm. Hər hansı siyasi iddiam da yoxdur. Yeganə iddiam maarifçilik, ölkəmizdə normal cəmiyyət quruculuğudur. Bu günə qədər Azərbaycan xalqı, doğma vətənim üçün etdiklərimi addımbaşı "mənim xalqım" deyənlərdən fərqli olaraq reklam etməmişəm. Siz onların az bir hissəsini bilirsiniz. Əminəm ki, vaxt olacaq çoxları etdiklərimi, əsl məqsədimi biləndə utanc hissi keçirəcəklər. Yazdıqlarımın səmimi olaraq səhv olduğunu düşünüb haqqımda tənqidi fikirlər səsləndirənlərə heç bir aidiyyatı yoxdur. Əksinə, tənqidə çox açıq insanam, dediklərimin hamısının Quran ayəsi olduğunu düşünmürəm və tənqidi fikirlərə, təkliflərə ehtiyacım var” – Hüquqşünas qeyd edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top