Karantin rejimini pozan şəxs həbsdən azad olunmasını istəyir — ŞİKAYƏT

KRİMİNAL 06 apr 2020, 11:43

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulmasında təqsirli bilinərək həbs edilən Oğuz rayon sakini Elşən Səfərəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.


Hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan iclasda onun apelyasiya şikayətinin dəlilləri araşdırılıb və sonda həbsdən azad edilməsi barədə verdiyi şikayət təmin olunmayıb.


Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elşən Səfərəliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Xatırladaq ki, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.


Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir.


Belə ki, daxil olan əməliyyat məlumatı keçirilən növbəti tədbir zamanı paytaxt sakini Əsgər Şalıyev və Oğuz rayon sakini Elşən Səfərəliyev xüsusi karantin rejimini pozmaqda şübhəli bilindikləri üçün Bakı şəhərində saxlanılıblar.


Araşdırma zamanı məlum olub ki, E.Səfərəliyev və Ə.Şalıyev epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronovirus pandemiyasının yayılması üçün real təhlükə yaratmaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bakı şəhəri istiqamətində hərəkət ediblər.


Bu məqsədlə E.Səfərəliyev Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan təxminən 1 kilometr aralıda özünə məxsus “Mercedes” markalı avtomobili idarə etməyi 50 manat müqabilində razılığa gəldiyi paytaxt qeydiyyatında olan tanışı Ə.Şalıyevə həvalə edib.


E.Səfərəliyev isə nəqliyyat vasitəsinin yük yerində gizlənməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən postu keçib. Daha sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


Əsgər Şalıyev və Elşən Səfərəliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.


Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Ə.Şalıyev və E.Səfərəliyev tutularaq istintaqa cəlb olunublar.


Onlar barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
  

Hazırda istintaq davam edir.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top