Azərbaycanda koronavirusa yoluxanların sayı artır — VİDEO

GÜNDƏM 06 apr 2020, 08:54

Azərbaycanda koronavirusa yoluxanların sayında əvvəlki günlərlə müqayisədə ciddi artım var.


Demokrat.az xezerxeber.az-a istinadla xəbər verir ki, hazırda yoluxanların ümumi sayı 584 nəfərə yüksəlib. Bu da gözlənilən idi. Çünki bir çox ölkələrdə daha böyük faciələrə səbəb olan virus Azərbaycanda martın sonuna qədər ilkin-ibtidai mərhələsini yaşayırdı.


Azərbaycanda bütün strukturların fəaliyyəti koronavirus infeksiyasının yayılmasının qarşısını almağa səfərbər olunub. Bu səfərbərlik yalnız insanların hərəkətlərinə məhdudiyyətin qoyulması ilə deyil, ən əsası səhiyyə sahəsində ciddi yeniliklərin baş verməsində də özünü göstərir.


Azərbaycanın xaricdən ölkəyə gətirdiyi və koronavirus diaqnozu qoymaqda əsas olan testlərin sayının artması bu məsələdə önəmli rol oynayır. Bu isə daha çox insanı yoxlayaraq onların bu infeksiyaya yoluxub- oluxmadığını ortaya çıxarır.


Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tanınmış həkim Kamran Musayev bildirir ki, testlərin sayının artırılaraq xəstəliyin ilkin mərhələdə müəyyən edilməsi müalicənin effektivliyi baxımından müsbət addımdır.


Məsələn, qonşu Ermənistanda cəmi 7994 test, yəni Azərbaycandan 5 dəfə az yoxlama aparılmasına baxmayaraq, yoluxmaların sayı 800 nəfəri ötüb. Testlərlə yanaşı Azərbaycanın hazırda bu xəstəliyi aşkar etmək üçün dünyada mövcud olan ən müasir və bahalı laboratoriyaları alaraq ölkəyə gətirməsi də önəmli rol oynayır.


Koronavirusun ilkin olaraq 14 gün deyilən inkubasiya müddətinin bəzi hallarda 28 günə qədər artması da bu virusa yoluxan şəxslərin digərlərini yoluxdurması ehtimalını dəfələrlə artırır.


Kamran Musayevin sözlərinə görə, xəstəliyin bu xarakteri qısa zamanda çoxlu sayda insanın koronavirus infeksiyasına yoluxmasına gətirib çıxarır.


Bundan başqa, xaricdən gələrək karantinə yerləşdirilən vətəndaşlarda da koronavirus infeksiyasının aşkarlanması yoluxanların sayının artmasına səbəb olur. Pandemiyanın yayılmasının ən təhlükəli istiqamətlərindən biri isə ölkə daxilində yayılmaların artmasıdır. Məhz bu məqamda insanların hərəkətinin maksimum məhdudlaşdırılması koronavirusun sürətlə yayılmasının qarşısının alınması üçün ən effektiv addımlardan biridir.


Dünyadakı proseslərə də baxanda görürük ki, Avropayla müqayisədə ABŞ-da yayılma və ölüm halları gec başlayıb. Ancaq indi dünyada ən çox yoluxma bu ölkədədir. Yəni sonrakı mərhələlərdə hadisələrin necə cərəyan etməsini əvvəlcədən proqnozlaşdırmaq çətinləşib.


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top