İşləyənlərə adambaşına 358 manat, müqaviləsi olmayanlara isə pul verilməyəcək — DETALLAR

SOSİAL 05 apr 2020, 22:45

Xəbər verildiyi kimi, Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Tədbirlər Planını təsdiqləyib.

 
Planda nəzərdə tutulan istiqamətlərdən biri iş yerlərinin ixtisar edilməməsi üçün sahibkarlara dəstək, eləcə də işsizlərə ödənişlərin verilməsidir. Tədbirlərin əksəriyyəti 2 ay müddətinə nəzərdə tutulub.
 

Şirkətlərdə işləyənlərə adambaşına - 358 MANAT

 
Qeyri-neft və qeyri dövlət sektorunda çalışan 300 min nəfərə qarşıdakı aylarda ümumilikdə 215 milyon manat ödəniləcək. Bu bənd üzrə dəstək müddəti dəqiq göstərilməyib. Amma digər tədbirlərdə dəstək 2 ay davam edəcək. 2 aylıq müddət olsa, bu – adambaşına 358 manatdır və ölkə üzrə orta aylıq əmək haqqının (712 manat) yarısı deməkdir. Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin rəsmiləri də dəstəyin maksimum məbləğinin orta aylıq əmək haqqının yarısı həcmində ola biləcəyini bildirirdilər. Bu vəsait iş yerlərinin azaldılmaması məqsədilə şirkətlərə ödəniləcək ki, onlar da işçilərə ödəsinlər. Yardımı da o şirkətlər alacaq ki, işçiləri ixtisar etməsinlər.
 

Fərdi və mikro sahibkarlar adambaşına – 133 manat
 

Plana əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu yardım da iş yerlərinin azaldılmaması məqsədilə ayrılır. Və yardım aid olacaq 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə. Ümumilikdə 300 min nəfərə qarşıdakı 2 ayda 80 milyon manat ödəniləcək, bu da adambaşına 133 manat deməkdir.

 
Dövlət təşkilatlarında ixtisar olmayacaq
 

Tədbirlər planı əsasən biznesə dəstək tədbirlərini əhatə edir, amma dövlət sektorunda işləyənlərə də aiddir. Onlara əlavə maaş verilməyəcək, əvəzində məcburi tətillərə görə maaşlar da kəsilməyəcək. Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması nəzərdə tutulur – tədbir 910 min nəfəri əhatə edir.
 

İşsizlər üçün yeni iş yerləri - AYDA 300 MANAT MAAŞ
 

Plana görə, hökumət qarşıdakı 2 ayda 50 min haqqı ödənilən ictimai iş yeri yaradacaq. Buna 30 milyon manart nəzərdə tutulub. Müddəti və məbləği nəzərə alanda ictimai işlərdə adambaşına orta aylın əmək haqqı 300 manat olacaq.
 

İşsizlərə birdəfəlik ödəniş - 190 MANAT
 

Sənədə əsasən, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur. Tədbirlər planında göstərilib ki, belə vətəndaşların sayı 200 mindir, amma rəsmi göstəricilərə əsasən, yanvarın sonuna ölkədə işsizlərin sayı 90 min ətrafındadır. İstənilən halda bu məbləğ birdəfəlik ödəniləcək.
 

Müqaviləsiz işləyənlərə - ÖDƏNİŞ VERİLMƏYƏCƏK
 

Tədbirlər Planından məlum olur ki, əmək müqaviləsi olmadan işləyənlər üçün birbaşa müavinətlər nəzərdə tutulmayıb. Doğrudur, yuxarıdakı bəndlərdə göstərildiyi kimi, rəsmi qeydiyyatdan keçmiş işsizlərə birdəfəlik 190 manat ödəniləcək. Digər vətəndaşlar üçün isə 2 ay müddətində 50 min ictimai iş yeri yaradılacaq. Amma bəzi sahələrdə çalışan və əmək haqqı gündəlik ödənilən şəxslər üçün ödəniş nəzərdə tutulmayıb. Bura ofisiantlar, tikintidə ustalar və fəhlələr, turizm sahəsində işləyənlər aiddir.(Fed.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top