"Ən effektiv yol fövqəladə vəziyyət elan etməkdir" — Deputat

SOSİAL 04 apr 2020, 14:28

Nazirlər Kabinetinin qərarı ilə aprelin 5-dən Azərbaycanda hərəkət məhdudiyyəti qoyulacaq. Qərarda dövlət əhəmiyyətli qurumların, ölkədə akkreditasiya olunmuş beynəlxalq təşkilatların, Kütləvi Informasiya Vasitələrinin və bir sıra sahələrin təmsilçilərinin xidməti vəsiqələri, yaxud iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol veriləcəyi bildirilir. Amma qalan şəxslər yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa biləcək. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.


Deputat Fazil Mustafa deyib ki, koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq üçün ciddi qadağalar tətbiq olunmalıdır: "İnsanların ehtiyacı var, hər bir məsələdə umacaqları, çətinlikləri mövcuddur. Bunlar hamısı məlumdur. Amma onlar anlamalıdır ki, belə həyati riskə getmək olmaz".


Deputata görə, bu addım zəruridir, yalnız vacib sahələrdə çalışan insanlar üçün buraxılış tətbiq edilməlidir, ictimai nəqliyyatın fəaliyyəti dayandırılmalıdır:"Avtobuslara 30-40 nəfər dolur və potensial təhlükə yaranır. Bu, 20 günlük müvəqqəti çətinlikdir...".


Bu halda qeyri-leqal günəmuzd işləyən vətəndaşların dolanışığı ilə bağlı isə deputat qeyd edib ki, onların siyahısı hazırlanmalı, yerli icra hakimiyyəti orqanları həmin ailələrin azuqə ilə təmin olunmaları istiqamətində addım atmalıdırlar: "Evdə oturan insan minimum yaşam standartları ilə təmin edilməlidir. Bunun müəyyən olunması üçün də bələdiyyələr, mənzil-istismar idarələri siyahıyaalma prosesini təcili gerçəkləşdirməlidirlər. Bu bilindikdən sonra artıq bu məsələnin həlli mümkün olacaq".


Azərbaycandan öncə virusun baş qaldırdığı İranla sərhədin gec bağlanması ilə bağlı sosial şəbəkələrdə yer alan tənqidi fikirlərə gəldikdə isə, deputat bunları deyib: "İranla sərhəd zamanında bağlanıb. Sərhəd bağlamaq elə də asan deyil. Təsəvvür edin, sərhəd bağlanıb, xeyli insan da İrana müalicəyə gedib. Bu vətəndaşlarımız qayıtmalıdırlar... Amma yenə də sərhədlər vaxtında bağlanıb".


Hüquqşünas Hafiz Həsənov isə “Azadlıq” radiosuna deyib ki, Nazirlər Kabinetinin aprelin 5-dən tətbiq edəcəyi yeni məhdudlaşdırıcı qadağalar insanlarda bir sıra problemlər yaradacaq: "Çünki bu qadağaların tənzimləyə bilmədiyi məsələlər var. Günəmuzd işləyənlər, fərdi sahibkar kimi fəaliyyət göstərənlər üçün problemlər yaranacaq. Bunun necə tənzimlənməsi bu qaydalarda əksini tam tapmır".


Hüquqşünasa görə, burada ən yaxşı variant müəyyən vaxt müddəti ilə tənzimlənən fövqəladə vəziyyət elan etmək olardı: "Dünya təcrübəsi də göstərir ki, burada daha çox səmərəli özünütəcrid üsuludur. Amma bu təcrid də sistemli olmasa, müəyyən problemlər yaranacaq. Bunun icrası yenə pərakəndə və dağınıq olacaq".


O deyib ki, dövlətin öhdəlikləri var, ölkə maska ilə təmin olunmalıdır.


İranla sərhədin bağlanması vaxtına gəlincə, H. Həsənov hesab edir ki, sərhədlər dərhal qapanmalı idi: "Fikrimcə, bu addım Azərbaycanda koronavirusa yoluxmanın da səviyyəsinə təsir göstərərdi, buna çevik yanaşılmalı idi. Sərhədlər tez qapansa idi, fəsadlar indiki kimi olmazdı. Odur ki, indi özünütəcriddən başqa effektiv yol qalmayıb. Amma dünya təcrübəsi göstərdi ki, dövlətlərin əksəriyyəti gözlənilməz risklərə heç də hazır deyilmiş".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top