Bakıda adam oğurluğu edənlərin həbs müddəti artırıldı

KRİMİNAL 03 apr 2020, 14:43

Bakıda adam oğurluğu və digər cinayətlərdə ittiham olunan Asim Quliyev və Emin Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.


Demokrat.az xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Rəşad Həsənovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanının vəsatəti təmin olunub.


Təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.


İstintaq orqanı tərəfindən Asim Quliyevin barəsində Cinayət Məcəlləsinin 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək), 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.5-ci (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.3-cü (zor tətbiq etmə ilə hədə-qorxu yolu ilə tələb etmə), Emin Əliyevin barəsində isə Cinayət Məcəlləsinin 144.2.3, 144.2.6, 144.2.5, 182.2.4, 182.2.3, 182.2.1, 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək), 177.2.2-ci (təkrar oğurluq törətmək və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.


İttihama görə, İttihama görə, ötən ilin mayında Bakının Nizami rayonunda 41 yaşlı paytaxt sakini Yasin Bəxtiyarov oğurlanıb. Bildirilir ki, hadisə borc üstündə olub.


Yasin Bəxtiyarovu borclu olduğu şəxslər oğurlayıblar. Onun həmin şəxslərə 10 min manat məbləğində borcu olub.


Oğurlanan şəxsin anası Səbirə Bəxtiyarova polisə müraciət edərək oğlunun mayın 28-də Şərifli küçəsində oğurlandığını deyib. Üç silahlı şəxs onu avtomobilə oturdaraq naməlum istiqamətə aparıb. Onlar borclunun anasından 10 min manat tələb ediblər. Qadın cinayətkarlara yalnız 8000 manat verə bilib.


Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Emin Əliyev və Asim Quliyev həbs edilib. Girovda saxlanılan Yasin Bəxtiyarov azad edilib.


Məlum olub ki, saxlanılan şəxslər Yasin Bəxtiyarovun anası Səbirə Bəxtiyarov ilə telefon vasitəsi ilə əlaqə saxlayılbar. Oğlunun buraxılması müqabilində anadan pul tələb ediblər.


Bu səbəbdən Səbirə Bəxtiyarova da oğlu ilə birlikdə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.


İstintaq araşdırması zamanı dəstə üzvlərinin daha bir neçə oğurluq faktı üzə çıxıb.


Belə ki, onlar Ceyhun Seyidov, Rəfi Əliyev və Rəfail Kərimlinin oğurlayaraq, onların ailə üzvlərindən pul aldıqdan sonra hər üç şəxsi sərbəst buraxıblar.


Qeyd edək ki, bundan əvvəl hər iki təqsirləndirilən şəxslərin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğu iddia edilərək cinayət işi prokurora qaytarılmişdi.


Hazırda Nizami rayon Prokurorluğunda istintaq davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top