"Azadini nazir vəzifəsi gözləyir, Ramili isə böyük vəzifəyə aparacaq..." — Azərbaycanda sabiq məmurların cadugarla SƏRGÜZƏŞTLƏRİ

KRİMİNAL 03 apr 2020, 10:38

Azərbaycanda dələduzluqda ittiham olunan 1985-ci il təvəllüdlü Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ayaz Məhərrəmov tanışı Azadi Paşayev ilə qabaqcadan əlbir olub qrup halında Ramil Bayramovu şərikli biznes fəaliyyəti ilə məşğul olub, sement, boya və digər tikinti məhsullarının satışını təşkil etməklə birgə qazanc əldə edəcəklərinə yalan vəd verib.


O, aldatmaq yolu ilə 26 dekabr 2012-ci ildə həmin dövrün məzənnəsi ilə 78.480 manat təşkil edən 100.000 ABŞ dollarını, 10 yanvar 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 75.341 manat təşkil edən 96.000 ABŞ dollarını və 8 avqust 2013-cü ildə 100.000 manat pulunu davamlı olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə sonuncunun yaşadığı Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5A, mənzil 167 ünvanında alıb.


Sabiq məmura 1 milyon manatlıq dələduzluq


Ayaz Məhərrəmov tanışı Azadi Paşayev ilə birlikdə Ramil Bayramova ümumilikdə 253.821 manat məbləğində külli miqdarda ziyan vurub.


Bundan başqa Ayaz Məhərrəmov Ramil Bayramova Azadi Paşayevin yüksək vəzifəyə təyin olunacağını, vəzifəyə təyin olunduqdan sonra Ramil Bayramovu vəzifəyə təyin edəcəyini, bu məqsədlə Azadi Paşayevə maddi köməklik göstərilməsinin vacib olmasını və vəzifəyə təyin olunandan sonra verilən pulların Azadi Paşayev tərəfindən qaytarılacağını yalandan vəd verib. O, 16 iyun 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 50.999 manat təşkil edən 65.000 ABŞ dollarını, 25 iyun 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 54.915 manat təşkil edən 70.000 ABŞ dollarını, 22 avqust 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 78.430 manat təşkil edən 100.000 ABŞ dollarını, 3 sentyabr 2013-cü ildə 64.000 manat pulunu, 9 sentyabr 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 25.886 manat təşkil edən 33.000 ABŞ dollarını və 19 oktyabr 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 227.447 manat təşkil edən 290.000 ABŞ dollarını davamlı olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə Ramil Bayramovdan alıb. O, bu müddətdə Ramil Bayramovun 501.677 manat məbləğində pulunu ələ keçirib.


Qeyd edək ki, Ramil Bayramov 1993-cü ildən 2009-cu ilə kimi Bakı şəhər Reyestr Xidmətində müxtəlif vəzifələrdə işləyib.


Biznes dələduzluğu


Daha sonra Ayaz Məhərrəmov Tural Müzəffərovla biznez quracağı ilə aldadıb. O, sement, alçıpan və alçıpan aksesuarlarının satışını təşkil edərək pulları qaytaracağını yalandan vəd verib. Ayaz Məhərrəmov aldatma yolu ilə Tural Müzəffərovdan ümumilikdə 30.000 manat alıb.


Ayaz Məhərrəmov Valeh Hacıyevə biznes fəaliyyəti ilə məşğul olub icarəyə götürdüyü sexdə boya istehsal edib, satışının təşkil edərək dövriyyəsini artırmaq və qazanc verəcəyini yalandan vəd verib. O, aldatma yolu ilə Valeh Hacıyevdən 10.295 manat məbləğində pul alıb.


Bundan başqa, o, biznes qurmaq adı ilə Martik Hacıyevdən 199.373 manat alıb. O, nöbvəti dələduzluğu Rəsul Şirinova qarşı edib. Sonuncuya Xırdalan şəhərində yerləşən “Kristal” MTK-da mənzil verəcəyinı yalandan vəd verib və aldatma yolu ilə 2016-cı ilin mart ayında Baksol yolunda yerləşən sexində 10.000 manat pulu alıb.


Daha sonra Ayaz Məhərrəmov Rəsul Şirinova Masazır qəsəbəsində yerləşən anasının adına olan, özünə məxsus 2 mərtəbəli həyət evini aldığı pulların girovu olaraq sonuncunun adına keçirmək məqsədi ilə reyestr çıxarışı alacağını yalandan vəd verib. Aldatma yolu ilə Rəsul Şirinovdan 1 may 2016-cı ildə Xırdalan şəhərində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində 9.000 manat pulu alıb.


“Pullarını hissə-hissə ödədim”


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz Məhərrəmov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 


O, qeyd edib ki, tikinti mateiallarının alqı satqısı və fərdi mənzillərin təmiri ilə məşğul olub, 2016-cı ilin aprel ayına kimi Binəqədi rayonu ərazisində yerləşən “Bakmil” qəsəbəsində toz və boya məhsullarının istehsalı sexi işlədib: 


“Sonra sexi Yaşara təhvil verdim. Təxminən 2015-ci ilin avqust-sentyabr aylarında Yaşarın kürəkəni olan Tural Müzəffərov mənə bildirdi ki, Dərnəgül qəsəbəsində Orxan adlı şəxsə külli miqdarda sement verib və həmin şəxs sementin pulunu verə bilmədiyi üçün, sement əvəzinə ona alçıpan verir. Məndən xahiş etdi ki, həmin alçıpanın satışını təşkil edim. Turalnan razılaşdım və Tural mənə ilkin olaraq 18.800 manat dəyərində alçıpan və aksesuarlarını verdi. Aramızda olan razılaşmaya əsasən Turalın pulunu təxminən 2015-ci ilin oktyabr ayının əvvələrində qaytarmalıydım. Turalın mənə verdiyi alçıpanları və aksesuarları Emil Səməndərova verdim ki, malların satışını təşkil etsin və pulu mənə ödəsin. Beləliklə də, malları Eminə verdim. Sonra onun pullarını hissə-hissə ödədim”.


“Bildim ki, həm Azadini, həm də, Ramili işdən çıxarıblar”


Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2009-cu ilin yaz aylarında Azadi Paşayevin mənzilini təmir edib və bununla əlaqədar Azadi və sonuncunun dostu Ramil Bayramov ilə tanış olub: 


“Təmir qurtarandan sonra Azadi ilə münasibətimiz davam etdiyindən bildim ki, həm Azadini, həm də, Ramili işdən çıxarıblar. Təxminən 2012-ci ildə Azadi təmir etdirdiyi mənzili satdı. Mənim gördüyüm işlərin genişləndirilməsi, həm də ki, özünün pul qazana bilməsi üçün mənzilin satışından əldə etdiyi vəsaiti gördüyü işə vəsait kimi yatızdırmasını təklif etdim. Azadi təxminən 130.000 manat pulu hissə-hissə mənə verdi. Mən də həmin pulnan orta bazar qiymətindən ucuz qiymətə Qaradağ rayonu ərazisindən sement alaraq satışını təşkil edirdim. Ortada olan qazancı Azadi ilə bölüşdük. Həmin ərəfədə Azadi bildirdi ki, Ramildə öz mənzilini satıb. O, mənzilin satışından əldə etdiyi pulu bizim gördüyümzü işə qoymasını və birlikdə pul qazanmağı təklif etdi. Həm də ki, Azadi məndən xahiş etdi ki, Ramili bu işə cəlb edim. Mən də etiraz etmədim. Azadi təxminən 2012-ci ilin dekabr ayında 96.000 ABŞ dolları pulu Ramildən götürərək hissə-hissə mənə verdi. Həmin pulun müqabilində biz ayda 6.000 ABŞ dolları pulu Ramilə qazanc olaraq verməliydik. 2013-cü ilin yanvar ayından etibarən təxminən 4-5 ay ərzində hər ay olaraq Azadiyə 6.000 ABŞ dolları pul verirdim. Azadi həmin pulu Ramilə çatdırırdı”.


“Mənzillindən cadu, qəbirstanlıqdan şəkillərini çıxardı”


Ayaz Məhərrəmovun sözlərinə görə, təxminən 2013-cü ilin yanvar ayında Ramil oğlunun yanında xaricdə olarkən Azadi ona zəng edib, Ramil xaricdə olmasını pulu özü verə bilməməsini bildirib: 


“Azad məndən xahiş etdi ki, pulu Ramilin yoldaşı Fərqanədən evlərindən götürüm. Mən də Azadinin sözü ilə 2013-cü ilin yanvar ayı ərzində bir neçə dəfəyə 100.000 ABŞ dollar pulu Fərqanədən evlərindən götürdüm. Sonra qeyd olunan 196.000 ABŞ dollarına tikinti məhsullarını aldım və satışını təşkil etdim. Malları paylaşdırandan sonra pulları yığa bilmədiyimdən Ramilə pul verə bilmədim. Təxminən 2013-cü ilin yaz aylarında Azadi və dostum Nadirlə birlikdə çayxanada oturarkən, Azadi işlərin getməməsindən danışdı. Nadir bildirdi ki, onun tanış baxıcısı var, həmin adam işlərin nə üçün getməməsini izah edə bilər. Azadi həmin şəxslə görüşmək istədiyini Nadirə bildirdiş Nadir zəng edərək, sonradan adını bildiyim Seid Mircabir adlı şəxsə görüş təyin etdi. Sonrakı günləri Seid Azadinin mənzillindən cadu, “Sərin” restoranının yanında olan qəbirstanlıqdan Azadinin və ailə üzvlərinin şəkillərini çıxardı. Cadudan təmizlənmək üçün Azadi Seidə təxminən 50.000 manat pul verdi”.


“Cadudan təmizlənmək üçün 30.000 manat aldı”


Ayaz Məhərrəmov bildirib ki, həmin ərəfədə Azadi Seid barəsində Ramilə danışıb və Ramil xahiş edib ki, həmin seidi onun mənzilinə gətirsinlər: “Buna görə də mən, Azadi, Seid, Nadir və Mətanət Ramil gilə getdik. Seid Ramilin mənzilində cadu tapdı və bir neçə gün sonra biz birlikdə Novxanı qəbirstanlığına getdik. Oradada Seid qəbirlərin birinin ətrafından torpağı qazaraq büküm çıxardı və bükümdə Ramilin və ailə üzvlərinin şəkilləri oldu. Bundan sonra da bir neçə dəfə Seid Ramilin və ailə üzvlərinin şəkillərini müxtəlif qəbirstanlıqlardan çıxardı və cadudan təmizlənmək üçün Ramildən təxminən 30.000 manat aldı”.


“Dedi ki, Azadini nazir vəzifəsi gözləyir, Ramili isə böyük vəzifəyə aparacaq”.


Təqsirləndirilən şəxs daha sonra ifadəsində keçmiş məmurlar Azad Paşayev və Ramil Bayramovun cadugarla olan sərgüzəştlərini belə danışıb: 


“Seid dedi ki, Azadini nazir vəzifəsi gözləyir, yaxın müddətdə nazir olacaq, Ramili isə Azadi böyük vəzifəyə aparacaqdır. Bu məsələlərdən sonra onların işləri tənzimləndi və onlara əlavə tikinti materiallarının alınması üçün sifarişlər gəlməyə başladı. İlkin mərhələdə nisyə götürdüyümüz malların pullarını verə bilmədiklərindən materialları satan sexlər onlardan borclarının bağlanılmasını tələb edirdilər. Əlimizdə nağd pul olmadığı üçün Azadi pula görə Ramilə müraciət etdi. Ramildə Masazırda olan torpaq sahəsini sataraq əldə etdiyi 60.000 manat pulu bizə verdi”.


“Qızının nişanı qayıtdı, pullarını geri tələb etdi”


Ayaz Məhərrəmov qeyd edib ki, sonra Azadi Ramilə qızı Leylanı öz oğlu Mansur üçün almaq istədiyini deyib: 


“Ramil də buna razılığını bildirdi. Ona görə də Leylaya nişan getdim. Həmin ərəfədə yenidən tikinti materiallarının alınması üçün pul lazım olduğundan Azadi Ramilə pul lazım olmasını dedi. Ramildə Leylanın mənzilini 290.000 ABŞ dollarına satdı, həmin puldan 140.000 ABŞ dollarını kürəkəni Samir götürdü, qalan puldan 90.000 ABŞ dolları mənə verildi ki, borcları bağlayıb, yeni mal vurum.  20.000 ABŞ dolları Ramildə qaldı, 40.000 ABŞ dollarını isə Azadi götürdü və həmin puldan 20.000 ABŞ dollarını Türkiyəyə gedərək istirahət etmək üçün xərclədi. Təxminən 2013-cü ilin oktyabr ayında Azadi oğlu Mansur və yoldaşı Mətanət, Ramil yoldaşı Fərqanə, qızı Leyla və kürəkəni Samir birlikdə Antaliya şəhərinə getdilər. Orada “Mərdan palas” otelində bir həftə qaldıq. Sona Bakı şəhərinə qayıtdıq və bir müddət sonra Azadi oğlu Mansurun Leylayla olan nişanını qaytardı. Bundan sonra Ramil pullarını tələb etməyə başladı və bizdən polisə şikayyət edəcəyini bildirdi. Azadi və mən pulları qaytaracağımızı Ramilə bildirdik. Sözlərimizin təsdiqi üçün notariat kontorunda rəsmi borc müqaviləsi bağladıq. Həmin borc müqaviləsinə əsasən 196.000 ABŞ dollarını Azadi, 732.000 ABŞ dollarını isə mən Ramilə verməli idik. Ramilə 3 dəfəyə 13.000 manatdan 39.000 manat, təxminən 5 dəfə 4.500 manatdan 22.500 manat və 120.000 ABŞ dollarınıda hissə hissə verdim. Beləliklə də Ramilə təxminən 400.000 manat borclu qaldıq. Həmin pulu Azadi Ramilə qaytarmalı idi”.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayaz Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib.  Prokuror Ayaz Məhərrəmovun cəzasının ağırlaşdırılmasını istəyib. Zərərçəkmişlər də apelyasiya şikayəti verərək, Ayaz Məhərrəmovun cəzasının ağırlaşdırılmasını istəyiblər.


Ayaz Məhərrəmov da apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.  


Tərəflərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, prokurorun protesti, zərərçəkmiş şəxslərin apelyasiya şikayətləri təmin olunub. Ayaz Məhərrəmovun cəzası 8 ilə qədər artırılıb.


Ayaz Məhərrəmovun apelyasiya şikayəti isə təmin olunmayıb.


Qeyd edək ki, 1993-cü ildən 2009-cu ilə kimi Bakı şəhər Reyestr Xidmətində müxtəlif vəzifələrdə işləyib. Təxminən 1993-cü ildən o, Azadi Paşayev ilə tanış olub.


Belə ki, Azadi Ramil Bayramov ilə birlikdə qeyd olunan idarədə işləyib.


2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərancamına əsasən idarələri Əmlak komitəsinə birləşdirilib və əməkdaşlar işdən azad olunub.


Həmin gündən həm Ramil Bayramov, həm də Azadi Paşayev işsiz qalıblar.


Azadi Paşayevin də barəsində hüquq-mühafizə orqanlarında cinayət işi ayrıca icraata götürülüb. O, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top