Şirvanda biznesmenin nəvəsi iş yoldaşını öldürdü — ŞOK TƏFƏRRÜAT (ÖZƏL)

KRİMİNAL 01 apr 2020, 10:18

Şirvan şəhərində iş yoldaşını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Əziz İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əziz İbadov Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən binada aparılan təmir-tikinti işləri ilə əlaqədar işdə olarkən iş yoldaşlarının digər iş yoldaşı Abas Abbasov ilə etdiyi zarafata güldüyünə görə sonuncunun onun və digər iş yoldaşlarının ünvanına nalayiq söyüşlər işlədib.


Əziz İbadov həmin söyüşə görə Abas Abbasova iradını bildirib. Abas Abbasov işdən sonra həmin məsələni aydınlaşdırmaq məqsədi ilə ona heç kimin onları görə bilməyəcəyi yerə getməyi təklif edib.


Onlar iş yerindən çıxıb və taksi avtomaşını ilə Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən “Təbəssüm” Mehmanxanasının yaxınlığına gəliblər. Orada avtomobildən düşüb və piyada yolla heç kimin olmadığı əraziyə gediblər. Əziz İbadov orada Abas Abbasovla mübahisələrini davam etdirib.


Bu zaman Abas Abbasov əlini Əziz İbadovun çiyninə qoyub və ona qarşı nalayiq hərəkət edib. Əziz İbadov onun bu hərəkətləri ilə özünü alçalmış hesab edib və Abas Abbasovdan qisas alıb, onu öldürmək qərarına gəlib.


Bu məqsədlə Əziz İbadov özü ilə gətirdiyi bıçaqla Abas Abbasovun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Abas Abbasov aldığı 6 ədəd bıçaq xəsarətindən kəskin qan itirib və hadisə yerində ölüb.


İstintaq orqanı tərəfindən Əziz İbadovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə şahid qismində ifadə verən Məmməd Süleymanov bildirib ki, Əziz İbadov onun nəvəsidir: 


“Təsisçisi olduğum “Sahil Şirkəti” MMC tender əsasında Şirvan şəhərində aparılan təmir-tikinti işləri görür. Hadisəyə kimi Əziz və Abas şirkətiçmdə işləyib. Hadisə baş verən günü,günorta saatlarında işçilərdən kimsə mənə nəvəm Əzizlə Abas arasında sözlü mübahisə olduğunu bildirdi. Əzizi yanıma çağırdım və ondan nə baş verdiyini soruşdum. Sonra ona Abasa baş qoşmamasını tapşırdım”.


Məmməd Süleymanovun sözlərinə görə, Abası 2018-ci ilin mart ayında fəhlə kimi işə qəbul edib: 


“Abas işlədiyi müddətdə dəfələrlə işçilərlə söz-söhbət edib, narazılıqlar yaradıb. İşə qarışandan sonra mübahisəni sakitləşdirmişəm, bir neçə dəfə Abası işdən çıxarmaq istəmişəm. Onun anasının xahişinə görə bunu etməmişəm. Həmin gün saat 18 radələrində Əziz mənə zəng edərək Abasla dalaşdığını, təcili olaraq “Sərvət” şadlıq sarayının arxasına gəlməyimi bildirdi. Ciddi bir hadisənin baş verdiyini düşündüm, təcili-tibbi yardıma zəng etdim. Sonra tanışım Xeyrulla adlı şəxsin avtomobili ilə Əzizin dediyi yerə getdim. Orada Abası uzanmış vəziyyətdə gördüm. Ona yaxınlaşaraq nəbzini yoxladım. Artıq Abasın öldüyünü yəqin etdim. Polis şöbəsinin növbətçi hissəsinə zəng edərək hadisə barədə məlumat verdim. Bir neçə dəqiqədən sonra təcili yardım həkimləri və polis əməkdaşları hadisə yerinə gəldi. Həkimlər də artıq Abasın öldüyünü bildirdi. Hadisə yerinə gələn polis əməkdaşları Əzizi şöbəyə apardılar”.


Məmməd Süleymanovun sözlərinə görə, hadisədən sonra Abasın dəfni ilə əlaqədar yas mərasiminə 1800 manat pul xərcləyib, hər ay isə onun ailəsinə 300 manata yaxın pul verib. O, qeyd edib ki, nəvəsi Əzizlə Abas arasında hadisəyə kimi heç bir ədavət və ya düşmənçilik münasibəti olmayıb.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz İbadov 11 il müddətinə azadlıdan məhrum edilib. Onun cəzasının ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.


Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Əziz İbadovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş ən ağır həddə cəza təyin edilməsini istəyib.


Zərərçəkmiş tərəfdə eyni tələbdə apelyasiya şikayəti verib. Təqsirləndirilən şəxs və onun vəkili də apelyasiya şikayəti ünvanlayıblar. Onlar Əziz İbadovun cəzasının yüngülləşdirilməsini istəyiblər.


Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda tərəflərin şikayətləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, prokurorun protesti, zərərçəkmiş tərəfin və təqsirləndirilən şəxsin, onun vəkilinin apelyasiya  şikayətləri təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top