"Rus bazarı"nda insanlar həyatları ilə "bazarlıq" edir

SOSİAL 29 mar 2020, 21:50

Azərbaycanda xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, vətəndaşlar arasında buna əməl etməyənlər böyük üstünlük təşkil edir. Sanki insanlar bütün dünyada ümumi bəlaya çevrilən koronavirus kimi öldürücü infeksiyanın ciddiliyinə varmaq istəmirlər.


Demokrat.az xəbər verir ki, bu gün Bakının Sabunçu rayonu "Rus bazarı" adlanan ərazidə insan axınını aydın sezmək olur. Halbuki, insanların toplu şəkildə bir araya gəlməyi təhlükəlidir və belə çoxluqda onların virusa yoluxması ehtimalı olduqca yüksəkdir.

 


Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahının tələbləri əsasında xüsusi karantin rejimi dövründə bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılıb. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan, insanlarası təmaslarda 2 metrlik məsafənin saxlanılması tövsiyə edilib. Bundan başqa, 10-dan artıq insanın bir araya toplaşması qadağan olunub.

 

Lakin "Rus bazarı" adlı ərazidə görünən odur ki, vətəndaşlar qanunun qoyduğu tələbləri yerinə yetirmək fikrindən tam uzaqdırlar. Sirr deyil ki, bununla da onlar öz səhhətlərini təhlükə altına atmış olurlar. 

 


Düzdür, bu məkan satıcılar üçün ailələrinə çörəkpulu qazanmaq üçün bir imkandır. Lakin insan həyatından, onun sağlamlığından heç bir şey vacib ola bilməz. Ona görə də, qoyulan qaydalara riayət etməklə vətəndaşlar həm özlərini, həm də ailələrini, doğmalarını qorumuş olacaqlar.  

 

P.S. Bazardakı görüntülərdə avtomobillərin birində "Allah qorusun!" yazılıb. Bəli, Allah qorusun! Amma biz də qorumalıyıq, ailəmizi, doğmalarımızı və özümüzü...

 


Zaur 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top