Anar Əskərov: “COVID-19-a görə Azərbaycanda xəbər saytlarının oxunması 60 faiz artıb”

GÜNDƏM 28 mar 2020, 20:48

“Hazırda dünyanın əksər ölkələrində COVID-19 virusu yayılıb. Belə dövrlərdə insanlar informasiyaya qarşı daha həssas və daha tələbkar olurlar”.  


Demokrat.az-ın xəbərinə görə, bu fikirləri PR və müasir media üzrə mütəxəssis Anar Əskərov bu gün “103 FM” radiosunun “Texnopolis” verilişində böhran dövrlərində informasiyanın idarə edilməsi ilə bağlı danışarkən deyib.  


Mütəxəssis ölkənin əsas xəbər saytlarının yeddisindən toplanan məlumatlara istinad edərək deyib ki, Çində COVID-19 virusu ilə bağlı karantin rejiminin tətbiqindən sonra Azərbaycanda xəbər saytlarının oxunması 60%-ə yaxın artıb: 


“Virus daha yaxın ölkələrdə yayıldıqca, artım sürəti də yüksəlib”.  


Belə bir anda kütləvi informasiya vasitələrinin (KİV) üzərinə ciddi öhdəlik düşdüyünü bildirən Anar Əskərov oxucuları da daim əldə etdiyi informasiyanın doğruluğunu sorğulamağı və yalnız rəsmi və ciddi informasiya mənbələrinin yaydığı məlumatları əsas götürməyə səsləyib.  


Onun bildirdiyinə görə, saxta və yalan xəbərlər insanlar arasında təşviş yaradır, nəticədə prosesin daha da nəzarətdən çıxmasına səbəb olur: “Hazırda rəsmi qurumların və media orqanlarının apardığı inzibati və maarifləndirmə tədbirləri isə bu növ xəbərlərin azalmasına və təsirinin yox olmasına imkan yaradır”. 


Anar Əskərov bildirib ki, informasiya azlığı saxta xəbərlərin, virusla bağlı miflərin yaranmasında və yayılmasında ən böyük amillərdən biridir. Bu səbəbdən o hesab edir ki, ekspertlərin və məşhur şəxslərin də prosesə qoşulması, maarifləndirmə işində media qurumlarına dəstək olması olduqca vacib və faydalı addım olar: “İnsanlar bir proses haqqında daha dolğun məlumata sahib olduqca ona qarşı yanaşması da daha təmkinli və nəzarətli olur”.  


O, həmçinin qeyd edib ki, bu hadisələrdən sonra insanlar etibarlı mənbələri daha çox tanıyacaq və saxta xəbərlər paylaşan şəxslər, qurumlar öz işlərinin nəticələri haqqında daha çox düşünməyə vadar olacaqlar. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top