Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür — FOTOLAR

SOSİAL 27 mar 2020, 17:14

Azərbaycan ərazisində də koronavirus (COVID-19) infeksiyasına yoluxan insanların sayı digər respublikalarla müqayisədə kifayət qədər azdır. Bu virusun geniş miqyasda yayılmasının qarşısını almaq məqsədi ilə dövlət tərəfindən kifayət qədər önləyici tədbirlər həyata keçirilir. Lakin bir çox hallarda vətəndaşların öz məsuliyyətini tam olaraq dərk etməyərək karantin rejiminə ciddi çəkildə əməl etmədikləri müşahidə edilməkdədir. Ona görə də Abşeron rayonu ərazisində pandemiyası ilə əlaqədar baş verəbiləcək yoluxma hallarının qarşısının alınması məqsədi ilə bu gün də maarifləndirmə, təbliğat və dezinfeksiya tədbirləri davam etdirilib. Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tətbiq etdiyi qrafikə uyğun olaraq kənd və qəsəbələrdə təxirəsalınmaz sosial izolyasiya istiqamətində işlər görülür. Gigiyena və Epidemilogiya Mərkəzi tərəfindən rayonda insanların kütləvi toplaşa biləcəyi yerlər mütəmadi olaraq dezinfeksiya olunur.  Səsgücləndirici qurğular quraşdırılmış xüsusi avtomobillər vasitəsi ilə rayonun Masazır kəndində, Zəngilan Qaçqın Şəhərciyində, Xırdalan şəhərində, Novxanı və digər kənd və qəsəbələrdə maarifləndirmə tədbirləri həyata keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri sakinlərin diqqətinə çatdırılıb.


Demokrat.az xəbər verir ki, Abşeron rayonu ərazisində həyata keçirilən “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya bu gün də uğurla davam etdirilib. Belə ki, qərargaha 8 çağırış edilib.


Onlardan Qəhrəmanova Minayə Mədət  qızı (76 yaş, Xırdalan şəhəri), İbrahimova Rübabə Dadaş qızı (74 yaş, Xırdalan şəhəri), Azadəliyev Cəbrayıl Məhəmməd oğlu (74 yaş, Xırdalan şəhəri), Əbdülov Əbdül İsmayıl oğlu (70 yaş, Xırdalan şəhəri), Abbasova Raisa Qardaş qızı (68 yaş, Xırdalan şəhəri), Əliyeva Sədaqət Dadaş qızı (70 yaş, Mehdiabad qəsəbəsi), Baxışov Eldar Həsən (82 yaş, Masazır kəndi), Quliyev Bəxtiyar Paşa oğlu (Görədil kəndi) dərman vasitələrinin, ərzaq məhsullarının alınıb verilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş edib. Onların hər birinin yaşadığı ünvana gedilərək lazimi xidmətlərlə təmin edilib.


Qeyd edək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə “könüllü qərargahı” yaradılıb. Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir.


Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)


#böyüklərimiziqoruyaq #Covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top