Mədəniyyət Nazirliyindən Xalq artistinin dəfni ilə bağlı vətəndaşlara MÜRACİƏT — YENİLƏNİB

HADİSƏ 27 mar 2020, 13:15

Mədəniyyət Nazirliyi koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycanda tətbiq olunan xüsusi rejimin qaydalarına riayət olunması üçün Xalq artisti Rauf Babayevin dəfni ilə bağlı vətəndaşlara müraciət edib.


Bu barədə "Report"a açıqlama verən nazirliyin nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov vətəndaşları karantin qaydalarına riayət etməyə çağırıb:


"Mətbuat vasitəsi ilə insanlara müraciət edirik ki, heç kim dəfn mərasiminə gəlməsin. Hökumətin karantin rejimi ilə bağlı qərarı var. Hamı buna əməl etməlidir. 10 nəfərdən artıq insanın toplaşmasına icazə yoxdur. Nazirlik mədəniyyət xadiminin itikisi ilə əlaqədar ailəsinə, yaxınlarına və xalqımıza başsağlığı verir".


Qeyd edək ki, Xalq artisti, müğənni Rauf Babayev bu gün 82 yaşında dünyasını dəyişib.


O, bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacaq.


Allah rəhmət eləsin!

 


12:39

Azərbaycanın Xalq artisti Rauf Babayev dünyasını dəyişib.


“Report” xəbər verir ki, müğənni 82 yaşında vəfat edib. 


Rauf Babayev 1937-ci ildə Gümrüdə anadan olub. O, 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995-2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib.


Müğənni 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəri idi. Bir çox xarici ölkələrdə qastrol səfərlərində olub.


R.Babayev 1978-ci ilin yanvarında Azərbaycan SSR əməkdar artisti, 2006-cı ilin sentyabrında Xalq artisti fəxri adı alıb.


Rauf Babayev bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacaq.


Allah rəhmət eləsin!

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top