Xüsusi karantin rejiminə məhəl qoymayan insanlara polkovnikdən xəbərdarlıq: "Küçələrə hərbiləşmiş patrullar çıxarılacaq"

GÜNDƏM 24 mar 2020, 18:18

"Azərbaycanda koronavirusa qarşı mübarizə məqsədilə tətbiq olunan xüsusi karantin rejiminə insanlar ciddi və məsuliyyətli yanaşmalıdırlar. Hər bir məsələdə olduğu kimi, bu məsələdə də insanlarımız nizam-intizama ciddi əməl etməlidirlər. Əks təqdirdə dövlət daha sərt tədbirlər həyata keçirə bilər".  


Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın keçmiş rəis müavini, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov bildirib. 


Polkovnik deyib ki, Çində koronavirusa qarşı mübarizə tədbirlərinin effeltiv yekunlaşmasına əsas səbəb bu ölkənin əhalisinin yüksək nizam-intizama əməl etməsi olub:


"Həmin yüksək nizam-intizamın nəticəsidir ki, bu gün Çin bu bəladan demək olar xilas olunub. Bu nümunə təkcə Çində deyil, bir çox ölkələrdə mövcuddur. Ancaq İtaliyaya baxsaq, biz bu ölkədən nümunə götürə bilmərik. Çünki İtaliya əhalisinin səhlənkar və qeyri-ciddi yanaşması nəticəsində bu gün ölkəsi virusla mübarizədə aciz qalıb. Əgər Azərbaycan əhalisi də italyanlar kimi bu virusa səhlənkar yanaşsa, sabah oxşar acınacaqlı vəziyyət bizim ölkəmizdə də yarana bilər. Bunun isə günahı dövlətdə yox, əhalidə olmalalıdır, buna görə xalq dövləti qınamalı deyil. Bu gün Azərbaycan dövləti virusdan qorunmaq üçün bütün lazımı tədbirləri görür, dölət başçısı səviyyəsində əhaliyə çağırışlar olunur. Ancaq çox təəssüflər olsun ki, bəzən biz əhalinin hələ də tətbiq olunan xüsusi karantin rejiminə ciddi yanaşmadığının şahidi oluruq. Bu artıq vətəndaşlarımızın öz günahlarıdır. Hesab edirəm ki, hazırda Azəraycanda da yüksək nizam-intizama ehtiyac var".


Şair Ramaldanov qeyd edib ki, başda ölkə Prezidenti olmaqla, Azərbaycanın bütün dövlət qurumları koronavirusa qarşı mübarizə üçün vətəndaşları məsuliyyətli olmağa çağırırlar:


"Şübhəsiz ki, onlar bütün bu addımları insanlarımızın qorunması naminə edirlər. Cənab Prezident hər zaman olduğu kimi, bu virusla bağlı da bütün vasitələrdən istifadə edir ki, Azərbaycan xalqını dünyəvi fəlakətdən qorusun. Bunun fərqi yoxdur, istər virus, istər digər xəstəliklər, müharibə, təbii fəlakətlər və sairə olsun, cənab Prezident ilk növbədə öz xalqının qorunması üçün çalışır və mübarizə aparır. Bunun nəticəsində də Azərbaycan əhalisinin təhlükəli hallara düşmə riski azalır. Bu gün cənab Prezident milləti və xalqı düşünərək, bütün hökuməti səfərbər edib, virusa qarşı birgə mübarizə tədbirləri həyata keçirilir, ən vacib iş yerləri qalmaqla, digər insanları maaşları saxlanılmaqla məzuniyyətə buraxırlar. Məqsəd də odur ki, insanlar evdən çıxmasınlar və dövlətin apardığı tədirlər effektiv olsun".


O bildirib ki, əgər hansısa düşüncəsi zəif ola adamlar küçələrə çıxıb özünü virusa yoluxdurursa, gigiyenik qaydalara əməl etmirsə, burada dövlətin günahı yoxdur:


"Mən küçədə gəzən həmin adamları təxribatçı kimi qəbul edirəm. Yəni, cəmiyyət özü onların cavabını verməli, təhlükəni ciddiliyini anlayıb həmin insanları küçələrdən, yığıncaqlardan qovmalıdır. Artıq bu məsələ ilə bağlı risklərin azaldılması üçün təkcə dövlət deyil, cəmiyyətin özü də səfərbər olmalıdır. Yalnız bu halda biz koronavirus bəlasından minumum itkilərlə çıxa bilərik. Bunun üçün də ilk növbədə cəmiyyət yüksək nizam-intizam ortaya qoymalıdır".


Polkovnik vurğulayıb ki, Azərbaycanda xüsusi karantin rejiminə ciddi yanaşmayan və məsuliyyətsiz hərəkətə yol verən şəxslərə qarşı sərt tədbirlər görüləcək:


"Hələlik Azərbaycanda olan vəziyyət nəzarət altındadır. Buna uyğun olaraq da müvafiq tədbirlər görülür. Artıq xüsusi karantin rejimi elan olunub. Əgər ehtiyac yaransa, növbəti addımda hərbiləşmiş patrullar olacaq. Çox şükürlər olsun ki, Azərbaycanda vəziyyət nəzarət altındadır. Ancaq bu əsas vermir ki, biz elan olunan tədbirlərə ciddi yanaşmayaq. Əgər insanlarımız vəziyyətin təhlükəli olmasına ciddi yanaşmasalar, yəqin ki, gələcəkdə küçələrdə hərbiləşmiş patrullar yerləşdiriləcək. Hətta, düşünürəm ki, burada cinayət tərkibli məsuliyyətə cəlb olunma da olacaq. Artıq buna hazırlıq işləri gedir. Əgər ehtiyac olsa, hərbiləşmiş patrullar da öz vəzifələrini icra edəcəklər. Yenə təkrar edirəm ki, bu bəladan minumum çıxmaq üçün cəmiyyətimiz də səfərbər olmalıdır".


Vaqif Hüseynov
Demokrat.az


    

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top