Azərbaycanın qəzalı vəziyyətdə olan su anbarında təhlükə aradan qaldırılır — VİDEO

SOSİAL 21 mar 2020, 11:34

Ölkənin ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” SES-in su anbarında yaranan ciddi problemin aradan qaldırılması istiqamətində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti təxirəsalınmaz işləri davam etdirir.


Bu barədə Demokrat.az-a “Azərenerji”dən məlumat verilib. 


Qeyd edək ki, 40 il əvvəl tikilən su anbarının daşmaması, yağıntı zamanı yığılan artıq suyun buraxılaraq onun səviyyəsinin tənzimlənməsi üçün tikilmiş su tullayıcı qurğu 2003-cü ildən bəri qəzalı vəziyyətə düşüb. Daha doğrusu, hər biri 160 metr uzunluğunda olan üçbloklu yeraltı su tunelinin döşəməsində, tavanında, orta aşırımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəldiyindən və beton qatları qırıldığından, güclü su sızması var idi ki, bu da hər an qurğunun uçmasına səbəb ola bilərdi. 


Məhz buna görə də, 2018-ci ildə qəbul edilən “Reabilitasiya Proqramı” çərçivəsində yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanaraq təmir işlərinə başlanılıb. Hazırda su tullayıcı qurğunun anbar tərəfindən başlığında, hər 3 tunellin içərisində və qurğunun genişləndirilmiş çıxış hissəsində yenidənqurma, bərkitmə, betonlama və təmir işləri aparılır. 

  
Bununla yanaşı, “Reabilitasiya Proqramı” çərçivəsində “Şəmkir” SES-in hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqat üçün sifariş əsasında gətirilən ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok transformatoru əsaslı təmir olunub. Beləliklə, “itirilmiş” güc bərpa olunaraq, dayanıqlıq və etibarlılıq artırılıb. Planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, hidroaqreqat generatorlarının təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SCADA dispetçer-idarəetmə sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurulması nəzərdə tutulub. 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top