"Hökumətin koronavirusa qarşı qabaqlayıcı tədbirləri müsbət qiymətləndirilir" — Politoloq

SOSİAL 20 mar 2020, 23:11

Prezident İlham Əliyev Azərbaycan xalqına Novruz bayramı təbrikində xalqımızın həmrəylik nümayiş etdirdiyini, koronavirusun dünyanı silkələdiyi zamanlarda milli birliyin nümayiş etdirildiyini bəyan edib. Prezident xalqımızı bir daha birliyə çağırıb.

 

Politoloq Elxan Şahinoğlu Demokrat.az-a şərhində bildirib ki, Azərbaycan prezidentinin Novruz bayramı münasibətilə xalqa müraciəti bir neçə hissədən ibarətdir: “Birincisi, prezident Azərbaycan iqtisadiyyatının qazandığı uğurlardan danışır. İkincisi, prezident siyasi partiyalar arasında dialoqun vacib olduğuna toxunur. Üçüncüsü, prezident Ermənistanın işğalçı siyasətinin ifşasını davam etdirir. Dördüncüsü, prezident dünyanı bürüyən koronavirus təhlükəsindən danışır.

 

Əlbəttə, iqtisadi sahədə artım var və ilin başlanğıcında daha böyük hədəflərə nail olunacağı ehtimal olunurdu. Ancaq koronavirusun dünyada və bölgədə yayılması, sərhədlərin bağlanması iqtisadiyyata mənfi təsir edir. Qapanan sərhədlər turizmə və nəqliyyat sektoruna, o cümlədən orta və kiçik sahibkarlığa problemlər yaradır. Bundan başqa, neftin qiymətinin enməsi də büdcəyə əlavə problemlər yarada bilər. İndiki məqamds əsas məsələ hökumətin yardım proqramını işə salmaqdır.


Siyasi dialoq vacibdir. Bu Azərbaycanda davamı sabitliyə xidmət etməlidir. Doğrudur, parlament seçkilərinin nəticəsiylə bağlı fikir ayrılıqları olmasaydı, siyasi dialoqun effekti daha müsbət olardı. Buna baxmayaraq, indiki ağır durumda etiraz mitinqlərinin və yürüşlərin yeri yoxdur. İnformasiya təhlükəsizliyinə də diqqət yetirməliyik. Düşmən Azərbaycanın informasiya məkanına müdaxilə edərək təxribatçı xəbərlər yaya bilər. Buna yol vermək olmaz.


Dağlıq Qarabağ münaqişəsinə gəldikdə Ermənistanın vəziyyəti daha da ağırlaşıb. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddi illərdir bağlıdır. İran və Rusiya ilə sərhəd də bağlandı. Bundan başqa Ermənistanda koronavirus xəstələrinin sayı artır. Mövcud vəziyyət Ermənistanın istisadiyyatında ciddi problemlər yaradacaq. Ermənistandakı vəziyyəti diqqət mərkəzində saxlamalıyıq. Onlar bizə problem yaratmaqdansa, biz onlara əlavə problemlər yaratmalıyıq”.


E.Şahinoğlu qeyd etdi ki, prezidentin koronavirusla bağlı sözləri önəmlidir. Prezidentin də qeyd etdiyi kimi, vətəndaşlar məsuliyyətli olmalıdırlar, çünki xəstəliyin çarəsi hələ tapılmayıb və bəşəriyyətin bu vəziyyətdən necə çıxacağı hələ bəlli deyil: “Bəzi Qərb ölkələrində olduğu kimi Azərbaycanda da fövqəladə vəziyyətin tətbiqi istisna deyil. Bunu prezidentin sözlərindən də anlamaq olar. Demokratiyanın beşiyi sayılan ölkələrdən Fransada vətəndaşların küçəyə çıxması yasaqdır. İnsan həyatını xilas etmək naminə azadlıqlar məhdudlaşdırıla bilər. Ona görə də bu ağır vəziyyətdə prezidentin verdiyi qərarlar doğrudur. Bu ağır vəziyyətdən bir yerdə çıxmalıyıq. Bu günə qədər Azərbaycan hökumətinin koronavirusa qarşı qabaqlayıcı tədbirləri müsbət qiymətləndirilməlidir. Etiraf etmək lazımdır ki, xalq tərəfindən də müsbət qarşılanır, dəstəklənir. Bu tədbirlər virusun yayılmasını mümkün qədər əngəlləyir. Dövlətin addımlarının əhali tərəfindən dəstəklənməsi öz-özlüyündə bir milli həmrəylik yaradır”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top