Milli Məclisdə komitə iclası onlayn keçirildi

SOSİAL 18 mar 2020, 18:13

Milli Məclisin Mədəniyyət komitəsinin altıncı çağırışda ilk iclası onlayn sistemlə keçirilib.

 

Milli Məclisin Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, komitə sədri Qənirə Paşayeva ölkədə koronavirusla mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirərək dövlətin qaydalarına uyğun olaraq komitənin bu sistemlə keçirilməsi zərurətinin yarandığını vurğulayıb. 

 

İclasda əvvəlcə komitənin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub. Bildirilib ki, qarşıdakı dövrdə “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında” vacib qanun layihələrinin hazırlanması nəzərdə tutulur. Komitə üzvlərinin sənədlərlə bağlı təklifləri dinlənilib, qanunvericilik işləri planı təsdiq edilib.

 

Sonra “Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələyə baxılıb. Bildirilib ki, sənədlərdə təklif olunan dəyişikliklərin məqsədi “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun icrası ilə əlaqədardır.

 

İclasın gündəliyinə daxil edilən digər sənədin - “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara təklif edilən dəyişikliklərin “Reklam haqqında” qanuna uyğunlaşdırma məqsədi ilə aparıldığı qeyd edilib.

 

Onlayn müzakirələrin sonunda hər iki sənədin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi barədə qərar qəbul edilib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top