Paytaxtın avtodayanacaq problemi - TƏHLİL

Paytaxtın avtomobil dayanacaqları gəlirli sahə olduğundan bu sahəyə nəzarət uğrunda yerli özünüidarəetmə orqanları formalaşdırıldığı ildən etibarən ciddi mübarizə gedir, desək yəqin ki yanılmarıq.


İlkin dövrdə avtodayanacaqlarla bağlı paytaxtda yaranmış vəziyyətə qısa bir nəzər salaq.


Əvvəlcə qeyd edək ki, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”(1999), (maddə 7.1.6) həm də “Yerli vergilər və ödənişlər haqqında” (2001) (maddə 9.1.5.) Qanunlarında əsasən bu istiqamətdən daxil olan ödənişin məhz yerli orqanlara aid edilməsi birmənalı olaraq göstərilir. Adıçəkilən qanunlardan irəli gələrək həmin dövrdə paytaxtın icra başçısı olmuş mərhum R.Allahverdiyev şəhərdə olan dayanacaqların bələdiyyələrə verilməsi barədə sərəncam imzalayaraq (01.09.2000-ci il tarixli № 849 saylı), dayanacaqları müvəqqəti olaraq bələdiyyələrin istifadəsinə verib və bu addımını “icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin maliyyə problemlərinin həll olunmasına kömək məqsədi ilə” həyata keçirildiyini sərəncamda qeyd edib. Təxminən bir il sonra paytaxtın o dövrdə yeni təyin edilən icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən imzalanmış sərəncamla “Bakı şəhərinin ərazisində yerləşən gündüz avtomobil dayanacaqlarının bələdiyyələrə verilməsi barədə BŞİH başçısının 01.09.2000-ci il tarixli № 849 saylı sərəncamının ləğv edilməsi və Bakı şəhərində minik avtomobilləri dayanacaqlarının işinin təşkilinin tənzimlənməsi haqqında” № 655 saylı 15.10.2001 bələdiyyələr həmin maliyyə mənbəyindən məhrum oldular.


Sərəncamda göstərilirdi ki, “son vaxtlar Bakı şəhərinin küçə və meydanlarında, hökumət və dövlət idarələrinin, iri ticarət mərkəzlərinin, əhalinin istirahət etdiyi park və bağların ətrafında ayrı-ayrı şəxslər tərəfindən kortəbii şəkildə minik avtomobilləri dayanacaqlarının təşkili geniş yayılması onu göstərir ki, müvafiq bələdiyyələr Bakı şəhərinin ərazisində minik avtomobilləri dayanacağı işinin təşkilinin lazımi səviyyədə qurmayıblar ki, bu da dayanacaqlarda əhalinin və nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətməklə yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarıb”.


Beləliklə, şəhərdəki hərəkət qarışıqlığına görə, bütün məsuliyyət bələdiyyələrin üzərinə atılıb və səbəbkar kimi yerli orqanlar ciddi ittiham edilirdilər.


Ümumiyyətlə Hacıbala Abutalıbovun Bakı ŞİH-nə rəhbərliyi dövründə açıq etiraf etməliyik ki, bələdiyyələrə ögey münasibət bəslənilmiş, bir sıra hallarda bütün neqativ halların baş verməsinin əsas səbəbkarı kimi bələdiyyələr günahlandırılmışdır.


Cənab Prezident İlham Əliyevin söylədiyi kimi bütün hallarda bələdiyyələr “icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz”lər fikri eks-merin bu fikirlərini alt-üst etdi.


Bu arada qeyd edim ki, yuxarıda qeyd etdiyim icra başçısının imzaladığı 15.10.2001 tarixli sərəncamıyla bağlı paytaxtın on mərkəz bələdiyyəsinin sədri Yasamal Bələdiyyəsi sədrinin kabinetində məhz sərəncam imzlandıqdan dərhal sonra ciddi fikir mübadiləsi aparsalarda, icra başçısına bununla bağlı müraciətin ünvanlanması barədə ortaq məxrəcə gələ bilməmələri sonda bu sahənin bələdiyyənin əlindən birdəfəlik çıxmasına şərait yaratmış oldu.


Sonralar bu sahəyə nəzarət keçmiş Nəqliyyat Nazirliyinə verilsə də, sonradan təkrar olaraq Bakı ŞİH -ə həvalə edildi. Və ən müasir standartlara cavab verən biləcək bir sahə yaradıldığnı da qeyd etməliyik. Bütün paytaxt küçə və prospektlərində ən müasir parkomatlar quraşdırldı, fəaliyyət dairəsi müəyyən edildi. Üstəlik Ticarət və Xidmət Departamentinin nəzdində təsərrüfat hesablı bir müəssisə də yaradıldı. İlk Avropa Oyunları ərəfəsində sistem işə salındı və həqiqətən də işlədi.


Amma az müddətdə. Bu uğurdan başı gicəlnənən müəssisə rəhbərliyi tərəfindən DYP ilə razılaşdırılmamış və lazımsız yerlərdə saysız hesabsız parkomatlar quraşdırıldı, Bu da öz növbəsində şəhərdə həm hərəkət sıxlığı yaratdı, həm əhalinin haqlı narazılığına səbəb oldu. Nəticədə müssəisə rəhbəri işdən azad edildi.


Başqa bir diqqəti çəkən məqam ondadır ki, bu gün büdcə vəsaitləri hesabına alınan parkomatların böyük əksəriyyəti işləmir, bəziləri sökülüb və sahə tam nəzarətsiz qalıb. Baxmayaraq ki, maliyyə vəsaiti yığılır.


Təəcüblü gələn məqam ondadır ki, verilən hesabatlarda avtodayanacaqlarla bağlı rəqəmlər heç vaxt səsləndirilməyib. Şəffaflıq demək olar ki, təmin edilməyib.


Halbuki tək paytaxt bələdiyyələrinin büdcəsinə dayanacaqlardan 2017-ci ildə 110.400 manat vəsait daxil olub. Ekspertlər bütün paytxat üzrə bu rəqəmin il ərzində beş milyon manatdan arıtq olduğunu qeyd edirlər.


Bu günlərdə bu sahəyə nəzarətin istiqaməti Prezident sərəncamıyla dəyişdirilərək Bakı Nəqliyyat Agentliyinə verilib. Arzumuz budur ki, sahənnin kimin səlahiyyətinə verilməsindən asılı olmayaraq yığılan vəsait büdcəyə daxil edilsin, şəffaflıq təmin edilsin, sonda isə bələdiyyələrə də dayanacaq yaratmağa imkan və şərait yaradılsın.


Bu gün bəzi bələdiyyələrin Bakı ŞİH-lə məhz yeraltı dayanacaqla bağlı məhkəmə çəkişməsi davam etməkdədir. Sözsüz ki, bələdiyyələrlə bağlı bütün problemlərin həlli istiqamətində Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiaysı da öz sözünü deməyə borcludur.


Son olaraq bir məqamı qeyd etməyi özümə borc bilirəm.


Belə ki, bizim hər birimiz qəbul etməliyik ki, bütün hallarda bələdiyyələrə əlavə vəsaitin daxil olması sonda seçicinin probleminin həlli deməkdir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin indiki rəsmilərini bələdiyyələrin fəaliyyətinin diqqətdə saxlamağa, onlarla əməkdaşlıq etməyə və paytaxtımızın abadlığı istiqamətində bələdiyyələrə dayaq durmaqla bağlı ürəkli addım atmağa səsləyirəm. Bakı Nəqliyyat Agentliyinin  isə avtodayanacaqlarla bağlı yaranmış vəziyyəti təhlil edərək kökündən dəyişəcəyinə, prosesə bələdiyyələrində cəlb ediləcəyinə inanıram.

 

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

6 Avqust 2018, 10:14   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß