"İctimai yerlərə gedəndə əlimə spirt vururam" — Deputat koronavirusdan necə qorunduğunu AÇIQLADI

GÜNDƏM 18 mar 2020, 13:07

"Koronovirusdan qorunmaq üçün tez-tez əlimi sabunla yuyuram. Evdə virus və mikrobları öldürən ultrasiolet şüaları buraxan cihaz quraşdırılıb. O virusu məhv etmək üçün çox güclü lampadır. Bundan başqa, virusa görə şəhərdə çox gəzmirəm. Yalnız vacib olan görüşlərə gedirəm".


Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin 73 saylı Lənkəran şəhər dairəsindən seçilmiş deputatı, professor Rüfət Quliyev bildirib. 


R.Quliyev virusdan qorunmaq üçün immuniteti gücləndirən qidalardan bol istifadə etdiyini deyib:


"Hər gün səhər-səhər ac qarına bir baş sarımsaqla limon suyundan hazırlanan məhlul qəbul edirəm. Sarımsağı bu cür qəbul edəndə ağızdan qoxu gəlmir. İctimai yerlərə gedəndə isə əlimə spirt vururam. Son vaxtlar zəncəfil çayı çox içirəm, virusa qarşı çox effekti dərmandır. Digər  insanlara da tövsiyə edirəm ki, bacardıqları qədər təbii qidalar qəbul etsinlər, evdən bayıra çıxmasınlar, kənar təmaslarda olmasınlar, əgər işlərini virtual şəkildə görmək imkanları varsa, bacardıqları qədər belə etsinlər". 


Deputat qeyd edib ki, Azərbaycan hökuməti koronovirusa qarşı kifayət qədər güclü tədbirlər görür: 


"İran və digər ölkələrdən Azərbaycana gələn insanlar ciddi həkim nəzarəti altında yoxlanılır. Dövlət rəhbərliyi əlindən gələn qədər çalışır ki, bu virus Azərbaycanda pandemiyaya çevrilməsin. Əgər biz özümüzü başqa ölkələrlə müqayisə etsək, o zaman görərik ki, Azərbaycanda vəziyyət kifayət qədər sabit və nəzarət altındadır. Bunun da əsas səbəbi cənab Prezidentin tapşırığı ilə hökumət qurumlarının bir-biri ilə əlaqəli və operativ şəkildə koronovirus təhlükəsinə qarşı geniş mübarizə tədbirləri həyata keçirməsidir".


Zaur Hacılı
Demokrat.az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top