"Türkiyədə məhkəmələr tam azaddır və qərara hörmətlə yanaşmaq lazımdır" — Türk generaldan Mübariz Mənsimovun həbsinə REAKSİYA

GÜNDƏM 17 mar 2020, 13:06

Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılqan Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbs edilməsinə münasibət bildirib.


Türkiyəli general Demokrat.az-a eksklüziv açıqlamasında deyib ki, Mübariz Mənsimovun həbsini siyasiləşdirmək doğru deyil:


"Türkiyə hüquqi və demokratik dövlətdir. Türkiyədə məhkəmələr tam azad və müstəqildir. Odur ki, məhkəmənin qərarlarına hörmətlə yanaşmaq lazımdır. Türkiyə məhkəmələri əsla sifarişlə qərar verməz. Əgər məhkəmə Mübariz Mənsimov barəsində həbs qərarı veribsə, demək ki, ortada fakt, dəlil var. Bütün bunlar Türkiyədə hüququn aliliyindən və işləməsindən xəbər verir".


Kürşat Atılqan deyib ki, son illər Mübariz Mənsimov maliyyə problemləri ilə üzləşirdi:


"Son zamanlar mən Mübariz Mənsimovun işlərinin heç də yaxşı olmaması barədə mətbuatda məlumatlar oxuyurdum. Görünür ki, üzləşdiyi bütün bu problemlərə görə məhkəmə Mübariz Mənsimovun fəaliyyətində qanunsuz halları ortaya qoya bilib. Ortada konkret fakt olmasa, məhkəmə qərar verə bilməz. Digər tərəfdən isə Mübariz Mənsimovun kifayət qədər güclü vəkilləri var. Əgər ortada əsassız dəlillər olsaydı, o zaman Mübariz Mənsimov məhkəmədə qalib gələrdi. Onun güclü vəkilləri olmasına rəğmən məhkəmədə uduzması bir daha onu göstərir edir ki, məhkəmənin ona qarşı konkret faktları mövcuddur".


Sabiq millət vəkili Mübariz Mənsimovun FETÖ terror təşkilatı ilə əlaqələrinin olması barədə iddialara da münasibət bildirib. 


Onun sözlərinə görə, FETÖ gizli təşkilat olduğu üçün onunla kimin hansı əlaqədə olmasını tam dəqiqləşdirmək hələ ki, mümkün olmayıb:


"FETÖ çox gizli təşkilatdır. Bu təşkilatın kimi nə zaman və necə istifadə etdiyini bilmək elə də asan məsələ deyil. İndi FETÖ üzvlərinin keçmişdə Mübariz Mənsimovla necə əlaqələrinin olub-olmamasını mən dəqiq deyə bilmərəm". 


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top