Bəşəri faciənin resepti: pəhriz, səbr və sevincdir…

GÜNDƏM 16 mar 2020, 17:07

Atalar boşuna deməyib: “Dərd də gələndə batmanla gəlir”. 


Dünya yeni bir qlobal təhlükə ilə üz-üzədir. Artıq bəşəriyyət üçün ciddi təhlükəyə çevrilən koronavirus bütün dünyada ciddi panika yaradıb. Tibb isə hələ də bu virusun qarşısında acizdir. 


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusla (COVİD-19) bağlı son məlumatı isə vəziyyətin getdikcə ağırlaşdığından xəbər verir. Planetimizin bu təhlükədən necə və nə zaman xilas olcağını isə hələ də konkret proqnozlaşdırmaq çətindir. 


Son məlumata görə, artıq 157 ölkədə virusa yoluxma halı qeydə alınıb və ümumi yoluxanların sayı 169 610, yeni yoluxanların sayı 192 nəfərdir. 


Koronavirusdan indiyədək 6518 nəfərin öldüyü qeyd olunub ki, onlardan 15-i yeni ölüm faktıdır. 


Xəstəliyə yoluxanlardan 77 776 nəfər sağalıb ki, onlardan 1600 nəfəri yeni sağalanlardır.
Tibbin vurisla mübarizədə aciz qaldığı bir dövrdə məsuliyyət əsasən insanların üzərinə düşür. Hər kəs özünü qorumalı və bu mücadiləcə bacardıqca qalib gəlməlidir. 


Necə ki Conatan Svift deyir: “Dünyanın ən yaxşı həkimləri: pəhriz, səbir və sevincdir”.
Məqsədim uzun-uzadı fəlsəfə açıb vaxt aparmaq deyil, amma bir zərurət hər zaman üçün aktualdır ki, insanlar hər kəsdən, hətta həkimlərdən öncə də özləri sağlamlıqlarının qeydinə qalmalıdır. Müdiriklər insanı kəsrə bənzədirlər. Onlara görə, insan kəsrə bənzəyir; surət onun həqiqətdə necə olması, məxrəc isə onun özü barədə nə düşünməsidir. Məxrəc böyüdükcə kəsrdə kiçilir…


“Koronavirisa qarşı necə mübarizə aparılmalıdır?” sualının bir qisminə də elə yuxarıda yazdıqlarımızda cavab tapmaq olar…


Azərbaycandakı vəziyyət necədir? 


Dünyanın 157 ölkəsini əhatə edən virus ən çox Çin, İtaliya və İranda fəlakətlər törədib, hətta inkişaf etmiş ölkələr belə çaşqın vəziyyətdə qalıblar. Amma insafən Azərbaycanda görülən işlər, inzibati tədbirlər faydasını verməkdədir. 


Bildiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyət göstərir, bir neçə rayonda karantinlər yaradılıb, qonşu ölkələrlə gediş-gəliş mədudlaşdırılıb. 


Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini də açıqlayıb:


• ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir;


• ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır;


• ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir; (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) 


• dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur;


• restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir;


• restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;


• saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır;


• ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir;


• aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır...


Bütün bu öncələmə tədbirləri ölkədə virusun pandemiya halının qarşısını almağa hesablanıb. Hələ ki dünya təcrübəsində bundan başqa effektiv tədbir yoxdur. Artıq sağalanlar da var. Dövlət öz vətəndaşına sahib çıxmaq üçün lazım olan tədbirləri atır, indi əsas məsələ vətəndaşların dövlətin tədbirlərinə, atdığı addımlara dəstək verib yanında olması, bu qaydalara əməl etməsi, xəstəliyin kütləvi yayılmaması üçün kütləvi ünsiyyətdən uzaq olmalıdır.  


Əziz həmvətənlər, dövlət öz insanı ilə güclüdür, mövcuddur. Özünüzü, bir-birinizi, yaxınlarınızı qoruyun. 


Fikrimi məşhur bir müdrik kəlamla bitirirəm: insan həyatda iki məna anlayar: birinci ağlayanda, ikinci gülərkən. Yalnız bir dəfə qiymət bilər o da əlindəkini itirərkən…


Əlinizdəkiləri və yanındakıları itirməyəsiniz deyə, sadəcə, deyilənlərə əməl edin. Pozitiv olun, ruhdan düşməyin!


İnşallah, Tanrı bizimlədir…


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top