“Küçələr boşdur, insanlar təlaş, qorxu içərisindədir” — Polşadan qayıdan jurnalist

GÜNDƏM 14 mar 2020, 20:48

“Avropada insanları təşviş, təlaş, qorxu içində görmək çox ağırdır. Sanki həyatın sonudur kimi davranırlar. Hər kəsin diqqəti özünü xilas etməyə yönəlib. Çünki, bizdən fərqli olaraq, xarici ölkələrin əksəriyyətində virusdan qorunmaq məsuliyyəti dövlətlərdən daha çox vətəndaşların üzərinə qoyulub”. 


Demokrat.az xəbər verir ki, bu sözləri Yenisabah.az saytına açıqlamasında bu gün Polşa səfərindən dönən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.


Müşfiq Ələsgərli bildirib ki, bəzi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, qlobal problemin təsirindən müdafiəsi üçün dövlət bütün məsuliyyəti öz üzərinə götürüb: 


“Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri də Azərbaycanın bu sahədə fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Səfər boyunca etdiyim müşahidələrimə əsaslanıb deyə bilərəm ki, bu, həqiqətən də belədir. Xaricdə səfərdə olub qayıdanda, sərhəd keçidindən başlamış ölkənin mərkəzinə qədər hər yerdə bunu müşahidə etmək olur. Bakıda təyyarədən enib hava limanını tərk edənə qədər bir neçə dəfə ciddi yoxlanışdan keçdik. Yəni, virus daşıyıcısı olan hansısa şəxsin ölkəyə daxil olmasının qarşısını almaq üçün maksimum tədbirlər görülüb. Tibbi heyət insanları öncə təyyarənin içində yoxlayır, sonar pasport nəzarətinə çatanda, yeni bir yoxlanış olur”.


JuHİ sədri deyib ki, Azərbaycandan fərqli olaraq, xarici ölkələrdə koronavirusa qarşı bu cür effektiv mübarizə aparılmır: 


“Bir neçə tranzit reysdən keçdim. Bizdəki qədər diqqətli yoxlanışın şahidi olmadım. Bəzi ölkələrdə ümumiyyətlə yoxlanış yoxdur. Bəzilərində isə sadəcə xüsusi aparat yoxlayır, tibbi heyətlə rastlaşmadıq. Turist axını azalmasın, iqtisadiyatlarına ciddi zərər dəyməsin deyə, ciddi prosedurlar tətbiq etmirlər. Azərbaycanda isə təkcə sərhəddə deyil, virusdan qorunmaq üçün ölkənin daxilində də ciddi addımlar atılır. Amma xaricdə hər bir insan təhlükəni öz üzərində, öz canında hiss edir, bütün hərəkətlərini təlimatlar üzərində qurur. 


Yəni virusdan qorunmaq məsuliyyəti, bir növü vətəndaşın öz üzərinə qoyulub. Ən böyük gərginlik də burada yaşanır. Təsəvvür edin, kimsə-kimsə ilə əl görüşmür. Təlimata görə, insanlar bir-birinə 1 metrdən yaxın məsafədə yaxınlaşmır. Təhsil müəssisələri bağlıdır. Küçələr boşdur, hətta şəhər mərkəzlərində belə 50-60 metrdə bir nəfərlə rastlaşırsan. Restoranlar, kafelər də boş kimi görünür. 30 nəfərlik tutumu olan kafedə nahar vaxtı mənimlə birgə 2 nəfər əyləşmişdi. Dövlət qurumları, səhiyyə təşkilatları insanların cib telefonlarına təlimatlar göndərirlər, bu təlimatlara əməl etmək insanın özündən asılıdır. Gün ərzində təlimatla, sərt qrafiklə davranmaq isə, insane ağırlıq gətirir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top