Avropadakı tələbələrimiz üçün Çin və Cənubi Koreya təcrübəsi — Vətənə dönmək hansı təhlükələr doğuracaq?

GÜNDƏM 14 mar 2020, 19:07

Azərbaycanda koronavirusun (COVİD-19) yayılmasına qarşı ciddi tədbirlərin görüldüyü vaxtda sosial şəbəkələrdə virusun geniş yayıldığı yüksək risk ölkələrində yaşayan azərbaycanlıların, xüsusilə tələbələrin ölkəyə geri qayıtmaq istəyi ciddi təşvişə müzakirə olunur.


Vətəndaşların təşvişini nəzərə alaraq, bununla bağlı real vəziyyətin necə olduğunu təqdim edirik:


Virusun yayılmasının ilk mərhələsində Ümumdünya Səhiyyə Təşkilatı dövlətlər və onların vətəndaşları üçün bir sıra tövsiyə xarakterli qaydalar hazırladı. Əsas tövsiyələrdən biri insanların virusun yüksək keçiricilik xüsusiyyətini nəzərə alaraq, fərdi karantin rejimində qalması, səyahət etməməsi və mümkün qədər az insanla təmasda olmasıdır. ÜST-nin qənaətinə görə səyahət edərkən insanın koronavirusa yoluxma riski çox yüksək olur.


Çində koronavirus peyda olanda Azərbaycan vətəndaşları bu tövsiyələrə əməl etdi. Belə ki, vətəndaşlarımızın əksəriyyəti Çin hökumətinin tətbiq etdiyi qaydalara riayət edərək, Azərbaycana qayıtmadılar. İstisna olaraq Çin hökuməti ilə razılaşdırılmış əsasda epidemiyanın episentri olan Uxan şəhərindən 10-12 nəfər Azərbaycan vətəndaşı şəhərdən təxliyə edilərək vətənlərinə qaytarıldı. Lakin Çində epidemiyanın tüğyan etdiyi bir vaxtda belə Pekində çalışan Azərbaycan diplomatları və onların ailə üzvləri Vətənə qayıtmadılar, karantin qaydalarına əməl etməklə öz fəaliyyətlərini və yaşayışlarını davam etdirdilər. Məhz bu qaydalara riayət etdiklərinə görə indiyə qədər onlar arasında heç bir yoluxma halı baş verməyib.

 

Image result for coronovirus china student


ÜST-ün qaydalarını nəzərə alsaq, bu vətəndaşlarımız Çini tərk etsəydi, yəni səyahətə çıxsaydı, virusa yoluxma riski yüksək olacaq, geri – Vətənə qayıtsaydılar, virus daşıyıcıları kimi Azərbaycan üçün ciddi təhlükə yaradacaqdılar. Təcrübəyə görə, virusun yayıldığı ölkənin hüdudlarını tərk edən insan özü belə bilmədən potensial virus daşıyıcısına çevrilə bilər. Burada vətənə qayıtmadan öncə koronavirus testindən keçərək mənfi nəticə almasının heç bir fərqi yoxdur. Səyahət zamanı yoluxma təhlükəsi olduqca böyükdür.


Burada Azərbaycanın ailə dəyərləri göz önünə gəlir. Biz müsbət mənada ailə dəyərləri və bağlarının, qohumluq münasibətlərinin yüksək olduğu bir ölkədə yaşayırıq. İnsanlarımız öz yaxınlarına qarşı qayğıkeşliyi ilə seçilir, yaxınlarının problemlərinə görə narahatlıq hissi keçirirlər, bir-birilərinə dəstək göstərməyə çalışırlar. Bu, millətimizin ən gözəl xüsusiyyətlərindən biridir. Bizim mentalitetdə belə bir adət var ki, xaricdə təhsil alan və ya yaşayan övlad öz vətəninə geri qayıdarkən ilk növbədə öz ailəsi və qohum-əqrəbası ilə görüşür, ünsiyyətdə olur. Özü də bilmədən virusu öz ailə üzvləri və qohum-əqrəbasına keçirə bilər, xüsusilə ahıl yaşda olan ata-anaları və baba-nənələrini ölüm təhlükəsinə ata bilər. Nəzərə alınmalıdır ki, gənclərin virusdan sağalması ehtimalı böyük olsa da, gələcək sağlamlıqları üçün fəsadsız ötüşəcəyini qətiyyətlə demək olmaz. Yaşlıların, xüsusilə xroniki xəstəlikləri olanların isə ölüm təhlükəsindən asanlıqla can qurtaracaqları real görünmür. Bunu həm övladlar, həm də onların valideynləri başa düşməlidirlər.


Cənubi Koreya təcrübəsi onu göstərdi ki, orada olan azərbaycanlı tələbələr bütün riskləri nəzərə alaraq məsuliyyətli davrandılar, Azərbaycana geri dönmədilər, daxili karantin qaydalarına riayət etdilər. Bunun nəticəsində də gənc həmvətənlərimiz arasında heç bir yoluxma faktı qeydə alınmadı.


İndi belə bir təhlükə yenidən ortaya çıxıb. Belə ki, son bir həftə ərzində koronavirusun Avropa ölkələrində geniş yayılması səbəbindən ali təhsil müəssisələri bağlanıb, ciddi karantin rejimi tətbiq olunub. Dərslərin olmaması və Azərbaycanda da qarşıdan Novruz bayramının yaxınlaşdığını nəzərə alaraq, Avropada təhsil alan bir çox tələbələrimiz vətənə qayıdaraq həm bayramı yaxınları ilə keçirmək, həm də oxuduqları ölkələrdə vəziyyətin düzələcəyini Azərbaycanda gözləmək istəyirlər. Lakin kompakt şəkildə geri qayıdaraq özlərini, yaxınlarını və digər həmvətənlərini riskə atmaqdansa, Azərbaycanın səhiyyə sisteminə əlavə yük yaratmaqdansa, onların öz evlərində qalması və yerli ölkənin karantin qaydalarına ciddi riayət etməsi daha yaxşı olar. Həm öz Vətənlərini, həm də ailələrini, yaxınlarını  riskə atmazlar.

 

Image result for coronovirus azerbaijan


Çində, Cənubi Koreyada və İranda olduğu kimi, Azərbaycanın Avropa ölkələrindəki səfirliklərinin əməkdaşları və onların ailə üzvləri Azərbaycana qayıtmadılar, olduqları ölkənin karantin rejiminə ciddi riayət etməklə öz fəaliyyətlərini davam etdirirlər. Yəni belə bir təcrübə var və müsbət nəticələri ortadadır.


Tələbələr və valideynlər onu da nəzərə almalıdırlar ki, İtaliya, Fransa, Almaniya, Niderland kimi Avropa ölkələrinin səhiyyə sistemləri dünyana ən qabaqcıl sistemlərdən hesab olunur. Hər-hansı təhlükə zamanı onların sağalmaq ehtimalı həmin ölkələrdə daha çoxdur.  


Dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür. Lakin vətəndaşlarımızın iştirakı və dəstəyi olmadan bu tədbirlərin effektivliyi lazımi nəticə verə bilməz. Buna görə də həm Azərbaycanda, həm xaricdə olan vətəndaşlarımız bu çətin vaxtda fərdi məsuliyyət nümayiş etdirərək olduqları ölkədə tətbiq olunan karantin qaydalarına ciddi riayət etməli, Azərbaycana qayıtmaqla öz ailə üzvləri, yaxınları və digər insanları riskə atmaqdan çəkinməlidirlər.


Bu prosesdə hər birimizin üzərinə böyük məsuliyyət düşür.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top