"Bundan sonra zəhər də olsa içəcəyəm" — Hafiz Hacıyev

MÜSAHİBƏ 04 mar 2020, 12:08

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”a müsahibə verib.

 

Demokrat.az həmin müsahibəni təqdim edir:

 

- Hafiz bəy, seçkilərdən sonra xəstəxanaya yerləşdirildiyiniz barədə məlumatlar yayıldı. Doğru idimi?

 

- Seçki ərəfəsində bir az gərginlik oldu. Ürəyimdə bəzi problemlər yarandı. Müalicə üçün müraciət etdim və müəyyən müalicə kursları keçdim. Hazırda da bu proses hələ bitməyib.

 

- Belə statuslara rast gəldik ki, seçkinin nəticələri səbəbindən səhhətinizdə problemlər yaranıb...

 

- Mən hər zaman qalib olmuşam. Belə məsləhət idi, belə də oldu. Biz daim dövlətçiliyin yanında duran insanlar olmuşuq. Elə məsələlər var ki, onu mətbuata demək olmur. Bəzi məsələlər də var ki, ürəyinə salmağa məcbur qalırsan. Bunlar mənə təsir etməyə bilməzdi. Amma istənilən halda bundan sonra da dövlətçiliyin yanında olacağıq. Xırda məsələlər bizi incidə bilməz. Seçkilərdən sonra görüşlərim oldu. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdüm. Hazırda partiya daxilində heç bir problemimiz yoxdur. Səhvlərimizdən nəticə çıxarıb, yolumuza davam edəcəyik. Seçkilərdə 5 namizədimiz var idi və hər biri yüksək fəallıqla çalışdı. Sadəcə, nəticə belə oldu və buna da öyrənməliyik. Xəstələnməyimin səbəblərindən biri də o idi ki, olduğum yerdə özümü görürdüm və buna nail ola bilmədik. Amma möhkəmik. Doğrudur, bəzi qüvvələr var ki, bizi incitməyə çalışırlar. Onların məqsədləri odur ki, dövlətçilikdən narazı düşək. Lakin buna nail ola bilməyəcəklər.

 

- Ədalət Vəliyevin siyasi partiyalarla keçirdiyi görüşləri necə dəyərləndirirsiz?

 

- O, çox ədalətli, səbirli bir insandır. Düşünürəm ki, onun sayəsində ölkəmizdə partiyaların daha da inkişaf edəcəyini görəcəyik. Ədalət müəllimlə görüşdüyüm bir saat ərzində o da məlum oldu ki, dövlətçiliyi müdafiə edən, onun üçün çalışan partiyalar bu dövlətə lazımdır. İndiyə qədər partiyalar müəyyən mafioz qrupların əlində olub. İndi də cənab prezident sağ olsun, keçmişi, bu günü təmiz olan bir insanı o vəzifəyə təyin etdi. Ədalət müəllimlə görüşdən çox məmnun qaldım. Artıq partiyalarla işləyən bir şöbə var.

 

- Görüşlərdə iştirak edən siyasi partiyalar dolayısı ilə “cib müxalifəti” adlandırıldı, xəyanətdə suçlanmalar da oldu.

 

- Bunu deyən Gültəkin Hacıbəylidən cibdə gəzən adam olmayıb. İndi biz də deyək ki, Gültəkin xanım xarici kəşfiyyata işləyən bir adamdır. O verilişə mən də baxdım. Bəzi yoldaşlar ağız-ağıza verib, nə danışdıqlarını da bilmirlər. Çağırırlar vay, çağırmırlar, yenə də vay. Dövlət bu məsələdə şöbə yaradıbsa, şöbə də bu işlə məşğul olmalıdır. Onlar bu günə qədər müxalifət olub, nə qələt ediblər? Nə iş görüblər? Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəylinin kimilərə nə faydası var? Parlament seçkilərində iştirak etmədilər, boykot çağırışı etdilər. Gültəkin xanım vaxtilə bu hakimiyyətin içərisində olub. Mən rüşvətxor, korrupsioner məmurlarla vuruşanda, Gültəkin xanım onlarla bir yerdə idi. Bunu hər kəs bilir. İndiyə qədər onlar hansı dövlət məmuru, dövlətin malını talayan, dövlətçiliyə xəyanət edən birisi haqqında nəsə deyiblər? Deputat kimi Avropa Parlamentində Azərbaycanı təmsil edib. Bu nöqteyi-nəzərdən Gültəkin xanımın bu cür danışığı adamı təəssüfləndirir. Ölkə daxilində iqtidar tərəfindən barış əli uzadılıb. Bu dövlət hamımızındır.

 

- Ümumi olaraq, 9 fevral seçkilərinin nəticələrinə və seçkilər ətrafında gedən proseslərə baxışınız necədir?

 

- Ölkə başçısının verdiyi açıqlamaya uyğun seçki keçirilmədi. Bunu səmimi etiraf etmək lazımdır. Amma hər şeyə qara yaxa da bilmərik. Özümüzdə də səhvlər oldu. Hər şey Azərbaycan ictimaiyyətinin gözü qarşısında baş verdi. İstərdim ki, ölkə başçısının fikirləri bizim üçün qanun olsun və buna riayət edək. Daxilimizdə müəyyən qüvvələr çalışdılar ki, bu seçkiyə qara yaxsınlar. Buna müəyyən qədər də nail ola bildilər. Dövlətçiliyimizin hər zaman yanında olmalıyıq ki, bu cür hallar yenidən yaşanmasın. İndi mən uduzmuşam deyə ruhdan düşüm, inciyim, hər hansı bir dağıdıcılıqla məşğul olum, düzgün olmaz axı. Kimlər necə seçilibsə, bu xalqın gözü qarşısında baş verib. Məndə olan məlumatlara görə, 83 nəfər köhnələrdən parlamentə seçilib. Onlar özlərinə hörmət etməli idilər. Ən azından ölkə prezidentinin çağırışını düşünməli idilər. Bunları etmədilər, canları sağ olsun. Hamısına uğurlar arzu edirəm. Gələcəkdə çalışmalıyıq ki, seçkiləri daha da standartlara uyğun, daha yüksək səviyyədə keçirək.

 

- MSK 4 dairənin nəticələrini ləğv etdi. Bunların sayı, sizcə, artıq ola bilərdimi?

 

- MSK bu sahədə müəyyən işlər gördü. Qarşıda Konstitusiya Məhkəməsi var. 5 martda nəticələrə baxacaq. Ola bilsin ki, bu instansiya bəzi dairələri ləğv etsin. Amma hər halda, Məzahir müəllim çoxdandır ki, bu sahədə “mütəxəssisdir”.  Bu barədə fikirlərim çoxdur. Sadəcə, çox şeyləri demək istəmirəm. Bundan sonra da demək kimi bir fikrim yoxdur. Ürək ağrılarımın yaranmasına səbəb bildiyimi, gördüyümü deyə bilməməyimdir. Buna çox təəssüf edirəm.

 

- Nədən çəkinirsiniz?

 

- Çəkinəcəyim bir şey yoxdur. Hər halda, Azərbaycan xalqının naminə zəhər də olsa uduram. Ölkə başçısına olan sədaqətimə, hörmətimə görə bundan sonra zəhər də olsa içəcəm. Millətim naminə hər şeyi etməyə hazıram.

 

- Nə zamansa bu susqunluq pozulacaqmı?

 

- Gözləmirəm. Zaman hər şeyi yerinə qoyacaq.

 

- Dairənin nəticələrindən şikayət vermişdiniz?

 

- Təbii ki. Dairəmizdə 11 nəfər idi. Onların hər biri şikayət verə bilər. Sadəcə, o mövzuya qayıtmaq istəmirəm. İnşallah, zaman gələr, daha geniş müsahibə vermək imkanımız olar. Geniş detalları açıqlamaq üçün indi uyğun zaman deyil.

 

- 4 dairə üzrə keçiriləcək təkrar seçkilərdə iştirak edəcəksiniz?

 

- Hələlik bu barədə elə bir qərarımız yoxdur. Konstitusiya Məhkəməsi qərarını elan edəndən sonra ölkə prezidenti təkrar seçkilər üçün zaman  təyin edəcək. Ondan sonra bu barədə düşünə bilərik.

 

- Yeni dairələr ləğv olunmasa belə, 4-ü dəqiqdir. Nə üçün iştirak barədə qərarsızsınız?

 

- Bu, özümdən asılı olmayan bir məsələdir. Partiyanın ortada qərarı olmalıdır. Hər şey Siyasi Şuranın qərarından asılıdır. Həmin dairələrin yerləşdiyi rayon təşkilatlarımızın təkliflərini dinləməliyik. Seçkilərin tarixi müəyyən olandan sonra bu mövzuya qayıda bilərik.

 

- Seçkilərdən sonra MSK, DSK-ların qarşısında namizədlərin etiraz aksiyalarının şahidi olduq. Bu aksiyalara dəstəyinizi görmədik...

 

- Müstəqil namizədlər öz etirazlarını ifadə etdilər. Açığı deyək ki, insanları bu proseslərə kökləyən bəzi partiyalar var idi. Həmin partiyaların sədrləri təəssüflər olsun ki, artistik etdilər. Məsələn, biri qohumuna zəng etdi, yolda piyada gedə-gedə onun maşınına mindi, guya həmin insanı polis apardı. Biri blokunun qarşısında müsahibə verdi, gözü orada-burada idi ki, niyə tez gəlib bunu aparmırlar. Sonradan hay-küy qopdu ki, polis apardı. Belə maskalanan insanlar çox görmüşəm. Belə insanlar da daim ifşa olunublar. Biz deməmişdik ki, seçkilərdən sonra kütləvi tədbirlərə əl atacağıq. Xalq hər şeyi yaxşı görür.  İnsan öz nüfuzunu qorumağı bacarmalıdır. Xalqı dəvət etmədiyimiz mitinqdə necə iştirak edə bilərdik? Bəzi partiyalar özlərini yeyib tökürlər, amma baxanda görürsən ki, boşboğaz adamlar yığılıb. Çoxları xaricdən verilən tapşırıqları icra edirlər. Heç onu da normal icra edə bilmirlər. Xaricdə mühacir alveri ilə məşğul olanları da yaxşı tanıyırıq. Ölkəmizdə yeni dövr başlayıb. İnanıram ki, Azərbaycanda böyük bir demokratik pəncərə açılacaq. Onda kimin haqlı və ya haqsız olduğu ortaya çıxacaq.

 

- Koronavirus Azərbaycanda da təlaş doğurub. Təhlükənin qarşısını almaq üçün atılan addımları necə qiymətləndirərdiniz? Artıq apteklərdə bahalaşma müşahidə olunur, maska qıtlığı yaranıb...

 

- Əvvəldən bu virusla bağlı müəyyən tədbirlər görülməli idi. Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi çox ciddi addımlar atırlar. Amma neqativ hallar da özünü büruzə verir. Bilirsiniz ki, apteklər özəl sektorlara aiddir. Baxırsan ki, nə spirt tapılır, nə də maskalar. Olanda da baha qiymətə satılır. Bu sahəyə baxan sahibkarlara Allah insaf versin ki, belə  durumda  pul qazanmağa çalışırlar. Dövlət öz üzərinə düşəni edir. Sadəcə, özəl sektorda problemlər yaşanır. Qiymətlərin artımı müvəqqətidir. Problemlər geridə qalacaq. Burada siyasi oyunlar var ki, bu da siyasi oxucularımıza bəllidir. Panikaya düşməyə dəyməz.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top