"Özünü dolandıra bilməyən Elmlər Akademiyasının millətə nə xeyri?!"

SOSİAL 03 mar 2020, 22:10

İnsan ali dəyərdi, ancaq müvəqqəti dəyərdi, çünki doğulandı, öləndi. Müəllimlik ali peşədi, insanları biliksizlikdən biliyə aparır. Müəllimlərin iş yerləri olan məktəblər də dəyərdi, həm də maddi dəyərdi. Yaşada bilsən min illər yaşayar. Biz universitetimizin 100 yaşını qeyd etdik. Ancaq İtaliyanın Baloniya Universiteti 1088 – ci ildən fəaliyyət göstərir  və dünyanın ən qədim universitetlərindən biridir. 

 

UniRank reytinq sıralamasında bu universitet dünyanın 200 top uiversitetləri arasında 160-cı yeri tutur. “Bilmədiklərimizi bildiklərimiz vasitəsi ilə aşkar edirik” - fəlsəfi fikrini söyləyən Umberto Eko bu universitetin professorudur. 

 

Bəzən həyat bizi çətin suallara cavab verməyə məcbur edir. Belə bir suala cavab axtaraq: yeri gələrsə müəllimi məktəbə, yoxsa məktəbi müəllimə qurban verəkmi? 

 

Sağlam düşüncəyə görə müvəqqətini daimiyə, yəni müəllimi məktəbə, rektoru universitetə qurban vermək daha düzgündür.  

 

İki il öncə 162 saylı məktəbdə baş verən məktəbli Elina Hacıyevanın faciəsində hamı direktoru (Sevinc Abbasova) müdafiə etdi. Heç kəs məktəbi müdafiə etmədi. Məktəb sanki sahibsiz qaldı. Çox təəssüf ki, belə sosial hadisələrdə çox vaxtı rüşvət vermək qabiliyyəti olan tərəf aprior müdafə olunur. Bu səbəbdən ölkə başçısı İlham Əliyev icra başçıları ilə keçirdiyi toplantıda “Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir, dedi”.

 

2020 – ci illər Parlament seçkilərində məntəqə üzvü olan müəllimləri ya tənqid, ya da müdafiə etdilər. Ancaq heç kəs məktəbi müdafiə etmədi, məktəb qüsurlu yerə çevrildi. Yaddan çıxardılar ki, Anton Çexovun düsturu 100% işləyir: “Bir milləti məhv etmək üçün onun müəllimini gözdən samaq kifayətdir”.

 

Mətbuat xəbər verir ki, bir qrup dissertant Ali Attestasiya Komissiyasının AR Konstitusiyasına zidd qərar çıxarmasından şikayətçidir. Bu problem həll etmək üçün hesab edirəm ki, bu qurum da islahata getməlidir. Liberal dəyərləri tətbiq etmək lazımdır. Normal fəaliyyət göstərən müdafiə şuralarına kölgə salmadan demək olar ki, bir çox elmi müdafiə şuraları ritual məclislərə çevrilib. Bunu görmək və çarəsini qılmaq lazımdır.

 

İnkişaf etmiş ölkələrin bir çoxunda kitabxanalar sutkada 24 saat pulsuz işləyir. Amma AMEA – nın kitabxanasına illik abunə haqqı 150 manata qaldırılıb. İnkişaf etmiş qərb ölkələrində elmi qurumların qazancı  milyardlarla ölçülür. Gənclərin öyrənməsinə çeşidli stimul verilir. Elm dövləti qüdrətli edir. Amma bizdə akademiyamız oxucudan pul umur. Özünü dolandıra bilməyən akademiyanın millətə nə xeyri?!

 

Yeri gəlmişkən qeyd edim ki, ölkəmizdə müsbət təcrübə də var. UNEC- də kitabxan sutkada 24 saat işləyir və gecə vaxtı pulsuz çay da verilir. Məncə bu təcrübə yayılmalıdır.

 

Bütün bu ziddiyyətli qərarların qəbulu kadr təyinatlarında buraxılan qüsurların nəticəsidir. Kadrların təyyinatında iki diametrial zddiyyətli yanaşma var. Lenin yanaşmasına görə, “hər aşbaz dövləti idarə edə bilər”. İkinci, Şəhriyar yanaşmasına görə, “işi iş bilənə tapşırırmaq lazımdır”. Lenin yanaşmasından imtina etməyin vaxtıdır. Bu zaman səhv qərarlar çox olur, dövlət zəifləyir. Buna görə dünya ikinci yanaşmadan istifadə edir. Üstəlik, idarəetmə ilə bağlı Sergey Kapitsa deyir: ”rəhbərlik etmək - yaxşı işləyən alimlərə maneçilik etməmək - deməkdir”.

 

Bu günlərdə tanımış marifçi, naşir Şahbaz Xudu oğlu yazır: ”kəndə gəlmişkən məktəbə baş çəkdim. Yalnız 3 şagird sinifdə vardı. Və bu 3 şagird dərsdən sonra məşğələlərə gedirlər. Məşğələləri də eyni müəllimlər aparırlar. Paradoksdur, elə deyilmi?” Ş.Xudu oğlu sonra yazır: “Təhsil şöbəsinə dəfələrlə demişik, amma nəticə yoxdur. Hər şey olmaya bilər, pul, imkan, əlaqə, bəs ruh necə, o da yoxmu? Bu uşaqların ümidsiz baxışları heç kəsin vicdanını oyatmırmı?  Ruh və Vicdan qıtlığının səbəbi nə? 
Ölkəmizdə hamının yaxşı tanıdığı Bill Qeytsin məktəbli dostu Pol Allen də Microsoft şirkətinin təsisçilərindəndir. O da mlyarderdir. Pol Allen 2003 ildə məşhur alimlərə müracət edir: “ əgər maliyə dəstəyi olarsa, bu gün elm hansı problemi həll etməlidir”? Və beləliklə, beyində qenomlar necə yerləşir sualına cavab tapılır.  

 

Əgər belə bir hadisə bizdə baş verərsə,  bu gün ölkəmiz üçün həlli vacib olan birinci (və ya ikinci) elmi problem nədir? - sualına alimlərimizin cavabı nə olar?  

 

Şahlar Əsgərov,  
BDU-nun professoru, əməkdar elm xadimi,
TN yanında İctimai Şuranın sədri 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top