"Ermənistan hakimiyyəti Dağlıq Qarabağ kartından istifadə edib vəzifədə qalmağa çalışır" — Tahir Rzayev

MÜSAHİBƏ 02 mar 2020, 18:41

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edilən, filologiya üzrə fəlsəfə doktoru, deputat Tahir Rzayev Sonxeber.az-ın suallarını cavablandırıb.

 

-Tahir bəy, cənab prezidentin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla debatı və İtalya səfərini Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna necə təsir etdi?

 

-Cənab prezident İlham Əliyevin hər bir səfəri uğurlu və yadda qalan hadisələrlə zəngindir. Eləcə də Münhen və İtalya səfərləri. Çünki o ölkələrin hər ikisi tanınan, inkişaf edən, seçilən dövlətlərdəndir. Cənab prezidentin ardıcıl olaraq bu ölkələrə səfəri çox uğurlu oldu. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində debatda cənab prezidentin tarixi faktlarla Ermənistan baş nazirini nakaut etməsi, siyasətçilərlə görüşü, Dağlıq Qarabağ məsələsinə önəm verməsi dünyada çox böyük səs-küyə səbəb oldu. Cənab prezident Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debatda söylədiyi faktlarla Paşinyana tarix dərsi keçdi. Biz hər birimiz şahid olduq ki, Azərbaycan prezidenti qarşısında Ermənistan Baş naziri çox cılız, aciz görünürdü. Paşinyan ona verilən suallara cavab verə bilmədi. Bütün siyasətçilər bu görüşü Paşinyanın məğlubiyyəti kimi dəyərləndirdi. Hər kəs bilir ki, ermənilər tarix boyu Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına iddialı olublar. Cənab prezident o debatda bir daha vurğuladı ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunub. O torpaqlar dərhal işğaldan azad edilməlidir. Dünya mətbuatı bu debatla bağlı geniş materiallar verdi. Bir çox xarici mətbuat Azərbaycan diplomatiyasının Ermənistan üzərində qələbə çaldığını vurğuladı. Bu gün erməni xalqı çox ağır vəziyyətdə yaşayır. Ermənistan rəhbərliyi hər dəfə Qarabağ kartından istifadə edib, özünü güclü göstərməyə çalışır. Cənab prezident münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Düşünürəm ki, ölkə başçısının apardığı düzgün, uzaqgörən, düşünülmüş, balanslaşdırılmış siyasətdir. İnanıram bu siyasətlə gələcəkdə Qarabağ və onun ətrafındakı 7 rayonumuz işğaldan azad ediləcək.

 

-Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistanın Baş naziri arasında keçirilən debat zamanı bütün tarixi həqiqətlər ortaya çıxdı. Debat zamanı Ermənsitanın işğalçı dövlət olduğu bir daha sübuta yetirildi. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debat Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilərmi?

 

-Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debatdan da öncə Azərbaycan diplomatiyası müəyyən qələbələr qazanıb. Bu debatın Almaniyanın paytaxtı Münhendə keçirilməsi çox böyük bir hadisə idi. Debatda çoxsaylı siyasətçilər və mətbuat nümayəndələri iştirak edirdi. Onların hər biri debat zamanı çıxışları dinləyirdi. Artıq erməni xalqı öz səhvini başa düşməlidir. Təəssüf ki, Ermənistan hakimiyyəti hər zaman Dağlıq Qarabağ kartından istifadə edib, vəzifədə qalmağa çalışır. Düzdü, ermənilər istəsələr də bu gün Qarabağı azad edə bilməzlər. Çünki bu təkcə Azərbaycan-Ermənistan arasında olan məsələ deyil. Dağlıq Qarabağ məsələsində bəzi ölkələrin də maraqları toqquşur. Ermənistanın arxasında durub, onlara havadarlıq edənlər hər kəsə bəllidir. Onlar Azərbaycanı özlərindən asılı saxlamaq üçün Qarabağ kartında istifadə edirlər. Hər zaman Azərbaycana və Türkiyəyə təsir etmək üçün erməniləri qabağa verirlər. Düşünürəm ki, ölkə rəhbərliyinin dünyada artan nüfuzu və genişlənən əlaqələri Qarabağ münaqişəsinin tezliklə həll edilməsində böyük rol oynayacaq. Çünki bizim çox mühüm layihələrimiz var. O layihələr bizim təhlükəsizliyimizi təmin edir. Bu gün böyük ölkələr maraqlıdır ki, Azərbaycanla ticarət əlaqələrini genişləndirsinlər. Bu əlaqələrin möhkəmləndirilməsi bizim təhlükəsizliyimizə zəmanətdir. Çünki heç bir dövlət istəməz ki, Azərbaycanda müharibə olsun və ölkəmizə qoyduqları böyük miqdarda investisiyaları batsın. Amma onlar bilməlidirlər ki, ölkəmizdəki sabitliyin daim olması üçün Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə həll edilməlidir.

 

-Tahir bəy, bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar hər zaman ikili münasibət göstərib. Sözdə bizim ərazi bütövlüyümüzü tanısalar da, əməldə işğalçı Ermənistan dövlətini dəstəkləyirlər. Azərbaycan nə zamansa Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların köməyindən imtina edəcəkmi?

 

-Səbr, təmkin hər zaman qələbə qazanmağa kömək edir. İnsan nə qədər səbrli olsa bir o qədər qalib olar. Biz bu gün müharibəyə gedə bilərik. Aprel döyüşlərində az bir vaxtda xeyli ərazini işğaldan azad etdik. Ancaq özünüz gördünüz ki, o dövrdə bizə hansı təsirlər oldu. Bəzi dövlətlər bizim əleyhimizə bəyanatlar verdilər. Onlar bu döyüşün dayandırılmasında maraqlı oldular. Reallıq odur ki, biz hələki kiçik dövlətik. Böyük dövlətlərin təsirinə dözə bilmərik. Ona görə də bu məsələdə səbr etmək lazımdır. Düzdür, bəziləri bu məsələnin nə qədər ciddi olduğunu anlamır, müharibənin olmasını istəyirlər. Əgər müharibə vaxtı bizə qarşı çıxan güc dövlətlərinə tab gətirməyib, çoxlu sayda şəhidimiz olacaqsa, o zaman biz gözləməliyik. Bizə qarşı çıxacaq qüvvələrə qarşı tab gətirəcək gücü topladıqdan sonra biz müharibəyə getməliyik. Çünki o zaman biz qələbə qazana biləcəyik. Ancaq müharibədən öncə problemi danışıqlar yolu ilə həll etməliyik. Azərbaycan prezidenti də münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Təbii ki, bu gün silahlı qüvvələrimiz Ermənistan ordusunu darmadağın etmək gücünə malikdir. Təəssüf ki, bu gün Ermənistanı dəstəkləyən qüvvələr var. Onlar sözdə bizi dəstəkləsələr də, daim ermənilərin yanındadırlar. Bu ATƏT-in Minsk Qrupuna da aiddir. Çünki onlar obyektiv mövqe göstərib, Ermənistanı təcavüzkar adlandırıb, BMT-nin qəbul olunan 4 qətnaməsini icra etsələr, əlbəttə, müharibəyə son qoyub, torpaqlarımızı azad edə bilərik.

 

-Tahir bəy, cənab prezidentimiz tərəfindən ölkəmizdə struktur islahatları aparılır. Savadlı gənc kadrlar mühüm vəzifələrə gətirilir. Gənc qadırların önə çəkilməsi ölkəmizə nələri qazandıracaq?

 

-İnsanların sosial rifahının yaxşılaşdırılması, Azərbaycanın tərəqqi etməsi, dünyada tanınması prezidentin ilk amalı olub. Cənab prezident İlham Əliyev ilk dəfə 2003-cü ildə ölkə başçısı seçilən zaman bu fikirləri irəli sürmüşdü. Əlbəttə, o zaman bunu yerinə yetirmək üçün münbit şərait yox idi. İqtisadiyyatımız o qədər də inkişaf etməmiş, beynəlxalq aləmdə bu qədər nüfuz qazanmamışdıq. Ona görə də həmin dövrdə çox ciddi sosial islahatlar aparmaq mümkün deyildi. Ancaq sonra mühüm layihələr mərhələli şəkildə icra olunduqdan sonra iqtisadiyyatımız yüksəldi. İqtisadiyyatımız yüksəldikdən sonra da ciddi islahatlar həyata keçirilməyə başlandı. 2019-cu ili sosial islahatlar ili kimi adlandıra bilərik. Cənab prezident 2018-ci ildə yenidən dövlət başçısı seçildikdən sonra söz vermişdi ki, çox ciddi sosial islahatlar həyata keçirəcək. Ondan sonra da planlı şəkildə bu islahatlar həyata keçirilməyə başlanıldı. Əmək haqqları, pensiyalar, müavinatlar bir neçə dəfə qaldırıldı. Bundan əlavə qaçqın və məcburi köçkünlərin yaşayışının yaxşılaşdırılması üçün çox mühüm addımlar atılır. Bütün görülən işlər sosial islahatların bir hissəsi olaraq planlı şəkildə icra olunur. Təbii ki, bu işləri görmək üçün enerji lazımdır. Bu qüvvənin təmin olunmasını da cənab prezident həm icra strukturlarında, həm də Milli Məclisin gəncləşməsində gördü. Ancaq bu gəncləşmə heç də savadsızlığa, müəyyən ətalətsizliyə aparmamalıdır. Sovet dövründə gənclər mərhələli şəkildə qabağa gedirdilər. Müəyyən qədər püxtələşdikdən sonra yüksək vəzifələrə təyin olunurdular. Mən də bunun tərəfdarıyam. Çünki bəzi sahələr gəncləşsə də, heç bir nəaliyyət yoxdur. Təbii ki, bu o gənclərin öz yerində olmamasından qaynaqlanır. Təssüf ki, bəzi gənclər elə bilir ki, xarici ölkədə təhsil alıb gəliblərsə, yüksək vətəndaş hesab olunurlar. Bu belə deyil. Vətandaşlıq dil bilməklə, xarici ölkədə təhsil almaqla, elmi dərəcə almaqla ölçülmür. Vətandaşlıq dövləti, xalqı sevmək, işində məsuliyyətli olmaqdır. Cənab prezident hər zaman vurğulayır ki, ölkədə bütün sahələrdə gəncləşmə işləri aparmalıyıq. Bizim bir çox nazirlərimiz gənc yaşlarından yüksək vəzifələrə gətiriliblər. Həmin gənclərimiz işlərində hər zaman cənab prezidentin etimadını doğruldublar. Bu il Milli Məclis seçkilərində imkan verildi ki, gənclər irəli getsinlər. Mən də bunu iki əllə alqışladım. Amma elə gənclər gəlib namizədliklərini verdilər ki, onlar hələ parta arxasındadırlar. Birinci və ikinci kursda oxuyurlar. Bəzilərinin heç bir təhsili belə yoxdur. O gənclər seçkidə qələbə qazanmadıqlarına görə şantaja əl atdılar. Guya seçkilər qanunsuz keçirilib. Əgər bir insan təmsil edəcəyi regionu tanımırsa, görüşünə 5 nəfəri yığa bilmirsə, necə deputat ola bilər? Mən savadlı, ağıllı gənclərin parlamentdə və icra strukturlarında irəli çəkilməklərinin tərəfdarıyam. Azərbaycan gəncliyi sağlam və savadlıdır. Gənclərə meydan açıb, onları öyrətmək lazımdır. Gənclər təcrübə toplamalıdır. Prezident Bakı Dövlət Universitetinin 100 illiyində bildirdi ki, biz ağsaqqalın, ağbirçəyin yerini bilməliyik. Təcrübəli insanlardan öyrənmək lazımdır. Mən gənclərə tövsiyyə edirəm ki, irəli getməklə yanaşı yaşlı nəsillərdən öyrənsinlər. Milli-mənəvi dəyərləri mənimsəsinlər. Təəssüf ki, bəzi gənclər bu mənəvi dəyərləri pozurlar.

 

-Tahir bəy, Ağstafa və Nefçala icra başçıları törətdikləri korrupsiya əməllərinə görə həbs ediliblər. Digər icra başçıları bu həbslərdən hansı nəticəni çıxarmalıdır?

 

-Bu cür hallar mənim qəlbimi çox ağrıdır. Çünki məndə gənc yaşımda olarkən rəhbər vəzifədə işləmişəm. Dövlət rəhbəri kiməsə etimad göstərib, vəzifəyə təyin olunması ilə bağlı sərəncam imzalayırsa, o insan məsuliyyətini dərindən dərk etməlidir. Buraxdığı kiçik səhvləri düzəltməlidir. Çünki o böyük bir rayonun rəhbəridir. Yüz minlərlə insana rəhbərlik edəcək. Ailələr ona ümid yeri kimi baxırlar. Yüksək vəzifələrdə olanlar əməllərinə görə digərlərindən fərqlənməlidir. Korrupsiyaya görə həbs edilən insanlar dövlət üçün çox ağırdır. Ölkə rəhbərliyi 2003-cü ildə prezident seçilən zaman dəfələrlə söylədi ki, biz insanlara qarşı sağlam münasibətdə olub, xalqa xidmət etməliyik. Hər bir vəzifə sahibi öz məsuliyyətini dərk etməldir. Təəssüflər olsun ki, bəzi məmurlar bu gün də öz məsuliyyətini anlamır, cənab prezidentin apardığı uğurlu islahata kölgə salamağa çalışırlar. Mən təəssüf edirəm ki, rayonlar da insanların ümid yeri kimi baxdığı icra başçıları bu cür qanun pozuntularına yol verirlər. Necə vicdanları gətirir ki, baxçalara uşaqlar üçün verilən qidaları kəsib, dövlətin qaçqın və məcburi köçkünlərə verdiyi müavinatı mənimsəyirlər. Onlar necə vicdana sahibdirlər, anlamıram. Görəsən belə addımlar atandan o uşaqların, qaçqın və məcburi köçkünlərin vəziyyəti gözlərin önünə gəlmir? Bu insanlar öz insanlığını itiriblər. İcra başçıları insanlara xidmət etməlidir. Cənab prezident o cür insanlarla mübarizə aparır. Düşünürəm ki, bu mübarizə daha da sərtləşdirilməlidir. Hər birimiz anlamalıyıq ki, xalqın çörəyini yeyirik. Xalq olmasa deputat, icra başçıları, nazirlər və digər vəzifə sahibləri olmazlar. Biz xalqa xidmət etmək üçün bu vəzifələrdəyik.

 

-Tahir bəy, bilirsiniz ki, bir neçə aydır ki, dünyanı koronavirus xəstəliyi cənginə alıb. Bizim insanlar da təşviş içərisindədir. Bu xəstəliyin Azərbaycanda da yayılmaması üçün məsul qurumlar hansı addımlar atır?

 

-Bir çox səhiyyə mütəxəsisləri, eləcə də bu sahə ilə məşğul olan şəxslər özlərinin bəyanatlarını veriblər. Bu dünyəvi bəladır. Bunun qarşısını almaq çox çətindir. Ancaq bu virusdan qorunmağın yolları var. Hər bir insan vacib olan gigiyenik qaydalara əməl etsə, bu virusdan qoruna bilər. Bütün məsələləri dünyanın üzərinə atmaq olmaz. Sərhəd məntəqələrində koronavirusla bağlı postlar yaradılıb. Səhiyyə Nazirliyi və digər qurumlar bununla bağlı üzərlərinə düşən bütün addımları atmalıdır. İnsanları qorxudub, adi bir xəbəri şişirib təşviş yaratmaq düzgün deyil. Təəssüf ki, bizdə elə nadan qüvvələr var ki, hər şeydən siyasi şou yaratmağa çalışırlar. Bu xəstəlikdən də siyasi şou yaradıb camaatı qorxutmaq istəyirlər. Hər bir insan lazım olan tibbi və gigyenik qaydalara əməl etsə, bu xəstəlikdən uzaq olar. Düşünürəm ki, bu aralar xarici səfərləri müəyyən qədər məhdudlaşdırmalıyıq. Elə ölkələr var ki, oraya getmək lazım deyil. Həmin ölkələrdən gələnlərdə ciddi yoxlanışdan sonra Azərbaycana buraxılmalıdır.

 

-Tahir bəy, 15 yaşlı qızını xəstəxanaya aparan zaman keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanan Dilarə Bəhmənovanın müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb. Təəssüf ki, son zamanlar həyat yoldaşı, valideynləri, qardaşı tərəfindən bu cür zorakılığa məruz qalan qadınlarımızın sayı çoxalıb. Qadınlara və uşaqlara qarşı törədilən bu cür cinayətləri törədənlərlə bağlı qanunları sərtləşdirmək olarmı?

 

-Məncə qadınlarımıza qarşı hər hansı bir cinayəti törədənlər ciddi cəzalandırılmalıdır. Azərbaycan qadını bizim başımızın tacıdır. Hətta müəyyən çətinlik ucbatından düzgün yolda olmayan qadınlarımızı da qoruyub, onları düzgün yola yönəltməliyik. Azərbaycan cəmiyyəti qadınlara qarşı sağlam münasibət bəsləyib. Bizim babalarımız keçmişdə çətin durumda yaşasalar da, qadını hər zaman başımızın tacı hesab edib. Təəssüf ki, bəzən qadınlarımız da müəyyən yalnışlıqlara yol verirlər. Bu da savadsızlıqdan və düzgün tərbiyə olunmamaqdan irəli gəlir. Valideyn 15-16 yaşında qızını ərə verirsə, bilməlidir ki, övladının gələcəyi acınacaqlı ola bilər. Əgər ailədə qız uşağı oxumursa, nadan kimi tərbiyyə olunursa, o quracağı ailədə özünü doğrulda bilməyəcək. Əgər ata-ana qızın ərköyük böyüdürsə, əməyi, ev işlərini öyrətmirsə sözsüz ki, o öz ailəsində narazılıqla qarşılaşacaq. Ən önəmlisi isə həyatlarını birləşdirən gənclər kişi-qadın münasibətlərindən xəbərsizdirsə və ailənin nə olduğunu anlamırlarsa onların münasibətləri boşanma ilə nəticələnə bilər. Bizim kişilərimiz emosionaldırlar. Həm də bizim milli-mənəvi dəyərlərimiz var. Biz bu məsələdə daha çox dinimizə və milli-mənəvi dəyərlərimizə söykənirik. Bəzən Qərb adət-ənənələrə söykənib bildirirlər ki, Azərbaycan kişisi və qadını onlar kimi olmalıdır. Bu qəbul edilməzdir. "Qurani Kərim"də kişi-qadın münasibətləri haqqında ətraflı məlumatlar var. Belə ki, biz münasibətlər qarşılıqlı hörmət, sevgi, məhəbbət üzrə qurulur. Ancaq Qərbdə bu dəyərlər yoxdur. Orada sağlam ailə çox azdır. Bizim ailədə qadın və kişinin öz yeri var. Bu bizə babalarımızdan qalıb. Bəzən olur ki, bu amil gözlənilmir. Bəzən gənclərimiz ağsaqqal duası olmadan ailə qururlar. Ona görə bu cür hadisələr baş verir. Cənab prezidentimizə və Azərbaycanın Birinci vitse-prezidentinə minətdarıq ki, imkansız insanlara bu cür əl tutub, onlara kömək edir. Hətta bəzən dövlətə qarşı kəskin mövqedə olan insanlara belə ehtiyac olanda kömək edilir, onların sağlamlığı üçün yüzminlərlə pul xərclənir. Bu insanpərvərlik, Azərbaycan insanına olan diqqət və qayğıdır.

 

Bundan əlavə, Azərbaycan qadınına qarşı bu cür sərt addım atıb, ona 16 bıçaq zərbəsi vuran kişinin bağışlanmasını istəmirəm. Qadınların döyülməsini və qətlə yetirilməsini mən qəbul edə bilmirəm. Əgər münasibətlərin tutmursa, ailə qurma. Ailə qurmusansa və yola gedə bilmirsənsə, sivil qaydada boşan. Azərbaycan qadınına qarşı bu addımı mən vəhşilik kimi dəyərləndirirəm.

 

-Tahir bəy, son zamanlar 15-16 yaşlı yeniyetmələr kriminal aləmə meyilli olur. Hətta ciblərində bıçaq gəzdirənlər də var.

 

-Bu düzgün deyil. Bizim dövrümüzdə məktəbə ülgüc aparmaq belə qadağan idi. Ciblərində bıçaq gəzdirən gənclərin qarşısı alınmalıdır. Bununla bağlı mövcud olan qanunlar icra olunmalıdır. Bir müddət əvvəl harınlamış məmur övladları var idi. Onlar getdikləri yerlərdə dava salır, maşınları ilə yolda qəzalara səbəb olurdular. Cənab prezidentin sərt çıxışından sonra bu problem də aradan qaldırılıb. Bir ilə yaxındır ki, avtoşluğa görə baş verən qəzaların qarşısı alınıb. Eləcə də bizim hüquq-mühafizə orqanlarımız bu məsələlərdə daim ayıq-sayıqdır. Məktəblərdə pedaqoji kollektiv bu cür hallara qarşı qabaqlayıcı tədbirlər görməlidir. Əgər 8-ci sinif şagirdi cibində bıçaq gəzdirirsə, onun ailəsinə xəbər verilməlidir. Valideynləri ilə danışıqlar aparılmalıdır. Çünki o uşaqlar tam formalaşmayıb. Onlar hər an cinayət törədə bilərlər.

 

-Son dövrlər sosial şəbəkələrdə ziyalılar, deputatlar və digər vəzifəli şəxslər təhqir olunur. Bu nədən qaynaqlanır?

 

-Ağıllı adam heç vaxt soyüş söyməz, kimisə təhqir və ya şantaj etməz. Onlar üzsüz insanlardır. Gücləri ağızlarına, əxlaqsız sözlərə çatır. Ağıllı insan səhv edən şəxsi qarşısına qoyub, ona yalnışını başa salmalıdır. Mən də o əxlaqsız ifadələri oxuyuram. Bir azərbaycanlı kimi o ifadələr mənim qəlbimi ağrıdır. Təəssüf ki, o söyüşləri bizim balacalarımız, ana-bacılarımız da oxuyur. Bu savadsızlıq, nadanlıqdır. Söyüş söyməklə nə əldə edirlər? Təəssüf ki, bizdə ictimai qınaq çox zəifdir. Ona görə də söyüş söyənlərin sayı günbəgün artır. Düşünürəm ki, bunun qarşı alınmalıdır. Demokratiya adı altında məsuliyyətdən boyun qaçırmaq olmaz. Hüquq-müahfizə orqanları bununla ciddi məşğul olmalıdır. Söyüş və təhqirlər hətta cinayətə belə səbəb olur. Bəzən görürsən ki, cavan gəlin həyat yoldaşının təhqirinə görə intihar edir. Hətta elə ailələr tanıyıram ki, təhqirə görə dağılır. Düşünürəm ki, bu bəla koronavirusdan da təhlükəlidir.

 

-Tahir bəy, bilirik ki, mütəmaddı olaraq seçicilərinizlə görüşüb, onların problemləri ilə maraqlanırsınız. Sizə daha çox hansı problemlərlə bağlı müraciətlər olunur?

 

-Mənin telefonun hər zaman açıq olur. Rayonda mənim köməkçim oturur. Mənə təkcə təmsil etdiyim rayondan deyil, hər yerdən müraciət edənlər olur. Bələdiyyələr və torpaqların verilməsi ilə bağlı müraciət edənlər var. Bugünkü müraciətlər əvvəlki ilə fərqlənir. Əvvəllər daha çox qaz, işıq, içməli su, iş və yollarla bağlı müraciətlər var idi. Bu gün problemlər aradan qaldırıldığına görə bu cür müraciətlər minumuma endirilib. Bu gün ailə-məişət zorakılığına görə müraciətlər artıb. Bəzən də məhkəmələrlə bağlı müraciətlər olur. O da insanlarımızın hüquqlarını bilməməsindən qaynaqlanır. Mən heç vaxt rəsmiyyətçi olmamışam. Bəzi insanlar var ki, 100 adamı yığır ki, görüş keçirəcəyik. Mən əvvəldən bunu məqbul hesab etməmişəm. Telefonum hər zaman açıqdır. Ayda elə olur ki, 3-4 dəfə rayona gedir, seçicilərimlə görüşürəm. Rayonda olanda bəzən olur ki, səhər saat 7-də və ya axşam 11-də qapımı döyürlər. Elə olub ki, bir ayda rayonda 40 yas mərasimində iştirak etmişəm.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top