D-18 hərəkatında qalmaqal: Ruslan İzzətlinin əxlaqsız hərəkətlərinə etiraz olaraq istefalar başladı

SOSİAL 27 fev 2020, 18:15

Azərbaycanda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində 33 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş (bu dairə üzrə nəticələr MSK tərəfindən ləğv edilib,-red.) müxalif D-18 hərəkatının lideri Ruslan İzzətlinin əxlaqdankənar hərəkətlərinə etiraz olaraq təşkilatdan qalmaqallı istefalar başlayıb. Virtualaz.org xəbər verir ki, hərəkatın bir sıra üzvləri Facebook-dan bəyanatlarla çıxış edərək D-18 hərəkatında baş verənləri ictimaiyyətə çatdırıblar və istefa verdiklərini elan ediblər.

 

Onların bəyanatlarına əsasən D-18 hərəkatının lideri Ruslan İzzətli əslində ictimaiyyət qarşısında bəyan etdiyi prinsiplərə və dəyərlərə tamamilə zidd biridir. O, hətta təşkilatda tutduğu rəhbər mövqedən istifadə edərək hərəkatın qadın üzvlərinə əxlaqsız təkliflər və hərəkətlər edib. Baxmayaraq ki, İzzətli özü evlidir.

 

 

Məsələn, hərəkatdan istefa verdiyini elan edən Rəşad Umbayev yazır ki, o D-18 hərəkatının ənənəvi, qərargahlarda oturub nərd atan “pensioner müxalifətçilərin” partiyalarından fərqli, daha dinamik, gənclərin öz ideyalarını reallaşdırması üçün azad mühit yaradan təşkilat olduğuna inanaraq 4 il əvvəl ora qoşulmuşdu. Lakin hərəkatda gördükləri onu məyus edib və hiddətləndirib.

 

“Hərəkat başqanının (Ruslan İzzətlinin,-red.) xanım üzvünə qarşı (adını çəkməyi etik baxımdan düzgün saymıram) etik və əxlaq qaydalarına uyğun olmayan nalayiq hərəkətinin şahidi olduqdan sonra  artıq bu hərəkatda, həmin şəxsin rəhbərlik etdiyi təşkilatda dayana bilməyəcəyimi, buna vicdanımın əl verməyəcəyini başa düşdüm. Məhz buna görə də D-18 hərəkatından ayrıldığımı, həmin quruma dair daşıdığım bütün məsuliyyətə son verdiyimi rəsmən bəyan edirəm”,-Umbayev özünün Facebook səhifəsindən bildirir.

 

 

Hərəkatın digər üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ingilis dilində təhsil alan Səkinəxanım Məmmədova isə yazır ki, D-18 hərəkatında daxili intizamsızlıq, münaqişələr, bağışlanmaz səhvlər görüb. Və nəhayət Ruslan İzzətlinin hərəkatın qarşı əxlaqsız hərəkətləri haqda eşidərək oradan ayrılmağı qərara alıb.

 

D-18 hərəkatından istefa verən Məhəmməd Kekalov da analoji bəyanatla çıxış edib. Bildirib ki, o daha Ruslan İzzətli kimi “aşağı əxlaqa” malik adamın rəhbərlik etdiyi təşkilatda qala bilməz. “Mən Ruslan İzzətlinin kameralar və jurnalistlər qarşısında  sərgilədiyi demokrat və proqressiv mövqeyi ilə onun reallıqda, kresloda oturarkən sərgilədiyi şərəfsiz və dələduz hərəkətlər qarşısında hiddətlənirəm. Belə insanlarla yola çıxılmaz!”,-o bildirir.

 

 

Hərəkat üzvləri onu da deyirlər ki, İzzətli müxtəlif Qərb fondlarından qeyri-leqal yollarla maliyyələşir və aldığı vəsaitlər barədə hesabat vermir. Pulları şəxsi məqsədləri üçün xərcləyir. Son vaxtlar isə onun bəzi beynəlxalq təşkilatlarla və xaricdən maliyyələşən radikal müxalif qruplarla şübhəli əlaqələri intensivləşib...

 

Virtualaz.org

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top