Qırx avro yox idi, amma birlik, bərabərlik vardı — FOTOLAR

SİYASƏT 26 fev 2020, 17:19

Əllərimizdə İsveç bayraqları, keçmiş SSRİ, indiki Rusiya səfirliyinin önündən keçərək Brandenburq qapılarının qarşısındakı Paris meydanına yaxınlaşırıq. Saat hələ təzə 12-ni keçir. Rusiya səfirliyinin bir addımlığında, ABŞ səfirliyinin tam qarşısında böyük bir səhnə qurulub. Adətən Avropada belə səhnələr yerli şirkətlər tərəfindən böyük tamaşalar zamanı qurulur. Ürəyimdə dedim ki, yəqin Almaniya polisi bizimkilərlə bərabər hansısa bir erməni təşkilatına da bənzər yer ayırıb. Ah, bu avropalıların balanslaşdırılmış siyasətinə nə deyim…

 

Beynimdəki fikirləri çözələyə-çözələyə Stokholmdan gələn dostlarla bərabər səhnənin qurulduğu məkana çatdıq. Səhnədə Azərbaycan bayrağını və “Justice för Khojaly” şüarını görəndə həmin fikirləri qürur hissi əvəz elədi. Adamlar artıq meydanı doldururdular. Meydana böyük bayraqlar gətirilməyə başladı. Ştativi açıb, kameranı qurdum, tədbirdən əvvəl FB üzərindən bir-iki dəfə canlı yayıma çıxdım.

 

Tədbir Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının dövlət himnləri ilə başladı. Səhnəyə çıxan gənc aparıcılar səlis alman və Azərbaycan dillərində danışırdılar. Müxtəlif ölkələrdən olan natiqlər hamılıqla XOCALIYA ƏDALƏT istəyirdilər. Tədbir Murad Laçının və onun tələbəsinin ifasında “Bayatı-şiraz” muğamı ilə sona yetdi.

 

Bu tədbirdən geniş reportajı, eləcə də İsveç, ingilis və alman dillərində aldığım müsahibələri ən qısa zamanda “Öppna kanalen”də yayimlayacağam.

 

İndi də gələk sosial şəbəkələrdə Almaniyadakı tədbiri aşağılamağa çalışan “statuskar”lara.

 

Biri yazır ki, Diaspora Komitəsi Bakıdan adamları aparıb meydana doldurub… Bəli, Nazim İbrahimovun vaxtında belə praktika mövcud idi. Amma indiki aksiyaya Avropadan insanlar könüllü qatılmışdılar. Özüm şahidiyəm. Təşkilatçıların da tədbirin yaxşı keçməsi üçün gecə-gündüz işlədiklərini bilirəm.

 

O biri yazır ki, bu, hökumətin təbliğatı üçün lazım idi… Berlindəki heç bir çıxışda nə hökumətin, nə ölkə rəhbərliyinin adı çəkildi. “Maliyyənin göyə sovrulması” arqumentinə gəlincə isə deməliyəm ki, əvvəlki dövrlərdə büdcə həqiqətən darmadağın edilmişdi. Nəticəsi nə olmuşdu? Deyim sizə: intriqalar, bölücülük, diaspora daxilində parçalanmalar və hətta qruplar arasında “vətəndaş müharibəsi”. O fəsadlar hələ də aradan qaldırıla bilmir.

 

Yeri gəlmişkən, mənim üçün Berlinə bileti təşkilatçılar almışdılar, mehmanxananı da onlar həll etmişdilər. Amma mitinqə qatılmış övladlarımın bütün xərclərini özümüz çəkmişdik. Stokholmdan da bir neçə nəfər öz hesabına gəlmişdi. Almaniyanın lap ucqar bölgələrindən şəxsi avtomobilləri ilə tədbirə gələnlər daha çox idi. Böyük mütəfəkkir Əbdürrəhim bəy Haqverdiyevin nəslindən olan yaxın dostum Nəsimi Sadiqov mənim Almaniyada olduğumu bilmirdi. O da uşaqları ilə burada idi. Hələ Paris meydanında nə qədər tanımadığım həmvətənlərimlə tanış oldum! Ona görə də FB istifadəçilərindən birinin “meydana gələnlərə 40-50 avro pul ödəmişdilər” yazısını oxuyanda deməyə söz tapmıram. Əgər nümayişçilərə lap elə 40 avrodan ödəniş etsəydilər, inanın ki, meydanda almanların özlərinin əlindən yer olmazdı. Niyə də yox: şənbə günü, hava yaxşı, iki saat ortada dayanmaqla adama 40 avro qazanmağın nəyi pisdir?..

 

Arxayın olun, heç kimə avro-filan verən yox idi. Amma səmimiyyət var idi. Tədbirdən sonra təxminən 200 nəfər diaspora fəalının, Diaspora Komitəsinin sədri Fuad Muradovun və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun iştirakı ilə Bethoven salonunda geniş toplantı keçirildi. Yeni tanışlıqlar oldu. Bəzi birgə layihələrin əsası qoyuldu. Məhsuldar fikirlərlə yanaşı, tənqidlər və iradlar da səsləndi. Belə tədbirlərin ən böyük nəticəsi diasporamızın möhkəmlənməsi və lobbiyə çevrilməsidir. Milli lobbimizi formalaşdırmaq vaxtı yetişib.

 

Allah bir daha Xocalı qətliaminda həlak olanlara rəhmət eləsin. Xalqımızın qan yaddaşında bu hadisə əbədi olaraq qalmalıdır.

 

 

Müəllif: Rahim Sadıqbəyli

pressklub.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top