"Heç bir cinayət cəzasız qalmamalıdır" — Nübar Abbaslı

GÜNDƏM 26 fev 2020, 11:46

"Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq  bütün bu tarixin içində Xocalı  faciəsinin xüsusi yeri var. O da ondan ibarətdi ki, bir tərəfdən bu, hər bir  Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. Ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş  bir təzahürüdür". Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi bu sözlərdə çox böyük bir  həqiqət vardır.


 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikası və hərbçilərinin köməyi ilə 7 min əhalisi olan Xocalı şəhərinə hücum etmiş və əhalini qıraraq şəhəri yerlə yeksan etmişlər. Ermənilərin Xocalıda törətdikləri qırğın onların iç üzünü bir daha dünya ictimaiyyətinə göstərmişdir. Bu hücum zamanı yüzlərlə dinc sakin görünməmiş işgəncələrə məruz qalmış, uşaqlar, qadınlar, qocalar, bütöv ailələr öldürülmüşdür.  


Soyqırım (latınca genosid) hər hansı dini, milli etnik və irqi toplumu-qrupu tam və ya qismən məhv etmək, kökünü kəsmək məqsədilə edilən hərəkət deməkdir. Bu hüquqi müstəvidən yanaşdıqda aydın görünür ki, erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli- dini zəmində son nəfərədək qətlə yetirmək olmuşdur.
 Artıq bu gün dünya Xocalı soyqırımı ilə bağlı bütün həqiqətləri təfərrüatı ilə bilməlidir. İnsanlığa qarşı yönəlmiş heç bir cinayət cəzasız  qalmamalıdır. Çünki heç nə udulmur, heç nə yaddan çıxmır!.

 

Bunları mətbuata "Xocalı Soyqırımı"nın 28-ci ildönümü ilə bağlı "Qarabağ" döyüş növləri klubunun 1-ci vitse prezidenti Nübar Abbaslı bildirmişdir.

 

Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top