Koronavirusdan necə qorunmalı ?

SOSİAL 23 fev 2020, 19:42

Çində aşkarlanmış yeni korona virusu artıq bir çox ölkəyə yayılıb. Mütəxəssislərin fikrincə, insanlardan bir-birinə keçə biləcək bu virus pnevmoniyanın bir növüdür və ölkələrin əksəriyyəti bu xəstəliyin yayılmaması üçün mübarizəyə başlayıb.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev "Turan” agentliyinə deyib ki, Azərbaycanda korona virusuna yoluxma halı aşkarlanmayıb. Onun sözlərinə görə, bu virus Azərbaycan ərazisində yoxdur.


Elvin Hacıyev yeni virusla bağlı profilaktik tədbirlərdən danışarkən xatırladıb ki, Səhiyyə Nazirliyi bir neçə gün əvvəl vətəndaşlara tövsiyə xarakterli açıqlama yayıb. O vurğulayıb ki, vətəndaşlar xəstəliyin baş qaldırdığı bölgələrə gedərkən kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamalıdırlar: "Əlləri tez-tez yumaq lazımdır. Xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra. Canlı və ya ölü heyvanlarla yaxın təmasdan çəkinmək lazımdır. Həmçinin vətəndaşlar kəskin respirator infeksiyanın simptomlarını daşıyan şəxslər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün nəzərdə tutulan dəsmalla bağlamalı, əllərini yumalıdırlar”.


Elvin Hacıyev deyib ki, Dövlət Gömrük Komitəsi də virusun ölkəyə keçməməsi üçün tədbirlər görür.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bu məlumatı təsdiqləyiblər. Qurumdan bildiriblər ki, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və başqa simptomlarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün tədbirlər görülür. Bu tədbirlər uzaq məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar, termometr, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla həyata keçirilir.

 
Gömrük komitəsindən onu da bildiriblər ki, tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdədir: "Yoxlanış zamanı xəstə və xəstələndiyi şübhə doğuran şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb”.


Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə deyib ki, Çində aşkarlanan korona virusunun yayılma riski istisna deyil. Onun sözlərinə görə, yeni virus tibbi gedişə görə ağır hesab olunur: "Xüsusilə turizm və ticarətlə əlaqəli xaricə gedən Azərbaycan vətəndaşları qayıdarkən həmin virusa yoluxa bilərlər. Ona görə Çinə gedən insanlar özlərini gözləməlidirlər, zökəm əlamətləri müşahidə edilən insanlardan uzaq durmalıdırlar. Ən azından maska geyinməlidirlər. Xəstəliyin geniş yayıldığı regionlara getməməlidirlər. Bir sözlə, özlərini qorumalı, termiki işlənmiş qidalardan istifadə etməli, xəstələnən kimi həkimə müraciət etməlidirlər. Bu virus təhlükəli fəsadlar törədə bilər”.


Korona virusu ilə bağlı ölüm xəbərləri yayılmaqda davam edir. Sars virusunun qohumu adlandırılan və ilk olaraq Çində ortaya çıxan bu virus ötən ilin dekabrından bir çox insanın ölümünə səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top