"Ramiz Mehdiyev olmadığı üçün seçkiyə ürəklə qatıldım" — Rauf Arifoğlu (VİDEO)

GÜNDƏM 21 fev 2020, 00:31

"Azərbaycanda 35 saylı Xətai üçüncü seçki dairəsində seçkilər tam şəffaf, demokratik keçirilib. Yanvarın 26-da stadiona Azərbaycan müxalifətinin toplaya bilməyəcəyi qədər seçici toplamışdım. Səsvermə günü heç bir qanun pozuntusu olmayan seçki dairəsi 35 saylı Xətai üçüncü seçki dairəsi oldu. Topa bülleten atılması, kiminsə saçının yolunması faktı qeydə alınmayıb. Sonradan bütün diqqətlər mənə yönəldi, hədəfə çevrildim, qələbəmi şübhə altına almağa çalışdılar. Dövləti və Mərkəzi Seçki Komissiyasını şantaj etdilər ki, 35 ləğv olunmasa, ölkədəki seçki legitim hesab edilməyəcək".


Bunu nəticəsi ləğv edilən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu BBC Azərbaycanca Xidmətinə müsahibəsində deyib.


R.Arifoğlu qeyd edib ki, bu, başqa bir namizədin - İqbal Ağazadənin xeyrinə deyil, mənim qələbəmin tanınmamasına yönəlmişdi: "Nəticələrin ləğv edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlamasını, MSK-nın qərarını oxudum. O qədər gülməlidir ki… Sosial şəbəkəni fakt kimi göstərdilər. Bu, qanunsuzdur. Seçki Məcəlləsində qanun pozuntuları hesab edilən halların sıralaması var, onların içərisində sosial media yoxdur. Bizim seçki dairəsində qanun pozuntusuna dair bir video belə, yoxdur. Başqa seçki dairələrinin məntəqələrində gördüyüm videolar məni heyrətə gətirib. O pozuntulardan sonra həmin dairələrin ləğv edilməməsi də məni heyrətləndirir. MSK və hakimiyyət 35 saylı dairəni qurban verərək seçkini xilas etmək kursunu götürdü. Bu da qurban olsun Azərbaycanın maraqlarına…".


O bildirib ki, Məhz Ramiz Mehdiyev olmadığı üçün bu seçkiyə ürəklə qatılıb, bütün gücünü qoyub: "Yenilik, dəyişiklik havasına görə seçkilərə qatıldım. Sabotajçılarla, Eldar Mahmudovun müqavimətilə rastlaşdım. Bütün müqavimətləri aşdım, çox yüksək nəticə əldə etdim. Amma ondan sonrakı prosesə cavabdeh deyiləm. Etiraz edən namizədlərlə həmrəyəm. Amma mən küçəyə çıxıb etiraz edən deyiləm. Bəzən deyirlər, sən 2005-ci ildə belə demisən, 2015-ci ildə də başqa cür demisən. Adamlar anlamırlar ki, 1-ci sinifə gedən şagird 10 il sonra X sinifdə oxuyur. Bir master 10 il sonra nazir olur… Məndən tələb olunur ki, sən 2005-də nə demisənsə, onu söylə. Düşüncəmə görə siyasətdə bir-birilərinə, hətta güllə atmış şəxslər belə 1 il sonra koalisiyada ola bilərlər. Mən bütün həyatımı meydanlarda keçirə bilmərəm". (pravda.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top