Fəzail Ağamalı: “Kamil Musavi xalqın Qarabağ əlillərinə olan mərhəmətindən sui-istifadə etməyə çalışır” – VİDEO

SOSİAL 20 fev 2020, 23:49

“Fevralın 6-da Salyanda keçirdiyim görüşdən çıxan zaman Kamil Musavi və Aytən Qurbanova daxil olmaqla 25-30 nəfər gözləyirdilər. Kamil Musavi ilə normal görüşdüm, dedim, belə şeylərə nə ehtiyac var ki? Dedi ki, sizin tərəfdarlarınız mənim tərəfdarımı döyüblər. Dedim, bu fakt mənə bəlli deyil, belə fakt varsa, hüquq mühafizə orqanlarına müraciət edin. Kamil dedi, yox, özü araşdıracaq. Sonra da söyüş söydü, dedi, ən böyük lotu mənəm. Heç yanındakı xanıma da hörmət etmədi. Xanm da ona irad tutmadı. Nəşələnmiş, sərxoş vəziyyətdə olanlar, özlərini idarə edə bilməyənlər səs-küy yaratdılar. Bu, təxribat idi. Onlar elə güman edirdilər ki, mən də emosiya nümayiş etdirəcəm. Təbii ki, mən buna yol verə bilməzdim. Sakit şəkildə oranı tərk etdim. Mənim seçilməyimə etiraz etdirsinizsə, daha avtomobilimi niyə əzirsiniz? Bu nə vəhşilikdir? Bu, dəyərlərə olan hücumdur, qanunlara hörmətsizlikdir, Azərbaycan Prezidenti İlham Əliyevin yaratdığı demokratik dəyərlərə zərbədir”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu Ana Vətən Partiyasının sədri, 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa lider namizəd Fəzail Ağamalı “musavat.com” saytının “Canlı debat” proqramında deyib.

 

“Bu cür addımlar tək mənə qarşı olmayıb. Hesab edirəm ki, bu seçkilərdə anti-Azərbaycan, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursuna mane olan qüvvələr var idi. Seçkiboyu da onlardan istifadə edilirdi. Məqsəd seçkiləri pozmaq idi. Kamil Musavi ilə hər hansı şəxsi problemim yoxdur. O, hər halda döyüşdə olmasa da, əməliyyatlardan birinin hazırlanması zamanı öz səhvi ucbatından minaya düşərək özü  ilə bərabər iki nəfəri də əlil edən şəxsdir. Bunun ayağını evində balta kəsməyib, hadisə ön cəbhədə baş verib. Kamil Musavi hər bir azərbaycanlı tərəfindən mərhəmət və hörmətlə qarşılanır. Təəssüf edirəm ki, Kamil Musavi Azərbaycan xalqının Qarabağ əlillərinə olan mərhəmətindən və hörmətindən sui-istifadə etməyə çalışır. Kamil Musaviyə qarşı aqressiyam yoxdur. O, sadəcə, oyuna atılan insandır. Onun yanında dayananlar kimlər idi? Müsavat Partiyasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndələri... Kamil Musavinin ətrafında radikal müxalifətin 30-40 nümayəndəsi, aldadılmış gənclər və  mərhəmətli, proseslərdən kifayət qədər təsəvvürü olmayanlar olub...” – F.Ağamalı qeyd edib. (pravda.az0

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top