Ekspert Ermənistan ordusundakı itkilərin səbəblərini açıqladı

SİYASƏT 20 fev 2020, 22:23

"İki həftə ərzində Ermənistan ordusunda 14-dən çox əsgər ölüb. Bu və digər nizamnamə pozuntuları daxili komandada çalxalanmanın olduğundan xəbər verir. Hazırda Ermənistanda intihar-ölüm hadisələrinin səbəbləri araşdırılır. Bir növ başları özlərinə qarışıb. Belə bir vəziyyətdə biz diplomatik kanalları açıq qoymaqla, ön xətdə ordumuzun aktivləşməsinə imkan yaratmalıyıq”.

 

Demokrat.az xəbər verir ki, bunu "Mediapost.az”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

 

O xatırladıb ki, bununla bağlı Hərbi Polis İdarəsinin polkovnik rütbəli rəisi və Silahlı Qüvvələrin mənəvi-psixoloji təminat idarəsinin rəisi (general) vəzifəsindən azad olunub.

 

Hərbi ekspert fevralın 15-də ilk dəfə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debatı isə belə şərh edib: "Münhen Təhlükəsizlik Konfransındakı debatı Azərbaycan prezidentinin qələbəsi kimi dəyərləndirmək olar. Paşinyanın siyasi-tarixi biliklərinin yüksək olmadığı bir daha ortaya çıxdı. Bu görüş təbii ki, Azərbaycanda, o cümlədən ordumuzda əvhali-ruhiyyənin yüksəlməsinə səbəb oldu. Lakin bunu yalnız siyasi qələbə hesab etmək olar. Əfsuslar olsun ki, bu, hərbi qələbə deyil. Hərbi qələbəni təmin etmək üçün danışıqlar prosesi davam etdirilməli, diplomatik kanallar daim açıq saxlanılmalıdır.

 

Ekspert Ermənistan ordusundakı itkilərin səbəblərini açıqladı

 

Debatda Paşinyan belə bir cümlə səsləndir: "Bu münaqişənin sülh yolundan başqa digər həll variantı yoxdur”. Biz danışıqlar formatından çıxmadan, ön xətdə əsgərlərimizi aktivləşdirməklə Paşinyanın bu fikrinin yanlış olduğunu ona sübut edə bilərik.

 

Digər tərəfdən, ön xətdə baş verən istənilən qətl, uğursuzluq, bizim əsgərlərimiz tərəfindən işğal olunmuş ərazilərdə erməni əsgərinin məhv edilməsi Paşinyanın gələcək danışıqlarda daha konstruktiv mövqe tutmasına səbəb ola bilər.

 

Ermənistandakı mövcud gərgin daxili siyasi vəziyyətdən, əsgər analarının etirazlarından, müxalifətin aksiyalarından istifadə edib Ermənistana daha çox işğalçı əsgər cənazələrinin yola salınmasına çalışmalıyıq. Əminliklə deyirəm ki, bu gün erməni ordusunun potensialı Azərbaycanla mübarizə aparacaq səviyyədə deyil.

 

Buna görə də yalnız cəbhədə aktivləşmək, erməniyə müharibənin qurtarmadığını, Azərbaycanın Qarabağın işğalıyla barışmadığını bir daha çatdırmalıyıq. Diplomatlar isə öz işinə davam etsinlər, görüşsünlər, danışsınlar. Amma əsgərlərimizə də düşmənə zərbə endirmək üçün şərait yaradılsın.

 

Prezidentimiz müharibəni heç vaxt, nə budəfəki, nə də əvvəlki çıxışında istisna etməyib. Sadəcə, adından da bəlli olduğu kimi təhlükəsizlik konfransında müharibə hədələri ilə çıxış etmək diplomatik kütləni azalda bilərdi. Sətiraltı mənalarda müharibə mesajı vardı. "Azərbaycan bununla barışmayacaq!” deyirik. Deməli, torpaqlarımızın işğaldan azad olunması sülh yolu ilə alınmırsa, başqa hansı yol qalır? Təbii ki, müharibə yolu”.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top