Dağlıq Qarabağa muxtariyyət verilməyəcək — Hamının gözlədiyi CAVAB

GÜNDƏM 19 fev 2020, 22:43

Münhen Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistan Baş Nazir arasındakı debat son günlərin ən vacib və yaddaqalan hadisələrindən birinə çevrildi. Görüşün nəticələrini AYNA-ya şərh edən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov əvvəlcə görüşün əhəmiyyətinə diqqət çəkib: “Bu müzakirənin baş verdiyi platforma çox əhəmiyyətlidir. Oradakı bütün açıqlamalar dünya mediası tərəfindən çox geniş şəkildə işıqlandırılır”.

 

Müzakirələrdən danışan ekspert iki əsas məqamı qeyd edib: “Birincisi, Azərbaycan Prezidenti İlham Əliyev siyasi təcrübəsi, diplomatik qabiliyyəti, müzakirələr aparmaq bacarığı, habelə mövzunu bilməsi baxımından öz üstünlüyünü nümayiş etdirdi. Bu, həm bizim, həm də erməni mətbuatında hiss olundu. İkincisi, Ermənistandan fərqli olaraq Azərbaycanın mövqeyi beynəlxalq hüquqa uyğundur. Ermənistanın mövqeyini müdafiə etməyə, Paşinyanın əvəzinə ingilis dilini yaxşı bilən daha təcrübəli bir siyasətçi olsaydı belə, yenə də nail ola bilməzdi. Ermənistanın mövqeyini müdafiə etmək mümkün deyil, çünki o dövlət Azərbaycan ərazilərinin işğalçısıdır. Digər tərəfdən isə bütün ərazilərdə etnik təmizləmə aparılıb”.

“Paşinyan açıq şəkildə Ermənistanın işğal etdiyi əraziləri ilhaq etmək istədiyini söylədi. Bu mövqeni müdafiə etmək, demək olar ki, mümkün deyil. Ermənilər vəziyyəti tənqidi qiymətləndirə bilmirlər və hazırkı siyasətin ölkəni uçuruma sürükləməsini başa düşmürlər. Baş Nazirin səsləndirdiyi bəzi məqamlar hələ tam təhlil edilməyib. Paşinyanın ritorikasının sərtləşməsinə cavab olaraq, Prezident İlham Əliyevin bəyanatlarına görə, muxtariyyətin olmayacağını başa düşmək olar və Qarabağdakı ermənilər digər Azərbaycan vətəndaşları kimi eyni hüquqlara sahib olacaqlar”, - keçmiş nazir bildirib.

 

Zülfüqarovun sözlərinə görə, bu, Azərbaycanın mövqeyinin dinamikası baxımından çox vacib bir komponentdir: “Bu, hamımızın gözlədiyi həmin cavabdır. Azərbaycan Paşinyanın radikal açıqlamalarına cavab olaraq aktiv mövqe sərgilədi. Bu müzakirədən dərhal sonra Paşinyan “Münhen” adlandırdığı və əslində “Madrid prinsipləri”nin zərərsizləşdirilməsi ilə əlaqəli tezisləri yayımladı. Beləliklə, danışıqlar prosesinin pozulması davam edir. Burda belə bir sual yaranır: Ermənistanın davranışı ATƏT Minsk Qrupunun mandatını nələrdən məhrum edir? Əgər o, danışıqlar prosesini pozursa, deməli ATƏT-in Minsk Qrupunun burada görəcək heç bir işi yoxdur. Mövqeyi radikallaşdırır. Münhen müzakirələrindən sonra qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi qaçılmaz hala çevrilir”.

 

Müsahibimiz, həmçinin hesab edir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi panellərində iştirakı ölkənin təsir imkanlarının dünyada nə qədər dinamik şəkildə dəyişdiyini göstərir: “Avropaya enerji tədarükü ilə bağlı dialoqlara diqqət yetirsək, bu məsələlər “Şimal axını-2” kimi olan məsələlərlə yanaşı müzakirə edildi. Avropa ölkələrinin gücü və imkanları Azərbaycanın da fəal rol oynadığı enerji müstəqilliyindən asılıdır. Bununla əlaqədar olaraq deməliyəm ki, Bakı, xüsusən də enerji sahəsində Avropanın nəzərində aktual olaraq qalır”.

 

Rusiyalı politoloq Oleq Kuznetsov da Əliyev-Paşinyan debatını AYNA-ya şərh edib. Diqqət çəkib ki, iki müharibə edən ölkənin liderlərinin beynəlxalq vasitəçilərin və ya digər ölkələrdən olan həmkarlarının iştirakı olmadan bu formatda keçirilən belə bir görüş tarixdə ilk dəfə idi: "Əslində, bu, iki siyasətçinin açıqlamaları və ya hər hansı mətbuata verdikləri müsahibələr vasitəsilə dolayı müzakirə deyil, birbaşa Azərbaycan və Ermənistan liderləri arasında qapalı danışıqların pərdə arxasına keçdiyi ilk açıq müzakirə idi. Bu vəziyyətdə müzakirənin mənəvi hissəsi bütün siyasi dəlilləri üstələyir, bu da prioritetin əhəmiyyətini daha da artırır”.

“Müzakirənin məzmunu ilə bağlı çox söz deməyə ehtiyac yoxdur, sadəcə iki sözlə təsvir etmək kifayətdir: uşağı döymək. Şübhəsiz ki, Prezident Əliyev bütün üzdə olanlara görə - ingilis dilini bilmə səviyyəsi, ümumi bilik səviyyəsi, davranış tərzi, özünü auditoriyaya təqdim etmə qabiliyyəti baxımından rəqibini üstələdi. Nikol Paşinyan ortadan yuxarı intellektual inkişaf səviyyəsi olan bir auditoriyaya fikirlərini adekvat ifadə etmək üçün ingilis dilində xüsusi hüquq və siyasi terminlərin keyfiyyətini kifayət qədər bilmirdi. İnstituta qəbul imtahanlarında iştirak edən məktəbli kimi görünürdü. Bu, soy kökü, tərbiyə və təhsil müzakirə edilməyə başlamazdan əvvəl müvəffəqiyyətin təmin edildiyi vəziyyət kimidir”, - Kuznetsov deyib.

 

Siyasi şərhçinin sözlərinə görə, tərəflərin müxtəlif çəki kateqoriyalarında olması çox açıq şəkildə görünürdü: “Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Yerevan Dövlət Universitetinin bakalavriat ikinci kurs tələbəsinə qarşı. Bütün bunlar mənə orta məktəbdə müəllimlik təcrübəmi xatırlatdı. Bilikli və təcrübəli müəllim “şparqalka”dan istifadə edən, heç də savadlı və ağıllı olmayan tələbəni imtahana çəkər kimi görünürdü. Bu vəziyyətdə imtahanın məqsədi bilik səviyyəsini müəyyənləşdirmək deyil, təkəbbürlü və çox ağıllı olmayan tələbəni “sındırmaq” idi”.

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top