Hərbi ekspert: "Münhen görüşü 2016-cı ildən sonra Ermənistana vurulan növbəti zərbə oldu"

GÜNDƏM 18 fev 2020, 19:32

"Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla debatda Azərbaycan lideri faktlara əsaslanan hücum taktikası nümayiş etdirib".


Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirib. 


Hərbi ekspert deyib ki, bu hadisə 2016-cı ildən sonra Ermənistana vurulan növbəti zərbə olub:


"Əgər ermənilər 2016-cı ildə hərb meydanında ciddi zərbə aldılarsa, növbəti belə məğlubiyyəti Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən siyasət cəbhəsində yaşadılar. Bu hücum siyasətinin arxasında güclü Azərbaycan Ordusu dayanır. Ordumuzun yüksək döyüş qabiliyyətinə malik olması siyasi arenada həm dövlət başçısının, həm də diplomatiyamızın mövqelərini gücləndirir". 


R. Məmmədlinin sözlərinə görə, prezident İlham Əliyevin həmin debatda Ermənistana müharibə ilə bağlı xəbərdarlığı da bunu deməyə əsas verir. 


Hərbi icmalçının fikrincə, debatdan da görünür ki, Ermənistan hakimiyyətində işğal faktının aradan qaldırılması üçün hər hansı addım atılacağına dair ehtimal yoxdur:  


"Ermənistan siyasi arenasında Azərbaycan ərazilərini azad edə biləcək iradə nümayiş etdirə bilən lider yoxdur. Erməni cəmiyyəti də buna hazır deyil. Görünən odur ki, yeganə yol ərazilərimizin hərbi yolla işğaldan azad edilməsidir".


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top