“Google” və “Apple”a səudiyyəli qadınlarla bağlı ÇAĞIRIŞ

MARAQLI 16 fev 2020, 21:57

ABŞ-da Demokratlar partiyasından olan senator Ron Uayden “Google” və “Apple” şirkətlərinə Səudiyyə Ərəbistanı ilə bağlı çağırış edib. Senator Səudiyyə Ərəbistanında kişilərin qadınların həyatını idarə etmələrinə imkan verən telefon proqramının tətbiqinin dayandırılmasını istəyib.


Demokrat.az xəbər verir ki, senator Ron Uayden hər iki şirkətin rəhbərliyinə məktub göndərərək, həmin proqramın telefonlara yüklənməsinin qarşısının alınmasını tələb edib.


“Google Play” və “Apple Store”dan yüklənilərək istifadə edilən “Absher” adlı proqram Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinə bağlı ümumi xidmət orqanları və elektron dövlət səhifəsindəki oxşar xidmətləri əhatə edir.


Səudiyyə Ərəbistanının vətəndaşları bu portal vasitəsilə pasport üçün müraciət edə, doğum haqqında şəhadətnamə ala və avtomobili qeydiyyatdan keçirə bilir.


Ancaq insan haqları müdafiəçiləri hesab edir ki, bu proqram Səudiyyə Ərəbistanındakı qadınların kişilərin nəzarəti altında və onların icazəsilə səyahət etməsinə şərait yaradır.


“Cbs.com”un yaydığı məlumata görə, “Absher” proqramı vasitəsilə kişilər qadın qohumlarının ölkədən çıxıb-çıxmaması məsələsində məhdudiyyət tətbiq edə bilir. Bundan əlavə, kişilərin qadınların səyahət tarixlərini və yerlərini məhdudlaşdırmaq imkanı da yaranır.


Bir müddət öncə 18 yaşlı səudiyyəli qız Rahaf Məhəmməd əl-Qunun ailəsindən qaçandan sonra ölkəsinə geri dönəcəyi halda, həyatının təhlükə altında olduğunu bildirmiş və bu əsasla Kanadadan sığınacaq istəmişdi.(Bizim yol)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top