Nəcməddin Sadıkov Gerasimovla görüşdü — FOTO

SİYASƏT 06 fev 2020, 21:30

Fevralın 6-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a bildiriblər ki, general-polkovnik N.Sadıkov iki ölkə arasında əlaqələrin qurulmasında dövlətlərimizin başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam əsasında aparıldığını, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib.

 

Baş Qərargah rəisi bildirib ki, Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə mayın 9-da Moskvada keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı barədə dövlət səviyyəsində qərar qəbul edilib və bu məqsədlə artıq fəal hazırlıq işləri həyata keçirilir.

 

Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.

 

Ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.

 

Söhbət zamanı hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonda ordu generalı V.Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə növbəti ikitərəfli görüşün Bakıda təşkil edilməsinə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top