Anti-Azərbaycan qətnaməsinin gerçək müəllifləri — AŞPA legitimliyini itirir

SİYASƏT 06 fev 2020, 18:30

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda “siyasi məhbus”larla bağlı qətnamə qəbul etməsi bu təşkilatın əvvəlki ampulasını davam etdirdiyini təsdiqlədi. Qətnamədə yeni heç nə yoxdur, illər öncə irəli sürülən iddialar hətta heç bir korrektə məruz qalmadan yeni qətnaməyə salınıb. Bu detal sübut edir ki, qətnamənin müəllifləri ya Azərbaycanı tanımır, ya da tanımaq, müşahidə aparmaq, ölkədə baş verən prosesləri öyrənmək istəmirlər. Əslində bunun marağında da deyillər, çünki məqsəd demokratiya, yaxud insan haqları deyil, siyasi çıxarlardır.


Bu baxımdan, qəbul edilən qətnamə kağız parçasından başqa bir şey deyil və yalnız AŞPA-nın özünə, ümumilikdə isə Avropanın maraqlarına ziddir. Hərçənd, Avropa strukturlarından Azərbaycana qarşı qərəzli iddiaların mütəmadi olaraq təkrarlanması bunun arxasındakı səbəbə də diqqət çəkir.

 

Image result for Parliamentary Assembly of the Council of Europe


Erməni diasporu, erməni lobbisi və islamofobların düşmənçiliyi. Proseslərin inkişafı dəfələrlə sübut edib ki, Avropadan Azərbaycana qarşı irəli sürülən iddiaların, qəbul edilən qətnamələrin və qərarların arxasında bu qüvvələr dayanır. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center – ESİSC) bir müddət öncə yayımladığı araşdırmasında bu fakt çılpaqlığı ilə öz əksini tapır. (http://www.esisc.org/upload/publications/analyses/11791/AC%2002.pdf).


ESİSC-in hesabatında qeyd olunur: “Ermənistanı müdafiə edən bir neçə QHT illər boyunca AŞPA-dakı əlaqələrinin köməyilə Azərbaycana qarşı amansız kampaniya aparır. Heç kim iddia etmir ki, Azərbaycan mükəmməl dövlətdir, lakin Ermənistanın Dağlıq Qarabağı qanunsuz işğalını müdafiə etmək məqsədilə yaratdığı gizli siyasi şəbəkə AŞPA-nı alət edib”. 

 

Image result for Protest against Europe


AŞPA-dakı anti-Azərbaycan şəbəkəsini ifşa edən sensasiyalı hesabatda konkret adlar da çəkilir: Cerald Knaus, Kristofer Ştrasser, Milena Qabanelli, Piter Omtzixt, Frank Şvab, Rene Ruke, Fransua Roşblaun və digərləri. 


Zaman keçsə və adlar dəyişsə də eyni şəbəkə fəaliyyətini davam etdirməkdədir. Bir qayda olaraq, bu şəbəkəyə yeni üzvlərin cəlb edilməsi işini Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin deputatları həyata keçirirlər. Onların əsas vasitələri də rüşvət, hədə-qorxu və şantajdır. Araşdırmalar AŞPA-nın Azərbaycana qarşı iddialarının yenilənməməsinin və klassik qərəzin davam etməsinin səbəbinin məhz bu şəbəkə olduğunu təsdiqləyir. 


Bəs, qərəz və ikilistandartlar kimin ziyanına işləyir?

 

Image result for Parliamentary Assembly of the Council of Europe Azerbaijan


Bu sualın cavabı birmənalıdır: AŞPA. Müstəqil siyasət aparan Azərbaycan demokratik dəyərlərin inkişafı və insan haqlarının qorunması istiqamətində ciddi addımlar atır. Hətta Avropa ölkələrindəki vəziyyətlə müqayisədə Azərbaycanda demokratik dəyərlərin qorunması nümunə təşkil edir.


İslamofobiya, etiraz aksiyalarının gözyaşardıcı qazlar və atlı polislər tərəfindən dağıdılması, insanların döyülməsi, miqrantlara qarşı qeyri-insani davranışlar Azərbaycanda yox, məhz Avropada yaşanır. İngiltərədəki küçə yürüşləri, Fransada “sarı jiletlər” hərəkatı, Almaniyada etiraz aksiyaları və çoxsaylı faktlar Avropada “Qərb dəyərləri” kimi təqdim edilən demokratiya və insan haqlarının deqradasiyaya uğradığını göstərir. Bütün bunların fonunda AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi məlum qətnamə ikilistandartlardan başqa bir şey deyil. Müstəqil siyasət yürüdən Azərbaycan bu qətnamələrin heç birinə əməl etməyəcək. Bu o deməkdir ki, kağız üzərində olan bu qətnamənin Azərbaycana heç bir təsiri yoxdur, lakin AŞPA haqqında bunu demək çətindir.

 

Image result for Islamophobia


Erməni lobbisinin əsirinə çevrilən AŞPA qərəzli qərarları ilə yalnız öz imicini zədələyir və fundamental prinsiplərini pozur. Qurum Azərbaycanla bütün körpüləri yandırmaq istəyirsə, bu öz seçimidir, lakin bundan zərər görən yenə özü olacaq. Nə beynəlxaılq ictimaiyyət, nə də Azərbaycan ictimaiyyəti AŞPA kimi qrup maraqlarına xidmət edən qurumların legitimliyini qəbul etmir.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top