Dövlət başçısı: "2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır"

SİYASƏT 04 fev 2020, 00:14

2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır.

 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

 

Prezident İlham Əliyev qeyd edib:

 

"Keçən il bir çox başqa hadisələr də baş vermişdir. İndi onların hamısını burada qeyd etmək mümkün deyil. Hesab edirəm ki, dediyim məsələlər və gətirdiyim rəqəmlər ölkəmizdə gedən proseslər haqqında kifayət qədər məlumat verir və bunlar bizim uğurlarımızdır. Biz bu uğurları deməliyik, onları təbliğ etməliyik, eyni zamanda, bu uğurlarla kifayətlənmək olmaz. Biz həmişə gərək həll olunmamış məsələlər ətrafında səylərimizi gücləndirək və bunu edirik. Ona görə bu ənənəvi konfransın əsas məqsədi görülmüş işlərə yekun vurmaq və il ərzində görüləcək işlərə təkan verməkdir. Ona görə də 2004-cü ildən başlayaraq biz bu yolla gedirik. 2004-cü ildə qəbul edilmiş birinci proqram tarixi hadisə idi. O vaxt o proqram mənim seçkiqabağı proqramımın tərkib hissəsi idi. O vaxt ilk dəfə prezident vəzifəsinə seçilən zaman vətəndaşlara demişdim ki, əgər mənə etimad göstərilərsə, o cümlədən regionların inkişafı ilə ciddi məşğul olacağam. Çünki bilirdim ki, Azərbaycanın regionlarında vəziyyət o qədər də yaxşı deyil. Bunun da əlbəttə ki, təbii səbəbləri var idi - infrastruktur köhnəlmişdi, demək olar ki, sıradan çıxmışdı, bir çox müəssisələr fəaliyyətini dayandırmışdı, kənd təsərrüfatında durğunluq yaşanırdı. Ona görə hesab edirdim ki, Regional İnkişaf Proqramı bizim üçün əsas təkanverici proqram olacaq. Eyni zamanda, Azərbaycan əhalisinin böyük əksəriyyəti bölgələrdə yaşayır, rayonlarda, kəndlərdə yaşayır. Onların yaşayışı yaxşılaşmalı idi. Ona görə bu proqramın qəbul edilməsi bir daha demək istəyirəm ki, tarixi hadisə idi. O vaxtdan bu günə qədər hər il biz proqramın icrasını müzakirə edirik. Dediyim kimi, üç proqram qəbul edildi və icra olundu, dördüncü proqram indi icra edilir.

 

Deyə bilərəm ki, 2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, dünyada rekord göstəricidir. Bütün statistik məlumatlar araşdırıla bilər, inanmıram ki, buna bənzər artım tempi olsun. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Bizim valyuta ehtiyatlarımız 27 dəfə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi, keçən ilin yekunlarına görə 51, indi isə 52 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşmüşdür. Bu da onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər düşünülmüş şəkildə və ədalətli bölünmüşdür. Biz bu gəlirlərdən istifadə edərək ölkəmizin bütün əsas infrastruktur problemlərinin böyük hissəsini həll etdik, eyni zamanda, vətəndaşların rifah halını yaxşılaşdırdıq. Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artmışdır, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilmişdir. Yəni, bu böyük sosial proqramlar böyük vəsait tələb edir. Təsəvvür edin, 300 min insan üçün evlər, mənzillər tikilib. Biz bu illər ərzində təxminən Sumqayıt, yaxud Gəncə boyda şəhər tikmişik. Bunu etmək üçün həm siyasi iradə, düşünülmüş siyasət, eyni zamanda, imkanlar olmalı idi.

 

İnfrastruktur layihələrinə gəldikdə, bu illər ərzində 33 elektrik stansiyası tikildi, onların generasiya gücü 3 min meqavatdır. Əgər bu stansiyalar tikilməsəydi, bu gün ölkəmizin yarısını qaranlıq bürüyərdi, biz elektrik enerjisini yenə də idxal edərdik və buna böyük pullar verərdik. Amma biz bu stansiyaları tikməklə, 3 min meqavat generasiya gücünü əldə etməklə bu gün elektrik enerjisini ixrac edirik. Keçən il bu ixracdan ölkəmizə təqribən 60-65 milyon dollar vəsait daxil olubdur.

 

2003-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi, rayonlarda ümumiyyətlə qaz yox idi. Hazırda bu rəqəm 96 faizə çatıbdır. Elə rayon yoxdur ki, orada qaz olmasın. Elə rayon yoxdur ki, orada qazlaşdırma təqribən 70 faizdən aşağı olsun. Rayonlarda 100 faiz, 95 faizdir. 16 min 700 kilometr avtomobil yolu tikilmişdir. Bizi bütün qonşu ölkələrlə müasir avtomobil magistralları birləşdirir. Yüzlərlə (bəlkə də mindən çox) kəndin yolu abadlaşdırılıb.

 

Meliorativ tədbirlər. İki böyük su anbarı - Taxtakörpü və Şəmkirçay tikilib. Bunlar olmasaydı, orada yerləşən rayonlarda su qıtlığı yaranacaqdı. Əgər Taxtakörpü su anbarı tikilməsəydi, keçən il Bakı şəhərini su ilə təmin etmək mümkün olmazdı. Çünki keçənilki quraqlıq bəlkə də tarixdə olmayıb. Biz məhz Taxtakörpüdə yığılan suları Ceyranbatana ötürməklə Bakını fasiləsiz su ilə təmin etdik. Bakıda heç kim hiss etmədi ki, belə ciddi quraqlıq olub.

 

Bütün bu işləri biz ona görə görürük ki, insanlar daha yaxşı yaşasınlar. Hər bir böyük layihənin arxasında düşünülmüş siyasət dayanır. Kəndlərdə su təminatını yaxşılaşdırmaq üçün bu illərdə 1500-dən çox artezian quyusu qazılmışdır və bu proses davam etdirilir. Yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Ona görə bizim proqramımızın icrasında infrastruktur layihələri xüsusi yer tuturdu. Biz sosial təşəbbüslərlə paralel olaraq, bu layihələri həyata keçirməklə bugünkü reallığı əldə etdik". (Trend)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top