Sərdar Cəlaloğlu: “Müsavata görə həbsdə yatdım, bu da Arif Hacılı”

SİYASƏT 03 fev 2020, 19:33

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 15 saylı Yasamal birinci seçki dairəsində iki müxalifət rəhbəri, Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu rəqibdirlər.

 

Demokrat.az xəbər verir ki, Müsavat başqanı Arif Hacılı müxalifətlə rəqib olmadığını vurğulayıb:

 

“Mən seçkilərdə hakimiyyətlə rəqabət aparıram. Namizədliyimi irəli sürdüyüm dairədən rəqibim Yeni Azərbaycan Partiyasıdır”.

 

ADP sədri Sərdar Cəlaloğlu isə tamam fərqli mövqedədir. O qeyd edib ki, artıq həmin dairədə imza toplama kampaniyasına başlayandan sonra Arif Hacılı buradan namizəd olmaq fikrinə düşüb:

 

“Əgər mən MSK-dan imza vərəqlərini götürməmiş olsaydım, başqa dairədən namizədliyimi verərdim. Bir halda ki, Arif Hacılı gözləyib, sonuncu gün namizədliyini məhz mənim dairəmdən verib, demək dairəmi dəyişməyə imkanım olmasın deyə çalışıb”.

 

S. Cəlaloğlu hesab edir ki, Müsavat Partiyası haqqında qərarını verib: “İllər əvvəl Müsavatı dəstəklədiyimə görə, həbsdə yatdım. Bu da Arif Hacılı...Sadəcə etika xatirinə, Arif Hacılı hökumət tapşırıq versə belə, mənə alternativ olmaya bilərdi. Bu hakimiyyətin planıdır. O, heç cür əsaslandıra bilmir ki, niyə məhz mənim dairəmdən namizədliyini irəli sürüb. Mənim qarşımı almaq üçün atdığı bu addım müəyyən dairələrin planının tərkib hissəsidir”. (modern.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top