"Ciddi medianın oxucusu qayıdır" — “Ayna”nın rəhbəri Tural Talehoğlu ilə MÜSAHİBƏ

MÜSAHİBƏ 29 yan 2020, 15:31

Media idarəçiliyi sahəsində ötən ilin son aylarının kadr və struktur dəyişiklikləri dərhal özünü göstərdi: jurnalistika müstəvisində nəinki peşə, məişət əxlaqı çərçivələrini aşmış qarşıdurma xeyli səngidi, “Trol fabriki”nin “məhsul istehsalı” kəskin azaldı, hətta Mətbuat Şurasının “qara siyahısı”na da daha gərək qalmadı. Hələlik “zahiri”, yəni, gözlə görünən dəyişikliklər bu həddə dayanıb. Bəs medianın özündə, onun daxili qatlarında hansı proseslər gedir? Yenilənmə simptomları varmı? Cəmiyyətdəki canlanma onun mövzu seçiminə, məzmun keyfiyyətinə təsir göstərirmi?

 

“Pressklub.az”-ın əməkdaşı ölkənin mühüm informasiya resurslarından biri – AYNA xəbər saytının rəhbəri Tural Talehoğlu (Tural AĞATLI) ilə bu barədə söhbətləşib.

 

Demokrat.az həmin müsahibəni oxuculara təqdim edir:

 

– Tural bəy, ictimai-siyasi həyatımızın yenilikləri medianın gündəminə nə dərəcədə təsir göstərib? Bundan da vacib sual: oxucu-tamaşaçı marağında dəyişiklik hiss olunurmu? Yoxsa elə əvvəlki kimi, əsas diqqət şou-kriminaladır?

 

– Ümumiyyətlə, Azərbaycan mətbuatının son 20 illik tarixinin müxtəlif mərhələlərində oxucuların maraq dairəsinin dəyişdiyini görürük. Məsələn, 90-cı illərin mətbuatı sosial, siyasi problemlər üzərində köklənmişdi. 2000-ci illərdə mətbuatın böyük bir hissəsi şou-biznesin “əsarəti” altına düşdü. Oxucu daha çox şou xəbərlər arxasınca qaçırdı, hansısa müğənninin, teleaparıcının geyiminə, davranışına, sevgilisi olub-olmadığına maraq göstərirdi. Bunun da səbəbləri var idi. Mətbuatdan problemlər, təhlil və tənqid yavaş-yavaş yığışdırıldığı üçün onların yerini şou-biznes xəbərləri tuturdu. Sonra bir dönəm kriminal xəbərlər dəbə mindi. Oxucu kimin-kimi öldürdüyündən, harada dava düşdüyündən, oğurluq-qarət hallarından xəbərdar olmaq istəyirdi. Bu cür məlumatlar neqativ üzərinə neqativ yükləyirdi, amma ön səhifələri bəzəyirdi və oxu saylarına ğörə qalan xəbərləri ötürdü. Bayaq dediyim kimi, samballı, düşündürücü materialları əvəzləyirdi. Saytlar və qəzetlər də tendensiyanın arxasınca gedir, bir-birindən “oxucu oğurlamaq” məqsədi güdürdü. Texniki dillə desək, asan yolla İP qazanmağa çalışırdı. Müəyyən bir dövrdən sonra idman xəbərləri gündəmin əsas oxucu toplayan xəbərlərinə çevrildi. Söhbət əsasən futboldan gedir. Bunun nəticəsi idi ki, bir neçə popular idman qəzeti və saytı meydana çıxdı. Ancaq son 2-3 il idi ki, oxucu da, mətbuat da artıq “yüngül xəbərlərdən” yorulmuşdu, ictimai-siyasi məzmunlu materiallar axtarışı duyulurdu, sosial mövzulara diqqət artırdı. Oxucu düşünmək istəyirdi, “tənqid ovuna” çıxmışdı. Tənqidi materiallar tapmaq isə çətin idi. Yerli mediada tənqidə qeyri-rəsmi qadağa qoyulduğu üçün oxucu öz məqsədinə nail ola bilmirdi. İstədiyini almayanda isə “aclığını”sosial şəbəkələr vasitəsilə aradan qaldırırdı, yaxud xarici mətbuata üz tuturdu. Məsələn, bizə birbaşa aidiyyəti olmasa belə, Türkiyədə hökumətin tənqidinə yönəlmiş materiallar Azərbaycan oxucusunun marağını çəkirdi, çünki özümüzdə belə materillar, demək olar ki, yox idi.

 

– Keçək bugünün mənzərəsinə.

 

– Son dövrlərdə oxucunun istədiyi materialların sayı yerli mətbuatda artır. “Sosial sifariş” bizi fəal şəkildə daha düşündürücü xəbərlər axtarışına cəlb edir. Statistika dediklərimi təsdiqləyir. Mən həm öz saytımızın, həm izlədiyim başqa mətbuat orqanlarının göstəricilərinə əsaslanıb deyə bilərəm ki, bu gün Azərbaycan oxucusu siyasətlə yaxından maraqlanmağa başlayıb. İnsanlar hələ ki, siyasi proseslərdə iştirak etmirlər, amma onlarla çox yaxından maraqlanırlar. Seçkilərlə bağlı materiallar bir neçə il öncə kimsənin marağında deyildi. Seçkilərə aid başlıq görən kimi, atırdılar bir kənara, məsələn, Rövşən Lənkəranski ilə bağlı xəbər oxuyurdular. Amma indi ictimai həyat, mətbuatın özünün problemləri, siyasi proseslər artıq Azərbaycan oxucusunun diqqətini çəkir və bu, ümid işığı yaradır ki, ciddi medianın oxucusu qayıdır. Deyim ki, ölkədəki dəyişikliklərlə yanaşı, ötən illər ərzində “duza getməyən”, çəkisini, özünə və oxucusuna hörmətini saxlayan azsaylı media orqanlarının da bunda əməyi var.

 

– Qeyd etdiyiniz, əvvəllər müşahidə edilməyən bu müsbət dinamikaya, sizcə, daha hansı faktorlar təsir göstərir?

 

– 90- cı illərdə Azərbaycanın ictimai-siyasi həyatı indikindən daha qaynar idi, ictimai sfera daha geniş, vətəndaş cəmiyyəti daha fəal idi. Təbii ki, bu da özünü mediada göstərirdi. Sonra siyasət meydanı daraldı, ictimai sfera da öz qınına çəkildi. Həmin dövrdə sosial şəbəkələr yox idi. Belədə oxucu məcbur idi ki, başını kriminal, şou-biznes xəbərləri ilə qatsın. Yavaş-yavaş buna alışdı. Yəni, o dövrdə də, indiki mərhələdə də medianın vəziyyəti ictimai-siyasi aktivliklə səsləşir. Etiraf edək ki, son bir ildə ölkədə həm ictimai həyatda, həm hökumət strukturlarının fəaliyyətində müəyyən canlanma var. Bu, mediadan yan keçə bilməz. Hətta əvvəllər hər hansı məmur haqqında redaksiyada pıçıltı ilə danışan media vasitələri bu gün səslərini çıxardırlar, nəsə yazmağa çalışırlar. Sanki deyirlər ki, “Biz də belə olmasını istəmirdik, nə edək, oldu, daha sözümüzü deyəcəyik”. Sanki həyat özü onları başına toplayıb deyir ki, “Gözünüzü açın, gəlin, görək, nə baş verir?!” Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması da bu proseslərə əhəmiyyətli təkan verdi.

 

– Siz azərbaycandilli və rusdilli iki “qardaş” xəbər saytından birinin – “Ayna”nın redaktorusunuz. Təbii, “Zerkalo”nu da daim izləyirsiniz. Azərbaycandilli və rusdilli auditoriyanı necə müqayisə edərdiniz? Xüsusən, keyfiyyət və maraq dairəsi baxımından.

 

– Daha aydın olması üçün misallar çəkəcəm. Azərbaycandilli oxucu bu gün Livanda baş verən hadisələrlə o dərəcədə maraqlanmır. Kolumbiyada baş verənlər onun maraq dairəsinin uzaq küncündədir və s. Amma rusdilli oxucu üçün Livan hadisələrı prioritet mövzular sırasında gəlir. MDB məkanının istənilən ölkəsində olaylar onun üçün maraqlıdır, o bunu oxuyur. Rusdilli oxucu daha çox geopolitik materiallara, siyasi-iqtisadi təhlillərə üstünlük verir. Azərbaycan oxucusunu isə ölkə daxilində baş verən proseslər maraqlandırır. Başqa bir misal. Saytda iki xəbər yerləşdirək: biri – “İcra başçısı işdən çıxarıldı”, digəri – “Yəmənin naziri öldürüldü” başlığı altında. Miqyas baxımından ikinci xəbər daha böyükdür, amma rusdilli auditoriyadan fərqli olaraq, azərbaycandilli oxucular birinciyə üstünlük verəcəklər. Mən bunları sosial şəbəkələrdəki müzakirələrə, saytdakı materiallarımızın paylaşımlarına, onlara verilən rəylərə istinadən deyirəm. Amma maraqlı bir cəhət var: söhbət Türkiyədən və İrandan gedəndə, rusdilli və azərbaycandilli auditoriyalar arasındakı bu fərq aradan qalxır, hətta əksinə dəyişir. Faktiki olaraq, Türkiyə və İranla bağlı xəbərlərə Azərbaycan oxucusunun marağı öz ölkəsi barədə materiallara marağından çox da geri qalmır.

 

-Sosial şəbəkələrdən söz açdınız. Dedikləriniz onlar üçün də xarakterikdirmi? Ümumiyyətlə, sosial şəbəkələrlə kütləvi informasiya vasitələri arasında bu baxımdan hansı fərqləri görürsünüz? Mən mövzu, maraq və keyfiyyəti nəzərdə tuturam.

 

– Bu gün Azərbaycan insanı sosial şəbəkəyə yanaşmada bir neçə qrupa bölünür. Birinci qrup – xəbər qaynağı kimi baxanlar, gündəlik baş verənlərdən agah olmaq üçün oradadırlar. İkinci qrupu, bir növ, özünüifadə və özünü reklam etmək istəyənlər təşkil edirlər ki, orada öz fikirlərini, mövqelərini və ya şəkillərini paylaşsınlar. Biz özümüzü üçüncü qrupa aid edə bilərik. Bunlar sosial şəbəkə ilə mətbuatı əlaqələndirənlərdir. Məsələn, mən özüm sosial şəbəkəyə daha çox mövzu qaynağı kimi baxıram. Orada bir maraqlı fakt, ağıllı fikir görəndə, həmin fikri genişləndiririk, dərinləşdiririk və ondan mövzu çıxardırıq. Nəticədə yaxşı məhsul ərsəyə gəlir. Biz sosial şəbəkədə sorğular keçiririk. Beləliklə, bütün günü sərf edəcəyimiz işi bir neçə saata görürük. Digər tərəfdən, sosial şəbəkəyə mətbuat vasitəsi ilə çıxmaq xəbər qaynaqlarının özləri üçün də sərfəlidir, bu, xeyli əlavə oxucu gətirir. Məsələn, bir adamın fikrini status şəklində sosial şəbəkədə gördükdə, ona o qədər də böyük maraq göstərməyə bilərlər. Amma eyni fikri biz həmin şəxsdən açıqlama alaraq sayta yerləşdirsək, oradan sosial şəbəklərdə paylaşsaq, bu daha ciddi effect verəcək.  Çünki oxucu fikirləşir ki, bu, yalan, əhəmiyyətsiz fikir olsaydı, hər halda media onu işıqlandırmazdı. Demək istəyirəm ki, artıq sosial şəbəkini mətbuatdan, mətbuatı da sosial şəbəkədən kənarda görmək mükün deyil. Onlar bir-birlərinə möhtacdır. Bu baxımdan hesab edirəm ki, mətbuat uğur qazanmaq üçün mütləq sosial şəbəkəylə sıx əlaqəli işləməyi bacarmalıdır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top